Səssizliyin ən gur səsi - Çarli Çaplin Mədəniyyət

Səssizliyin ən gur səsi - Çarli Çaplin

Bu gün universal kinematoqrafiya ustası Çarli Çaplinin anadan olmasından 137 il ötür

Dünyada hələ də elə bir aktyor yoxdur ki, Çaplin kimi şöhrətin zirvəsində yarım əsr qalsın. Aktyorlar bir-birini əvəz edir, məşhurluq gəlir-gedir, amma Çarli Çaplin tamaşaçının sevimlisi olaraq qalır.

AZƏRTAC xəbər verir ki, bu gün Amerika və ingilis kino aktyoru, ssenaristi, bəstəkarı və rejissoru, universal kinematoqrafiya ustası, dünya kinosunun ən məşhur obrazlarından birinin - avara obrazının yaradıcısı Çarli Çaplinin anadan olmasından 137 il ötür.

Çaplin doqquz yaşında aktyorluq sənətinə maraq göstərməyə başlayır və 14 yaşında şou-biznesdə öz yerini tapmaq üçün evi tərk edir. Onun ilk filmi 1914-cü ildə tək çəkildiyi “Dolanışıq üçün pul qazanma” filmi idi.

Çaplinin “Venisdə uşaq avtomobil yarışları” adlı ikinci filmindəki həyatdan bezmiş və məsum avara Tramp obrazı aktyora şöhrət gətirir.

Çaplin yöndəmsiz paltarları əyninə geyinməyənədək özü də bilmirdi filmdə hansı obrazı necə oynamalıdır. “Yalnız geyindikdə paltarlar və makiyaj mənə obrazı hiss etməyə, anlamağa kömək edir. Mən obrazla tanış olur və çəkilişlərə başladıqda artıq obraz tamamilə yaranmış olurdu”, - deyə aktyor bildirir.

Çarli Çaplinin nəvəsi Laura Çaplin babası haqqında deyib: “O, bir dahi, mükəmməlik tərəfdarı və böyük şöhrət sahibidir! Babam ən çətin günlərdə dünyanı gülümsətməyi bacarıb. Sülh və xoşbəxtlik bəxş etmək istəyən bir hümanist idi. O, hər kəsin başa düşə biləcəyi bir dildə danışıb...”.

Çarli Ceki Kuqan adlı uşaqla tanış olur. Səkkiz yaşlı, istedadlı uşağın Çaplini eynilə təqlid etməsi tamaşaçılarda böyük gülüşə səbəb olurdu. 1921-ci ildə “Uşaq” filmi Çaplinin ən böyük uğuru olur. Bu, komediya ilə dramı özündə birləşdirən ilk uzunmetrajlı film idi. 1930-cu illərdə səsli filmlərin ekrana çıxması pantomima ilə şöhrət qazanan aktyor üçün dilemmaya çevrilir. Çaplinin “Müasir zaman” adlı film üçün ssenari yazmasına baxmayaraq, o filmə dialoq yazmamağa, əvəzində filmə sadəcə səs effekti əlavə etməyə qərar verir. Çaplinin sevgilisi Paulett Qoddardın iştirakı ilə film uğurlu alınır. Bundan başqa, Paulett Çaplinin nasizmin yüksəlməsinə həsr etdiyi satirik “Böyük Dikdator” filmində də iştirak edir. Amma o zaman onlar arasında münasibət artıq başa çatmışdı, sadəcə dost idilər. Üç il sonra Çaplin özündən 34 yaş kiçik olan 18 yaşlı Oona Onillə evlənir. Onların səkkiz uşağı olur və Çaplin vəfat edənədək birgə yaşayırlar.

Çarli Çaplin 1977-ci ildə Milad bayramı günü vəfat edir. Amma onun ekranlaşdırdığı “Tramp” obrazı hər vaxtın ən gülməli, eyni zamanda, ən qəmgin kloununu əbədiləşdirir…