“Dirsə xan oğlu Buğac boyu”nun el variantı Mədəniyyət

“Dirsə xan oğlu Buğac boyu”nun el variantı

1960-cı illərdə xalq ədəbiyyatı materiallarını topladığım zaman Muğuz yaylasındakı abidələri, eləcə də Tovuzdakı oğuz yer adlarını Dədə Qorqud boylarındakı yer adları ilə eyniliyini qeyd edir və ağsaqqalların fikirlərini öyrənirdim. Onlardan belə bir söhbət eşitdim ki, Dədə Qorqudun qəbri Tovuzdadır. Belə ki, Dədə Qorqud boylarının qəhrəmanlarının bəziləri, eləcə də bir çox yer-yurd adları, abidələr və qalaların izləri indi də yaşanır. Belə oğuz məntəqələrindən biri əlbəttə, Tovuz bölgəsi olub.
Məhz buna görə də Tovuzdakı Aldədə məqbərəsinin Ulu Dədə Qorqudun adı ilə bağlı olması daha çox inandırıcı görünür.
Bir də ki, Z.Xasıyevin kitabda verdiyi mif Alban dövlətinin mərkəzi Qəbələdə baş verir. Burada Tovuz bölgəsinin heç adı xatırlanmır. Axı Dədə Qorqudun Dəmir qapıda da qəbri olub. Etiraf edək ki, Tovuz, Ağstafa və Qazaxla bağlı toponimlər daha çox Dədə Qorqud dastanlarında yaşanır. Elə Tovuz və Ağstafa adları da oğuz sözünün variantlarıdır.
O da bəllidir ki, Aldədə "ulu dədə", "böyük dədə" anlamındadır. Tarixdə hər kəs bu titulu daşıya bilməyib, bu yalnız yazı ədəbiyyatında dahi Füzuliyə, aşıq ədəbiyyatında Xəstə Qasıma nəsib olub. Bu da bəllidir ki, dahi şəxsiyyətlər zaman keçdikcə əfsanələşir, əfsanələşdikcə də haqqında əfsanələr çoxalır, çeşid-çeşid qəbirləri də yaranır. Dədə Qorqud da, Yunis Əmrə də, Koroğlu da belə dühalardan olmuşlar.
Deməli, Tovuzdakı Aldədə məqbərəsi də Ulu Qorquda aid abidələrdən biridir. Hər halda Aldədə məqbərəsinin Ulu Dədə Qorqudun adı ilə bağlılığı daha inandırıcı görünür.
Murğuz dağının həm sinəsində, həm də sağ-sol döşlərində ucalıb dağılmış qalalar, istehkamlar, qəbirstanlıqlar, dağılmış qəsəbə və kəndlərin kalafaları saysızdır. Hətta bəzi kalafaların divar daşları da yaxınlara qədər dururdu.
Əmirxeyir kəndində xırman boyda bir daşın altı xəzinə idi. Nə zamansa kənd camaatı qaçarkən çürüməyən şeyləri dərin bir quyuya töküb üstünə xırman boyda yastı bir daş qoyub, götürə biləcəklərini ulağa yükləyib Arana üz tutmuşlar. Yüzillər keçmiş kəndin adamları o daşın altına toxunmurdular ki, "Sahibinə qismət olmayan bizə də qismət olmaz". Bu xəzinənin də öz tarixçəsi vardı.
Əmirxeyir kəndinin yuxarısında Dib deyilən dağ ətəyi bir düzənlik vardı. Düzənliyin yuxarı döşə yaxın hissəsində yer altına bir yol açılırdı. Kəndin uşaqları lopa götürüb oraya girir, içərisində gəzirdilər... Qaraqoyunlu dərəsinin harasına baxırsan, müxtəlif tikililərin qalıqları maddi abidələrdir. Zamanında öyrənilmədi, quldurlara qaldı.
Bu bölgələr qədim Gəncə və ətraf vilayətlərin torpaqları idi. 1139-cu ildə baş verən dəhşətli zəlzələ Gəncəni və onun ətrafındakı bölgələri dağıdıb məhv elədi. Tarixi mənbələrə görə təkcə Gəncənin özündə 300 mindən çox insan torpağın altında qalıb. Gəncə zəlzələsi təkcə Gəncəni yox, ətraf mahalları, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Dilican və Qaraqoyunlu dərələrini tamam dağıdıb məhv edib.
