“Kitabi-Dədə Qorqud”da türkün yaradılış konsepsiyası Mədəniyyət

“Kitabi-Dədə Qorqud”da türkün yaradılış konsepsiyası

2-ci yazı

"Dirsə xan oğlı Buğac xan boyu"nda oxuyuruq: "Çağırdılar, Dədəm Qorqut gəlür oldı. Oğlanı alıb babasına vardı. Dədəm Qorqut oğlanın babasına soylamış, görəlim, xanım, nə soylamış – aydır:

Hey Dirsə xan, bəglik vergil bu oğlana,
Taxt vergil, ərdəmlidir!
Boynı uzun bədəvi at vergil,
Binər olsun hünərlidir!
Ağayıldan tümən qoyun vergil bu oğlana,
Şişlik olsun, ərdəmlidir!
Qaytabandan qızıl dəvə vergil bu oğlana,
Yüklət olsun hünərlidir!
Altun başlu ban ev vergil bu oğlana,
Kölgə olsun, ərdəmlidir!
Çigin quşlu cübbə don vergil bu oğlana,
Geyər olsun, hünərlidir!

Bayındır xanın ağ meydanında bu oğlan cəng etmişdür. Bir buğa öldürmüş sənin oğlun, adı Buğac olsun! Adını bən verdüm, yaşını Allah versün! – dedi". Burada Dədə Qorqudun adverməsindən sonra o məqama kimi adsız olan Oğuz igidi Buğac adlanır. Buğanı yıxdığına görə Buğac adını alan igidin bundan sonrakı yaşamı – Dədənin öygüsü (inamı) əsasında yaşamına bağlıdır. Doğuluş – var olmaqdır, Oğuz insanının şəxsinin təsdiqidir. Ümumiyyətlə, "Kitabi-Dədə Qorqud"da adalma - doğuluş (yaradılış) mahiyyətlidir.
Yuxarıda Buğacın adalması-doğuluşunu boydan izlədik. Buğac xəyanətlə üzləşib oxlanandan sonra ölüm təhlükəsi ilə üz-üzə qalır. Bu məqamda boyda Xızır Nəbi, Buğacın anası kimi obrazlar xilasedici funksiyasında çıxış edirlər. Buğac Xızır Nəbinin sözünü anasına yetirir, bu yaradan ona ölüm olmadığını bildirir.
"Oğlanın anası əmcəgin bir sıqdı, südi gəlmədi; iki sıqdı, 2 südi gəlmədi; üçüncidə kəndüyə zərb eylədi, qatı doldı, 3 sıqdı südlə qan qarışıq gəldi. Dağ çiçəgiylə südi 4 oğlanın yarasına urdılar". Bu məqamda Buğacın anasının oğlunu ölümdən xilas etməsi onu "ölən" Buğacın dirilmə aktının fəal iştirakçısı edir. Oğuz dünyasında atasının yaxın adamları tərəfindən xain adıyla damğalanan Buğac ölüm hökmünə məhkum edilir. Bu istək gerçəkləşir – Buğac "xəyanətinə" görə cəzalandırılır. Deməli, Oğuzun düzəni pozulur. Buğacla bağlı yaradılan pis təsəvvür (xain obrazı) onun gerçək ölüm təhlükəsindən, durumundan əvvəlki "ölümü"dür. Buğacın ana südü, dağ çiçəyi ilə sağalaraq dirilməsi, Oğuz dünyasının müqəddəsliyini, Dədə Qorqud dünyasında yalanla doğrunu ayırmaq ölçüsünün davamlığını göstərir. Bizcə, buradakı Xızır Nəbi obrazı Dədə Qorqud obrazının əvəzedicisi rolunda çıxış edir.
"Qızıl qoç" nağılında daşa dönmə motivini təhlil edən mifoloq-alim R.Əliyev bu qənaətə gəlir ki, buradakı ölüb-dirilmə ən qədim görüşlərdən sayılır... insanın əvvəlki halına qayıdışı təkzibolunmazdır". Buğacın ölüb-dirilməsi ömrün, taleyin yenilənməsi, şərdən arınması kimi də anlaşıla bilər. Dədə Qorqud dünyasında fərdin günahdan, pislikdən arınması, qəhrəmanın şəxsində onun ilahilik, bənzərsizlik statusunu bərpa etməsi və ya yaratması bütövlükdə Oğuzun dünyasının bərpası demək olur.
F.Bayat isə Dədə Qorqudun adqoymasını belə dəyərləndirir: "Hər şeyə ad qoymaq Qorqudu demiurq – Tanrı oğlu səviyyəsinə qaldırır. Əslində hər şeyi bilən, müdrik, kultun aparıcısı Qorqud Ata funksiyası və daşıdığı missiya baxımından Tanrı oğludur. Qorqudun Tanrı oğlu olması şaman dualarında açıq şəkildədirsə, əfsanə və KDQ boylarında işarə xarakterlidir".
