Yazıçılar Birliyinin XII qurultayı keçirilib Mədəniyyət

Yazıçılar Birliyinin XII qurultayı keçirilib

Şair və yazarlar Anarın namizədliyini dəstəkləyiblər

Dünən Dövlət Dram Teatrında Azərbaycan Yazıçılar Birliyinin XII qurultayı keçirilib. Qurultayı açıq elan edən Yazıçılar Birliyinin sədri Anar bildirib ki, qurultayda iştirak üçün 439 nümayəndə qeydiyyatdan keçib. Qurultayda xarici ölkələrdən nümayəndələr də iştirak edir.
Əvvəlcə dünyasını dəyişən yazıçılar bir dəqiqəlik sükutla yad edilib. Daha sonra isə Azərbaycan dövlətinin himni səsləndirilib.
Birlik sədri bildirib ki, TÜRKSOY təşkilatı AYB-nin qurultayı və 80 illik yubileyi münasibətilə Azərbaycanın bir neçə ədibini - Xalq şairi Vaqif Səmədoğlu, Fikrət Qoca, yazıçı Mövlud Süleymanlı, Çingiz Abdullayev, Elçin Hüseynbəyli, Rəşad Məcid və digərlərini mükafatla təltif edib.
AYB sədri deyib ki, birliyin nizamnaməsinə bir neçə əlavə edilib. Qurultayda həmin əlavələr müzakirəyə çıxarılıb. Anar bildirib ki, qurultayda Azərbaycan Yazıçılar Birliyinə sədr də seçiləcək.
Uzun müddətdir ki, səhhəti ilə bağlı xaricdə müalicə olunan xalq şairi Vaqif Səmədoğlu da özünü yazıçıların qurultayına çatdırıb. Qurultay iştirakçıları Vaqif Səmədoğlunu alqışlarla qarşılayıb. Qəfil gəlişi ilə hamını heyrətləndirən həmkarına AYB sədri belə müraciət edib: "Buyur bu da "Türksoyun" sənə mükafatı..."
V.Səmədoğlu çıxış edərək bəzi məsələlərə aydınlıq gətirib: "Son zamanlar xəstəliyim ucbatından interneti və mətbuatı izləmək imkanım yox idi. Yazıçılar Birliyinin və Anarın əleyhinə yazılar yazılıb. Mən bu gün tək Anara yox, eyni zamanda Yazıçılar Birliyinin binasına, köhnə xatirələrə səs verəcəyəm".
Qeyd edək ki, xərçəng xəstəliyindən əziyyət çəkən şair xeyli vaxtdır ki, mütəmadi olaraq İsraildəki klinikalara gedir.
Qurultayda çıxış edən tanınmış qazax yazıçısı Oljas Süleymenov bildirib ki, tədbiri MDB Yazıçılar Birliyinin yubileyi kimi də qəbul etmək olar. O bildirib ki, 1934-cü ildə Moskvada SSRİ yazıçılarının I qurultayından sonra bütün müttəfiq respublikalarda söz yaradıcılarının ali məclisi baş tutub: "Amma Sovet quruluşu dağılandan sonra MDB məkanında Yazıçılar birliklərinin 80 illiyi bu cür və keçmiş respublikaların nümayəndələrinin iştirakı ilə keçirilməyib".
Gürcüstanın mədəniyyət və abidələrin qorunması naziri Quram Odişariya çıxışı zamanı qeyd edib ki, Azərbaycan Gürcüstan üçün hər zaman nümunə olub: "Gürcüstan həmişə Azərbaycandan qardaşlıq dəstəyi görüb. Biz Azərbaycanın yanında özümüzü hər zaman təhlükəsiz hiss edirik. Azərbaycan hər zaman bizə müxtəlif sahələrdə dəstək olub. Bu, qardaşlıq dəstəyidir. Gürcüstan da Azərbaycana eyni dəstəyi gostərməyə hazırdır."
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə bildirib ki, milli mədəni zənginliyi qorumaq üçün əsərlərin yaradılması mühüm rol oynayır. Hazir ölkədə sənətkarlar üçün mövcud olan yaradıcılıq şəraitini xatırladıb, mövcud problemlərdən, ədiblərin qarşıda duran vəzifələrindən danışıb.
"Bəzən Azərbaycanda gənc yazar kimi təqdim edilən yazıçıların yaşı 50-ni ötmüş olur. Bu gün bir neçə imzanı çıxmaq şərtilə müasir Azərbaycan ədəbiyyatı dünyaya layiq olduğu səviyyədə təqdim edilmir. Eyni zamanda, Azərbaycanın gənc nəsli müasir dünya ədəbiyyatının ən əhəmiyyətli hissəsindən xəbərsiz qalır. Bir sıra hallarda məşhur yazıçıların əsərləri çox bəsit şəkildə tərcümə edilir".
Nazir onu da vurğulayıb ki, ötən illər ərzində bəzi istedadlı gənc ədəbiyyatçılar uğurlara imza atıblar.
Ə.Qarayev onu da qeyd edib ki, bu gün Azərbaycan yazıçılarının uşaq ədəbiyyatına, dramaturgiyaya üz tutmalarını, Azərbaycanın müasir dövrünü əks etdirən əsərlər yazmalarını arzulayır.
Onun sözlərinə görə, Azərbaycanda yaradılan əsərlər düşüncələrin dəyişməsinə təsir göstərir: "Azərbaycan yazıçılarının keçdiyi yol qurultay iştirakçilarına yaxsı məlumdur. Gənc nəslin meydana çıxması xüsusi qeyd olunmalıdır. Yazıçılarımız Qarabağla, qaçqın və məcburi köçkünlərlə bağlı məlumatları obyektiv işiqlandırırlar".
