

Deyir ki:- “Məni nədə ittiham edə bilərlər?! Rüşvət almıram, rüşvət vermirəm, istedadsız deyiləm. Bu söhbətləri kənara qoymaq lazımdır. Məni nədəsə ittiham edib Bəstəkarlar İttifaqını parçalamaq lazım deyil. Əlbəttə, savaşmaqla nəsə əldə etmək olmaz, bir araya gəlmək lazımdır. Dava, mübahisə lazımsız və boş işlərdir. Hərdən gənc bəstəkarlar yanıma gəlir, görürəm həvəssiz, pessimist ab-havadadırlar. Onlar da burada gedən davaları görür, ruhdan düşürlər. Yenə də mən çalışıram onlara təskinlik verim...”
Həmişə çalışır ki, icra etdiyi Bəstəkarlar İttifaqının sədiri vəzifəsi yaradıcılığına əngəl olmasın. Təbii ki, ittifaqda işləməsəydi, daha çox əsərlər yazardı. Axı, vəzifə öhdəlikləri yaradıcı adamların vaxtını çox aparır. Amma bu da bir həqiqətdir ki, Üzeyir Hacıbəyov, Qara Qarayev rəhbər vəzifədə çalışmaqla gözəl əsərlər də yaradıblar. Onlar vəzifə ilə yanaşı, qalan vaxtlarını bizim musiqi mədəniyyətimizə sərf ediblər...
Əsərləri az deyil, 90-dan çox əsərin müəllifidir. Təəssüf ki, onların cəmi 15 faizi Azərbaycanda ifa olunur. Məsələnin maraqlı tərəfi də odur ki, musiqişünaslar onun o biri əsərləri ilə maraqlanmağı unudurlar. Çoxdandır ki, nə bir filmə, nə bir tamaşaya musiqi bəstələmək üçün ona mürciət etmirlər. Qəribə hadisələrlə çox üzləşib. Məsələn, London Simfonik Orkestrindən təklif alanda və əsərinin adının "NİZAMİ Cosmology" olduğunu bildirəndə uzun mübahisə yaranıb. İsrarla ona sübut etməyə çalışıblar ki, Nizami azərbaycanlı deyil və nədən fars şairi Nizaminin şərəfinə əsər yazıb. Bu mübahisə onu xeyli əsəbləşdirib. Sonra Bakıda Nizami Forumu keçiriləndə, istəyib ki, bu məsələyə də vaxt ayrılsın. Nizami haqqında diskussiya apardıqda isə, o Qara Qarayevin "7 gözəl" baleti və Fikrət Əmirovun "Nizami" simfoniyası haqqında söz açıb...
“Mənim hər il iki-üç premyeram olur. Bakıda yox ha, xaricdə. Yorğunluğumun səbəbi səfərlərimin çoxluğudur. Bu yaxınlarda mənə dedilər ki, Avstraliyada “Üç sulu boya” əsərinizi ifa ediblər, özü də Azərbaycan dilində. Mən onu iki dildə yazmışdım, rus və Azərbaycan. İndi bilirsiniz də rus dilindən çoxları imtina edir. Orası da var ki, mən onu 80-ci ildə yazmışam.”- söyləyir.
Bəli, haqqında söhbət açdığım Firəngiz Əlizadə müasir Azərbaycan musiqi mədəniyyətinin dünya miqyasında ən çox tanınan simalarındandır. Onun əsərləri xarici ölkələrin böyük konsert və teatr səhnələrində, beynəlxalq festivallarda ifaçılar tərəfindən tez-tez səsləndirilir. Musiqiləri milyonlarla xarici dinləyici tərəfindən böyük rəğbətlə qarşılanaraq beynəlxalq arenalarda şöhrət qazanıb...
Deyir ki:- “Mən beş dil bilirəm və heç bir dildən də imtina etmirəm. Əgər dünyaya çıxmaq istəyirsənsə, mütləq dil biliyin olmalıdır. Dildən imtina etmək yoxsullaşmaq deməkdir. Almaniyada demək olar hamı ingilis dilini bilir, rahatlıqla yaşaya bilərsən, amma almanla doğma dilində danışanda üzündə təbəssüm yaranır. Təbii ki, hər şeydən əvvəl öz dilini bilməlisən. Necə ola bilər ki, sən öz ata-baba dilində danışmaq istəmədiyin halda, başqa dilləri öyrənirsən. Olmaz!”
Firəngiz Əliağa qızı Əlizadə 1947-ci il mayın 28-də Bakıda anadan olub. İlk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasının nəzdində xüsusi istedadlı uşaqlar üçün orta ixtisas musiqi məktəbində alıb. Daha sonra Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq və fortepiano ixtisasları üzrə təhsilini davam etdirib. Həm Qara Qarayevin sinfində bəstəkarlıq, həm də professor Urfan Xəlilovun sinfində fortepiano ixtisası üzrə konservatoriyanı fərqlənmə diplomu ilə bitirib. 1970-ci ildən indiki Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olmağa başlayıb və 1972–1974-cü illər ərzində Qara Qarayevin assistenti kimi çalışıb. O, 1994-cü ildə dissertasiya müdafiə edərək, sənətşünaslıq elmləri namizədi elmi dərəcəsinə və 1998-ci ildə isə professor elmi adına layiq görülüb. Xidmətlərinə görə bir sıra mükafatlarla yanaşı, Xalq artisti, Əməkdar icəsənət xadimi fəxri adları, o cümlədən, “Şərəf” və “Şöhrət” ordenləri ilə təltif olunub...
“Bəstəkarlar İttifaqının nizamnaməsini Üzeyir Hacıbəyov hazırlayıb, biz də ona uyğun hərəkət edirik. Doğrudur, oraya bəzi əlavələr olunub, amma üzvlüklə bağlı əsas qanunlar olduğu kimi qalır. Üzvlük üçün bəstəkarlıq, yaxud musiqişünaslıq diplomu vacibdir. Diplomsuz mümkün deyil. İkinci məsələ, konservatoriyanı bitirdikdən sonra orkestr üçün müstəqil şəkildə bir-iki simfonik əsər yazılmalıdır. Ona görə də bizim üzvlərimiz çox deyil, cəmi iki yüzə qədər peşəkar və diplomlu üzvümüz var. Yaşı 35-ə qədər olan 10 gəncə də təqaüd veririk...”- söyləyir.
Kübar xanımdır. Yüksək mədəniyyəti ilə seçilir. Zərif təbəssümü, incə davranışı, ciddi görkəmi onu daha möhtəşəm göstərir. Dilə gətirir ki: “Bizdə müəlliflik hüququ ilə bağlı ciddi problemlər var. Dəfələrlə bu işə qarışmaq istəmişəm, deyiblər ki, qarışmayın, bununla bağlı Əqli Mülkiyyət Agentliyi var. Şəxsən mənim “İntizar” operamı bəlkə yüz dəfə “Mədəniyyət” kanalında göstəriblər. Halbuki mən elə onun qonorarına yaşayardım. Operamı icazəsiz göstərəndə nə xəbərim olur, nə bir qəpik verən. Nə də ki, “çox sağ ol” deyən yoxdur...”
Bəli, may ayının 28-i, Müstəqillik Günü xalq artisti Firəngiz Əlizadənin doğum günüdür. Bu dəfə bu zərif xanımın 78 yaşı tamam olur. Ona möhkəm can sağlığı, ağrı-acısız günlər arzulayıram...
Hörmətlə, Elman Eldaroğlu