Burada doğuluş-yaradılış aktının Oğuzun düzənini qoruyan kutsal (müqəddəs) bir prosesə, təsdiqə xidmət etdiyini görürük. "Kitabi-Dədə Qorqud"dakı yaradılış aktı ümumiyyətlə, Oğuzun həyatının hər bir sahəsində gerçəkləşən münasibətlərin, davranışların ilahilik səviyyəsində təsdiqidir. İnsani münasibətlərin əsilliyi – insanların bir-birinə tərəddüdsüz inamıyla, bir-birinin yolunda ölümə getmək fədakarlığıyla, ailə müqəddəsliyinin qorunması inadıyla, sevginin yaradılış səviyyəsində dərkiylə şərtlənir. Oğuzun - Dədə Qorqudun dünyasında hər şey yaradılışa (doğuluşa) – yəni yenidən doğulmaya, pisliklərdən arınmaya, insanlığa xidmət və onu təsdiq edir. Pis duyğulara, insansızlığa bu dünyada yer yoxdur.
Buradan mahiyyətcə dastan təfəkküründə Oğuzun (Oğuzun şəxsində Dədə Qorqudun) qoruyuculuq funksiyası üzə çıxır. Dədə Qorqudun dünyasında insanın ilahiliyi – yaradıcılıq xislətinin bənzərsizliyi, əsilliyin adi qeyri-adilik səviyyəsində yaşanması insani münasibətlərin Oğuz düzənini yaradır. Bu münasibətlərin pozulması ölüm prosesini şərtləndirir, qaçılmaz edir. Oğuzun düzəninin pozulması isə Dədə Qorqudun dünya düzəninin pozulması deməkdir. Dədə Qorqud düzənin pozulmasından narahat olur. Bu prosesdə bəlli obrazların ölümdən qurtulması – münasibətlərin qurulması, düzənin bərpası, şərin xeyir üzərində qələbəsi kimi anlaşıla bilər.
Prof. Ə.Tanrıverdi yazır: "Kitabı oxumayan hər hansı bir normal məntiq sahibindən "Adını bən verdüm, yaşını allah versün" cümləsinin Dədə Qorqud, Qazan xan, Qaraca Çoban, Yalançı oğlu Yalancıq, Burla xatun və Qısırca yengə surətlərindən hansına aid olduğu soruşularsa, o, həmin andaca "dədə" sözünün semantik yükünə görə məhz Dədə Qorqudun adını çəkəcək". Buradan belə bir əminlik yaranır ki, "Kitabi-Dədə Qorqud" dastanında hadisələrin başlanğıc yaradıcı statusu ilahiliklə yanaşı yaradıcı insanla (Dədə Qorqudla) bağlıdır. Dədə Qorqud türk düşüncəsinin yaradılış funksiyasını təmsil və icra edir, yönləndirir.
S.Rzasoy Oğuz mifində qam-ata paradiqmasının semantik baxımdan dolu örnəyi Ata//Dədə Qorqud olduğu qənaətindədir. Onun fikrincə, Oğuz mifologiyasında Qorqud Ata ölməni və doğularaq dirilməni adla təsbit edir. Qorqut Atanın advermə funksiyası bütün hallarda doğuluşla bağlıdır. Bir şey doğulmasa, Dədə Qorqud ona ad verə bilməz. Bir şeyin ad alması üçün onun hökmən doğulması lazımdır. Yeni olan hər bir element oğuz kosmosuna yalnız doğularaq daxil ola bilər. Demək, advermə öz funksional semantikasına görə – yenidən doğulmadır. Qorqut Ata hər dəfə oğuz kosmosuna doğuluşla daxil olan yeni elementi, o cümlədən yeni boyu adlandırır. Qorqut Atanın bu funksiyası oğuz ritual-mifoloji dünya modelinin bütün struktur səviyyələrini əhatə edir. O, təkcə statusartırma ritualından keçən subyekti yox, oğuz kosmosunun bütün ünsürlərini adlandırır: yeni doğulan bəy-igidə ad verdiyi kimi, yeni doğulan oğuz boyuna – "oğuznaməyə" ad verir. Dədə Qorqud hər boyun sonunda gəlib boy boylayır, soy soylayır və "bu oğuznamə filan bəyin olsun" deyir. Demək, bir boy doğulmayınca "Oğuz(namə)" adını ala bilmədiyi kimi, Dədə Qorqud da ona ad verməyincə, həmin boy//oğuznamə oğuz kosmosunda özünə yer tuta bilməzdi".
Maraqlı, orijinal qənaətdir. Yəni Qorqudun Dədəlik, Atalıq funksiyası birbaşa olaraq onun yaradıcı statusunun təsdiqi deməkdir. Bu yaradıcılıq qüdrətinin sınırsızlığını dastan boyunca müşahidə edirik.
