Qulam Yəhyanın xatirələri… Mədəniyyət

Qulam Yəhyanın xatirələri…

"Xalq Cəbhəsi" qəzetində aylar öncə Qulam Yəhyanın xatirələrini təqdim etmişdik. Bu saydan növbəti yazıları təqdim edirik.

7-ci yazı
Biz xəstəxanada ay yarımdan bir qədər də çox qalmalı olduq. Hər halda belə tez bir zaman, daha doğrusu, 50 gün içərisində xəstəxanadadan çıxmağımızda xəstəxana işçilərinin səyi ilə bizim ziyarətimizə ardı-arası kəsilmədən gələn yoldaşlarımızın böyük mənəvi köməkləri oldu. Biz xəstəxanada olduğumuz müddətdə və xəstəxanadan çıxandan sonra da saysız-hesabsız məktublarda yoldaşlar onlarla görüşməyimizi arzu etdiklərini bildirirdilər.
Bizim hadisədən yaxında olanlar özləri xəbər tutmuşdularsa, İranın başqa yerlərində olanlar bizim haqqımızda "Rəhbər" ruznaməsinin yazmasından bilirdilər. Ona görə də çoxlu yoldaşlar bizimlə görüşmək fikirndə olduqlarını bildirdilər və belə yoldaşların göndərdikləri məktubların sayı getdikcə artırdı. Biz məktublara cavab verməyə belə vaxt tapmırdıq. Hər halda biz tədricən verdiyimiz vədlərə əməl etməyə başladıq. Təşkilatlara gedir, mitinqlərdə çıxış edib, irticanın əməllərindən, onların cinayət, fitnəkarlıq və bu kimi yaramaz faciələri ilə yanaşı onların zəifliyindən, qorxaqlığından və son anlarında hər cürə qeyri-insani hərəkətlərə al atmağa hazır olduqlarından danışıb, bunun müqabilində təşkilatın möhkəmləndirilməsini tövsiyə edirdik.
Bu hadisə o qədər qəmgin və qəbih hadisə idi ki, hətta İran heyəti hakiməsi bu faciəni törədənləri Təbrizə aparıb, orada bir həftə saxladıqdan sonra Tehrana aparmışdılar. Bu zaman insanlar bu kimi və ya buna oxşar cinayətlərin dünyada yeganə səbəbkarı olan faşizmə qarşı hamı bir ağızdan lənətlər yağdırırdılar. Ona görə də İran dövləti belə bir cinayətin öhdəsindən gələ bilməyəcəyini bilir və müxtəlif çıxış yolları axtarırdı.
Yadavərlik edilməsini lazım bildiyim hadisələrdən biri də 1944-cü ildə Yusif İftixari və Xəlil Məliki tərəfindən Təbrizdə təşkil edilmiş mitinqin gülləbaran edilməsi və 3 nəfərin ölüb, bir neçə nəfərin yaralanması hadisəsinə aid Miyanada etiraz mitinqi təşkil edilməsidir. Biz bu haqda Miyana Şəhrəbani idarəsinə xəbər verdik. O, mənimlə görüşmək istədiyini bildirdiyinə görə onunla görüşdüm. O, mitinqin təşkil edilməsinə razılıq verməməsini bildirdi. Mən ona dedim ki, biz mitinq təşkil edəcəyik və hər hansı naguvar hadisə baş versə, siz cavabdeh olub, məsuliyyət daşıyacaqsız.
Bu söhbətimizdən sonra dövlət məmurları bütün qüvvələrini işə salıb, mitinqin təşkilinə maneçilik törətməyə səy göstərdilər. Onlar bütün küçələrə polis, jandarm və sərbaz düzərək həm əhalini qorxutmaq istəyir, həm də ümumiyyətlə, zorakılıqla mane olmağa çalışırdılar. Dövlət məmurları müqabilində biz də tam ehtiyat və hazırlıqlı şəkildə mitinqə hazırlaşırdıq. Biz dəmiryol istgahından bütün yük maşınlarını almışdıq, həm istgahdaki kargərləri, həm də ətraf kəndlərdən kəndliləri daşıyıb, Miyanaya gətirdik. Əhalinin xeyli hissəsi küçələrdə yol olmadığına görə damlara çıxmışdılar. Bir sözlə, möhkəm hazırlığın nəticəsi özünü göstərdi.
Bu zaman belə şayiə yayıldı ki, kim ilk dəfə mitinqi açıq elan etmək istəsə, onu güllə ilə vuracaqlar. Biz bu xəbəri büroda müzakirə etdik və kimin mitinqi açmasını müəyyən etmək qərarına gəlmək istədikdə bütün büro üzvləri tək-tək çıxışlarında təqazə etdilər ki, mitinqin açılması, daha doğrusu, ilk söhbət ona tapşırılsın. Uzun mübahisədən sonra mən komitənin sədri kimi söhbətlərə yekun vuraraq təklif etdim ki, mitinqi mən açım və əgər mənə qarşı bir hadisə baş verərsə, onda mitinqin gedişinin idarə edilməsini Abbasəli Pənbəyi davam etdirsin. Hər halda yoldaşlar mənim bu təklifimlə razılaşdılar.