Qurultayda baş nazirin müavini Elçin Əfəndiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə də iştirak ediblər.
Birliyin katibi Çingiz Abdullayev çıxışında yazıçıların əsərlərinin dünyada tanıtdırılmasından danışıb: "Azərbaycan yazıçıları artıq öz əsərlərini internetdə yerləşdirməklə pul qazana bilərlər. Müvafiq təşkilatlar əvvəlcə yalnız Azərbaycan dilində deyil, rus dilində yazılan əsərlərin gəlir əldə edilməsi məqsədilə internetdə yerləşdirilməsinə razılıq versələr də, sonradan iki dildə də buna icazə verilib. Biz çox istərdik ki, bütün dünya yazıçılarımızın əsərlərini Azərbaycan dilində oxusun. Amma təəssüf ki, hər kəs Azərbaycan dilində başa düşmür. Ona görə də kim əsərinin daha çox pul qazanmasını istəyirsə, daha vacib olan əsərlərini ingilis, rus və digər xarici dillərdə yerləşdirsin".
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi, Azərbaycan Respublikası Prezidentinin müşaviri Kamal Abdulla ədəbi nəşrlərlə bağlı danışıb: "Mən çox arzu edərdim ki, bu gün Azərbaycanda ədəbi orqanların redaksiyaları formal şəkildə qalmasın. Ədəbi orqanların fəaliyyəti hazırda da formal şəkildə deyil. Ancaq bu gün onların redaksiya heyətlərinin potensialından istifadə imkanları artırılmalıdır".
K.Abdullanın sözlərinə görə, Azərbaycan Yazıçılar Birliyinin fəaliyyəti nəticəsində nəhayət ki, ədəbiyyat və "ədəbiyyat ətrafı" söhbət bir-birindən ayrılıb: "Çox zaman bu iki istiqamət bir-birinə qaynayıb-qarışırdı. Buna görə də nəyin ağ, nəyin qara olduğunu ayırmaq mümkün olmurdu. Bu gün artıq AYB-nin fəaliyyəti nəticəsində ədəbiyyat və "ədəbiyyat ətrafı" söhbəti bir-birindən ayırırıq".
Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı isə qurultayda çıxışı zamanı gileylərini dilə gətirib: "Bu gün Bakıda "Rus kitab evi" olsa da, "Azərbaycan kitab evi" yoxdur.
Bu gün kitab satışını bazar mühitinin ümidinə qoymaq olmaz, kitablara münasibəti dəyişmək lazımdır. Ölkədə ən azı 4000 kitabxana var. Onların hər birinə 1 yeni çap edilən kitab verilsə, bu, 4000 kitab deməkdir".
Azərbaycanın ən yaxşı 40-50 bədii əsərinin ölkə Prezidentinin sərəncamı ilə yeni yaradılan Tərcümə Mərkəzi tərəfindən dünya dillərinə tərcümə olunmasını təklif edən S.Rüstəmxanlı qeyd edib ki, bu gün "Ədəbiyyat" dərsliklərinin dili bərbad gündədir. O, dərsliklərdə ciddi islahatların aparılmasına ehtiyac olduğunu da bildirib.
Birliyin üzvü, millət vəkili Elmira Axundova qurultayda təklif lə çıxış edib: "Bu gün "525-ci qəzet" Yazıçılar Birliyinin qəzeti olmasa da, ədəbi prosesə çox güclü təsir edib. Amma Yazıçılar Birliyinin öz mətbu orqanları haqqında bunu demək olmaz. Çox cüzi tirajla ədəbi prosesi təsis etmək mümkün deyil. Mən təklif edirəm ki, bu gün Yazıçılar Birliyinin mətbu orqanları vahid bir holdinq ətrafında birləşsin. Onda konkret ədəbiyyat qurmaq mümkün olar".
Şair Ramiz Rövşən çıxışında Anarı müdafiə edib: "Hamımız deyirik ki, Yazıçılar Birliyi olmasın. Özümüzə sual verək. Yazıçılar Birliyinin olmamasının xeyri nədir? Təbii ki, heç nədir. Böyük rus şairi Pasternakın gözəl bir sözü var: "Bir adam ki başqa bir adam haqqında nəsə söyləyirsə, o, özü hansı yuvanın quşu olduğunu göstərir". Anara da söz deyənlərin özləri nə yuvanın quşu olduğunu göstərirlər".
Ramiz Rövşən AYB sədrliyinə Anarın namizədliyini dəstəklədiyini diqqətə çatdırıb.
Qurultayda açıq səsvermə zamanı Anar yekdilliklə növbəti müddətə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib. Onun namizədliyinin əleyhinə səs verən, bitərəf qalan olmayıb.
Qeyd edək ki, Anar 1987-ci ildən Azərbaycan Yazıçılar Birliyinin sədridir. Qurultay həmçinin birliyin digər rəhbərlərini də postunda saxlayıb. Səsvermə zamanı Fikrət Qoca Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Çingiz Abdullayev təşkilat-təsərrüfat məsələləri üzrə katib, Arif Əmrahoğlu yaradıcılıq məsələləri üzrə katib, Rəşad Məcid gənclərlə iş üzrə katib vəzifələrinə seçiliblər. Adıçəkilən şəxslər XII qurultaya qədər də bu postları tuturdular.