"Kitabi-Dədə Qorqud"dakı ilahi mənalandırma (obrazların doğuluşu-yaradılışı, təsvir bənzərsizliyi, Oğuz insanının məişətinin, yaşamının (həyatının) ifadəsi olması, düşmənə (şərə) nifrət, xeyirə təşnəlik və s.) mahiyyətcə yaradılış mifologeminin canlı, yaşarı təsdiqidir. Dastanın bütün gedişi boyunca demək olar, hər məqam, hər hadisə yaradılışın yeni-yeni çalarlarını gözümüzün önündə canlandırır.
Burada Oğuz-Türk insanının onu əhatə edən yaşamında hər şeyə Dədə Qorqudun yaratdığı münasibətlər ölçüsündən baxması dünyasını davamlı yaradılışlı edir. Oğuz insanının türk xislətindən gələn biryolluq (arxadan vurmamaq – üz-üzə vuruşmaq, insana, əsilliyə inamda qırılmamaq, xəyanəti bağışlamamaq - bağışlaya bilməmək, ailə müqəddəsliyini uca saymaq, qədim türk adəti olan halallıq) xarakteri onun sifətidir.
S.Rzasoy dastanı ictimai yaşamın, çağının, Oğuz dünyasının qədim, bənzərsiz epoxal sistemi kimi nəzərdən keçirməklə yanaşı, həm də ona bütöv bir Oğuznamə ünvanı olaraq baxır: "Dədə Qorqud advermə mərasiminin – yeni statusda doğulan subyektin varlığını adla təsbit etmə ritualının başçısı kimi hər yeni boyun doğuluşunda iştirak edir. "Boy boylama" – boyun doğulması ritualıdır. Dilmizdəki "boylanmaq" sözü öz boyundan dikəlmək, öz boyundan yuxarı qalxmaq, çıxmaq mənasındadır. KDQ-də vahid "Oğuz kağan" boyu 12 dəfə ölüb-dirilir. Bu, onun 12 dəfə doğulması deməkdir. Burada "boy" Oğuz kağanın bədəni, sakral strukturunu bildirir".
Dastandan adı ayrıca şəkildə keçən Baybörənin oğlu Bamsı Beyrək oğuz qəhrəmanlarından, Baybura bəyin oğlu, Salur Qazanın inaqıdır. Dədə Qorqudun ona ad verməsinin səbəbi budur: Bamsı ləqəbi daşıyan igid qəhrəmanlıq göstərdiyinə görə Dədə Qorquddan Beyrək adı alır. Dastandan oxuyuruq:
Ünüm anla, sözüm dinlə, Baybörə bəg!
Allah Taala sana bir oğul vermiş, tuta versün!
Ağır sancaq götürəndə müsəlmanlar arxası olsun!
Qarşu yatan qara qarlu dağlardan aşar olsa,
Allah Taala sənin oğluna aşut versün!
Qanlu-qanlu sulardan keçər olsa, keçit versün!
Qalabalıq kafirə girəndə
Allah Taala sənin oğluna fürsət versün!
Sən oğlunı "Bamsam" deyü oxşarsan;
Bunun adı Boz ayğırlıq Bamsı Beyrək olsun!
Adını bən verdim, yaşını Allah versün! – dedi.
"Qam Börənin oğlı Bamsı Beyrək boyu"nda haqqında danışılan Oğuz bəylərindən olan Baybican bəyin qızı Bamsı Beyrəyin beşikkərtməsi, həyat yoldaşıdır. Dastandan oxuyuruq: "Qam Ğan oğlı xan Bayındır xanın məclisində Baybican bəg dəxi yerindən urudurdı, aydır: "Bəglər, mənim dəxi haqqıma bir dua eylən. Allah Taala mana da bir qız verə", – dedi. Qalın Oğuz bəgləri əl qaldırdılar, dua eylədilər: "Allah Taala sana da bir qız verə", – dedilər. Oğuz bəylərinin "alqışı alqış, qarğışı qarğış" olduğundan Qam Börənin oğlı Bamsı Beyrək, Baybörə bəyin oğlu Baybican bəyin qızı Banıçiçək doğulur. El arasında deyildiyi kimi, bunların "torpağı bir yerdən götürülüb". Oğuz bəylərinin dilək, istək birliyi, sevənlərin xarakter eyniliyi-birliyi, əsilliyə sədaqət, soyun (nəslin) başçısına sayğı, sevgi əsasında qurulan ailəçilik Beyrəklə Banıçiçəyin yaradılış aktının özülündə durur.
Maraqlıdır ki, Oğuz dünyasında qızlara doğulan kimi ad verilir. Ancaq oğlan yetkinlik yaşına çatdıqda mütləq hünər göstərməli, Dədə Qorqud ona ad qoymalıdır. Bundan sonra adlanan (əslində adıyla doğulan-yaradılan) şəxs ömrünü bu kökdə yaşamağa borcludur. Əslində dastan düşüncəsində kişi başlanğıcı əsasdır. Əgər kişi ruhən güclüdürsə, deməli, o, özü də yaradıcıdır – ailəsinin, elinin, Oğuz adlı dünyasının. "Kitabi – Dədə Qorqud"un yaradılış məntiqindən çıxan sonuc (nəticə) budur.

Elçin Qaliboğlu
filologiya üzrə fəlsəfə doktoru