Mitinq başlandı və bir qədərdən sonra mitinqə mane olmaq üçün gətirilmiş polis, jandarm və sərbazlar qalmaqlarının "faydasız" olmasını yəqin etdikdən sonra çıxıb getdilər. Yoldaşlarımızın əzmi, iradəsi ittihadı və səyləri nəticəsində irticai qüvvələr geri oturmalı oldular. Mitinq öz qaydasında keçdi. 1945-ci ilin əvvəllərində Təbriz əyaləti komitəsinin qərarı üzrə mənim Miyanadan götürülüb, Təbrizə gəlməyim məsləhət görüldü. Bu xəbər Miyana təşkilatına çatan kimi yoldaşlar mənim Miyanadan getməyimə razılıq vermədilər və əyaləti komitədən xahiş etdilər ki, mənim Təbrizə aparılmağım haqqında qərarda təcdid-nəzər edilsin.
Mən yoldaşlara dedim ki, yuxarı təşkilatın qərarına qarşı çıxmaq və ya onun yerinə yetirilməsinə kömək etməmək təşkilati cəhətdən düz deyil. Mən əvəzində yoldaşlara söz verdim ki, mənim harada işləməyimdən asılı olmayaraq, mən hər yerdə özümü Miyana təşkilatının yetirməsi hesab edib, ona layiq hərəkət etməyə çalışacağam. Ona görə də xahiş edirəm, hamımız əyaləti komitənin qərarina tabe olaq. Yoldaşlar mənimlə razılaşdılar.
Mən əyaləti komitənin sərəncamına gəldim və mənim kargərlər ittihadiyyəsində işləməyimi məsləhət gördülər. Oraya getdim, orada da mənə təşkilat şöbəsində işləməyi məsləhət gördülər. Şöbənin müdiri kimi işə başladım. İttihadiyyənin sədri Biriya idi. Onun iş üslubu, təşkilat tərzilə yaxından tanış olduqdan sonra iş qaydası xoşuma gəlmədiyinə görə orada işləmək istəmədiyimi bildirdim. Ondan sonra Qiyami Zeynalabidinlə əyaləti komitənin şikayət şöbəsində işləməyə başladım. O zaman çoxlu şikayətlər olurdu. Xüsusilə, mülkədarlarla əkinçi kəndlilər arasında çoxlu, özü də çox tez-tez münaqişələr baş verirdi. Bu münaqişələr əksər hallarda toqquşmalarla və hətta silahlı vuruşmalarla nəticələnirdi.
Biz şikayətlərə yetişməkdən başqa hər cümə günü əyaləti komitənin klubunda hizbi yoldaşların müxtəlif mövzulara aid söhbətləri olurdu. Bir dəfə mən orada kəndlilərin inqilabdakı rolundan söhbət edib qurtarandan sonra Haşimi Əbülfəz oraya gəlib, bildirdi ki, Təbrizin yaxınlığında olan Liqvan kənd ərbabı Hacı Etişam hizbin tablosunu götürüb və oraya toplaşan hizb üzvlərini də döyüb.
Yığıncaqda iştirak edən yoldaşlar ehsasata qapılıb, danışdılar və hamılıqla belə qərara gəldilər ki, elə buradaca Liqvana gedək, orada hizbin tablosunu yerinə vuraq, mitinq verək və əgər belə etməsək, onda qalan təşkilatımızda da belə hadisələr təkrar olmağa başlayar. Geniş müzakirələrdən sonra yoldaşlar bu işin təşkilini mənə tapşırdılar. Mən də dedim ki, kim oraya getmək istəyirsə, könüllü surətdə adını yazdırsın və sabah səhər saat 8-də burada hazır olsun. 80 nəfər adını yazdırıb, qərarlaşdığımız vaxt razılaşdığımız yerdə hazır oldular. Biz maşınlara əyləşib Liqvana yola düşdük. Liqvana çatanda yoldaşları üç hissəyə böldük, bir hissə sağdan, bir hissə soldan və bir hissə də ortadan kəndə daxil olmaq qərarına gəldi.
İşdən xəbər tutan Hacı Etişamın göstərişilə bizi gülləyə basdılar və üç yoldaşımıza güllə dəydi. Biz kəndə girib, Hacı Ehtişamı və onun dəsətəsindən 10 nəfəri tutduq və qalanları qaçdılar. Hacı Ehtişami və iki nəfər başqası oradaca güllələndilər. Qalan 7 nəfərini Təbrizə gətirdik. Bu zaman hizbin şüarı "Qana-qan, yumruğa-yumruq" idi. Biz də elə etdik. Bu hadisə o zaman quduzlaşmaqda olan irticanın yerində oturulmasında böyük rol oynadı. Bu zaman ən mürtəce kənd ərbabları içərisində Hacı Etişami özünün yaramaz hərəkətləri ilə ən məhşurlarından idi. Onun oğlu da İran qoşununda sərhəng idi. Bu hadisə qüvvələr nisbəti içərisində həqiqi meyarı bir qədər müəyyən etmiş oldu. Artıq bir çox kənd ərbabları hizbin tablosunu götürmək, hizb üzvlərini qarət etmək, onları öldürmək, namuslarına təcavüz etmək və başqa bu kimi fəcih əməllərdən çəkindilər. Hizbin o dövrdəki şüarının necə yerinə yetirilməsini də irtica əməldə gördü.
