Akademik Milli Dram Teatrı Çin Milli Dram Teatrı ilə əməkdaşlığa başlayır Mədəniyyət

Akademik Milli Dram Teatrı Çin Milli Dram Teatrı ilə əməkdaşlığa başlayır

Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov Çinə səfəri çərçivəsində Çin Milli Dram Teatrının direktoru Tian Qinxin ilə görüşüb. Görüşdə iki ölkə arasındakı teatr əlaqələrinin gələcək inkişafı ilə bağlı müzakirələr aparılıb. Tian Qinxin Akademik Milli Dram Teatrının müxtəlif ölkələrlə, o cümlədən, Çinin Qansu və Şandun vilayətlərinin teatrları ilə əməkdaşlıq təşəbbüsünü və imzalanan memorandumu yüksək qiymətləndirib.

Bu barədə AZƏRTAC-a Milli Dram Teatrından məlumat verilib.

Görüşdə bildirilib ki, Azərbaycanda Çin teatrına, Çin mədəniyyətinə maraq böyükdür. Gələcəkdə Pekində Azərbaycan teatr tarixini əhatə edən sərginin, eyni zamanda Azərbaycanda Çin teatr tarixi ilə bağlı sərginin açılması məsələsi müzakirə olunub. Akademik Milli Dram Teatrında isə ustad dərslərinin keçirilməsi nəzərdə tutulub. Görüşdə eyni zamanda teatrlar arasındakı səhnə texnikasının mübadiləsi, qarşılıqlı təcrübənin öyrənilməsi, texniki dəstək məsələləri, rejissor və aktyor mübadiləsi prosesi təhlil olunub.

İlham Əsgərov qeyd edib ki, Akademik Milli Dram Teatrı Rusiyanın Aleksandrinski Teatrı, Belarusun Yanka Kupala adına Milli Teatrı, Gürcüstanın Şota Rustaveli adına Milli Teatrı ilə, eləcə də Özbəkistan və Qırğızıstanın milli teatrları ilə memorandum imzalayıb. Teatrlar arasındakı münasibətlər iki xalq arasındakı mədəni əlaqələrin inkişafına gələcəkdə təkan verəcək. Milli ruhun saxlanılması, milli teatr ənənələrinin qorunması, gələcəyə ötürülməsi, dünya teatrlarının çağırışlarına cavab verməsi ilə bağlı hər iki teatrın qarşısına qoyduğu məqsədlər, gələcəklə bağlı planları eynidir.

Əməkdaşlığın sonrakı mərhələsində Çində yazıçı və dramaturq kimi məşhur olan Tian Qinxinin pyeslərindən birinin Akademik Milli Dram Teatrında tamaşaya qoyulması məsələsi müzakirə olunub. Qeyd olunub ki, hazırda Akademik Milli Dram Teatrının sifarişi ilə Çinin məşhur dramaturqu Lyu Şuqanın “Ölünün diriləri ziyarət etməsi” əsəri tərcümə olunub və 2026-cı ilin repertuarına daxil edilib.

Qərara alınıb ki, Akademik Milli Dram Teatrının repertuarında olan tamaşalar Pekin, Şanxay və Çandu şəhərlərinin teatrlarında nümayiş olunsun. Qarşılıqlı qastrol səfərlərinin həyata keçirilməsi ilə bağlı razılıq əldə olunub.

Yekunda 2026-cı ilin iyun ayında Bakıda iki teatrı arasında memorandumun imzalanması qərara alınıb.