Bu hadisələrdən bir neçə ay sonra S.C.Pişəvəri Təbrizə gəlib Azərbaycanda Azərbaycan Demokrat Firqəsini təşkil etmək haqda darısqal bir müşavirə çağırdı. Həmin müşavirədə mən də iştirak edirdim. ADF-nin təşkili barədə Pişəvəri bir qədər söhbət etdi. Belə məsləhət oldu ki, Pişəvəri təşkil verməyə başlasın. Belə bir fırqənin təşkilinə milli burjuaziya və onlara meyl edənlər razılıq verərdilər.
Bəzi söhbətlər və məsləhətləşmələrdən sonra ADF yaradılması barədə 12 şəhrivər (3 sentyabr 1945) 1324-cü ildə elamiyyə verildi. Milli burjuaziya və onlara meyl edənlər belə fikir edirdilər ki, ADF yaranandan sonra o tamamilə HTİ-nin qarşısında qoyulmuş bir təşkilat olacaq. Bu məqsədlə ADF yaranması barədə elamiyyənin altından 100 nəfərə qədər milli burjuaziya nümayəndəsi öz imzasını qoydu. Çox keçmədən aydın oldu ki, ADF heç də HTİ-dən ayrı təşkilat olmayıb, zaman və məkan şəraitinə uyğun yaradilmış və Azərbaycan xalqının mənafeyini müdafiə edən marksist-leninçi partiyadır. Doğrudur, bundan sonra milli burjuaziyanın bir hissəsi imzaladıqları elamiyyənin tələblərini icra etməkdən boyun qaçırdılar.
Beləliklə, ADF yaranıb (12 şəhrivər 1324-cü il) fəaliyyətə başladı. ADF yaranmasından bir ay sonra HTİ-nin əyaləti konfransı çağrıldı və konfransa əyaləti komitənin HTİ-dən ayrılıb, ADF-nə mülhəq olması barədə yekdilliklə qərar qəbul etdi. Bu birləşmə ilə əlaqədar məhəlli təşkilatlarda da lazımi təşkilati iş aparıldıqdan sonra ADF-nin birinci konqresinə hazırlıq işlərinə başlandı. Məhəlli təşkilatlarda birinci konqreyə nümayəndə seçkilərilə əlaqədar konfranslar keçirilməyə başladı. Bir çox məhəlli təşkilatlara ADF tərəfindən nümayəndələr göndərilməyə başladı, o cümlədən mən də Xoy, Salmas və Urmiyəyə getməli oldum. Mən Xoyda konfransı keçirdikdən sonra Salmasa getməli oldum. Yolda maşın xarab olduğuna görə mən yenidən Xoya qayıtmalı oldum. Orada hələ Salmasa gedən maşın tapılana qədər fürsətdən istifadə edib, nahar etmək istəyirdim ki, birdən Çeşmazər və Şahinin səslərini eşitdim, qapıya çıxıb onlarla görüşdüm və nahara dəvət etdim. Onlar mənə dedilər ki, heç ləngimədən Təbrizə getməliyəm. Hətta mənim nahara vaxt sərf etməyimi belə məsləhət görməyib, fovri Təbrizə getməyimi tövsiyə etdilər. Onlar dedilər ki, tapşırıq belədir.
Mən Təbrizə qayıdıb, yoldaşlarla görüşdükdə mənə dedilər ki, onların əldə etdiyi məlumata görə bir neçə nəfəri, o cümlədən məni də terror etmək istəyirlər. Ona görə də mən evə getməməliyəm. Mən yoldaşların məsləhəti ilə şəhər komitəsinə gedib, orada Qiyami və Azərbadiqanla qaldıq, sonra çıxmağımıza icazə verildi.
Bir neçə gündən sonra mənə göstəriş verdilər ki, Sarab, Astara, Ərdəbil və Miyanaya gedim, orada ümumi vəziyyətlə tanış olum. Mən göstərilən məhəllələrə getdim, mənə tapşırılan və mənim özümün tanıdığım yoldaşlarla görüşüb, ümumi vəziyyəti olduğu kimi öyrəndim. Vəziyyətin nə yerdə olması ilə ətraflı tanış olduqdan sonra Təbrizə qayıtdım və Pişəvəriyə məlumat verdim ki, mənim olduğum yerlərdə yoldaşlar ADF-nin hər cür göstərişlərini layiqincə yerinə yetirməyə hazırdılar. Pişəvəri mənim güzarişimi bir qədər də təkmilləşdirmək məqsədilə mənə bir neçə qısa, lakin bir qədər fikirləşmək tələb edən suallar verdikdən sonra, bir qədər cəsarətlə dedi ki, indi işə başlamaq olar. Mən söhbətimizdən, həm də Pişəvərinin işə başlamaq haqakı fikrindən razı qaldığımı bildirib, ADF MK və şəxsən Pişəvəridən təşəkkür etdim...