"Buğacın nağılı"nı 1968-ci ildə Bakı Dövlət Universitetində oxuyan tələbəm Zeynəb Babayeva 83 yaşlı nənəsi Anaxanım Talıbovanın dilindən yazıya almışdı. Zeynəbin dediyinə görə, nənəsi Dədə Qorquddan 30-a yaxın nağıl bilirmiş, bəzilərini unudub. Əslən Əhmədli kəndindən olan Anaxanım təzə tanış olduğumuz illərdə vəfat etdi. Yalnız "Buğacın nağılı" el variantını əldə edə bildik. Elə bu nağıl da göstərir ki, Dədə Qorqud boyları uzun illər ağızlarda yaşayıb. Bu nağılın diqqəti çəkən cəhəti odur ki, burada Dirsə xanın övladı olmamasının səbəbi aydın olur: "Keçmiş əyyamda oğuzdarın Bayandır adında bir xanı vardı. Ona Uluxan deyərdilər. Bütün xeyir-şər iş onun əliynən görülərdi. O, hər il təzə il başlıyanda şənnih keçirər, vilayətdə bayram qurardı. O ili də Bayandır xan Oğuz bəylərini qonax çağırdı. Vilayətdərin bəyləri dəsdə-dəsdə axışıb təzə il bayramına gəldilər. Bayandır xanı təbrik etdilər, sovqatdar verdilər, sonra keçib hərə özüyçün ayrılan çadırda əyləşdi. Vilayətin birinnən Dirsə xan gəlmişdi. O, Bayandır xannan görüşdü, hal-əhval tudu, sonra onu ayrılmış çadıra apardılar. Amma Dirsə xana ayrılmış çadır o birilərinə bənzəmirdi. Bu, qara çadır idi, içi də qara döşəmmişdi. Dirsə xan çadırın çölünə baxdı, içinə baxdı, bunu pis əlamət bilib soruşdu:
- Nə günahın sahibiyik ki, bizi qara çadıra gətirdiniz?
Dedilər:
- Bayandır xan buyurdu ki, oğlu olanı ağ çadırda, qızı olanı qırmızı çadırda, oğul-uşağı olmuyanı isə qara çadırda yerrəşdirin. Qabağına da qara qoyun ətinnən qara qourma qoyun. Əgər Tanrı ona qarğıyıbsa, biz neyniyək?
Bunnan təsirlənən Dirsə xan kor-peşman öz xannığına qayıtdı. Dirsə xanın belə tezdihnən qayıtdığını görən arvadı soruşdu:
- Dirsə xan, niyə belə tez qayıtdın, nə bəla baş verdi? Səni heş belə görməmişdim.
Dirsə xan dedi:
- Bayandır xan üş cür çadır bəzətmişdi. Oğlu olanı ağ otağa, qızı olanı qırmızı otağa əyləşdirdi. Övladı olmuyanı qara çadıra ötürdü, altına qara döşətdirdi, qara qoyun ətinnən qara qourma verdilər. Hələ dedi ki, ona Tanrı qarğıyıb, biz neyniyək? De görüm, arvad, günah səndədi, ya məndə? Düzünü deməsən, səni də öldürrəm, özümü də.
Arvadı dedi:
- Dirsə xan! Bu nə sənin günahındı, nə də ki mənim, Tanrının işidi. Sən də bir məclis qur, varınnan, dövlətinnən yoxsullara pay ver, əlsizdərə əl tut, ac qarınnarı doydur. Allah bizi eşidər, bəxdimiz açılar.
Dirsə xanın könlü açıldı. Böyük bir məclis qurdurdu. Neçə sürüsünü şülə elədi, ac qarınnar doydurdu, kasıplara əl tutdu.
Günnərin birində Dirsə xanın qapısına yaşdı ağsaqqal kişi gəldi. Dirsə xan onu hörmətnən qarşıladı, qonağ elədi. Qoca dedi:
- Dirsə xan, sənin övladsızlığının günahkarı bax o uzaxda görünən dağın o üzündədi. Orada yaşı çoxdan ötmüş qoca yaşayır. O qoca bir zaman sənin atana bağban olub. Atan onu qarğıyıb qovdu. O vaxtan həmişə qoca o dağın arxasına çəkilib özünə bir koma tikib, orada tənha yaşayır. Atan qocanı qovanda sən uşaxdın, sənə qarğış etdi ki, sonsuz qalasan. Oğul, get o qocanı tap, ona yalvar, könlünü al, bunnan sora Tanrı onun diləyini eşidəcək, övladın olacax.
Dirsə xan qocanın nişan verdiyi yerə gəldi. Qoca bağbanın komasını tapdı, dərdini ona danışdı. Bayandır xan onu qara çadırda əyləşdirdiyini də söylədi. Nurani qocadan üzr istədi, yalvardı ki, Tanrıya dua eləsin, övladsızdıx onu üzür.
Qoca bağban dedi:
- Bəli, oğlum, atana neçə illər qulluğ elədim, axırda məni qovdu. O zamannan insannardan küsüb tənhalığa çəkilmişəm. İndi ki gəlibsən, səni bağışdıyıram, Tanrıya dua edərəm, oğul-uşax sahibi olasan, oğlun olanda adını da özüm qoyaram.
Günnər, aylar keşdi, vaxt tamamında Dirsə xanın qadını oğul dünyaya gətirdi. Xannıx toy-bayram elədi. Dirsə xan varının yarısını yoxsullara payladı, qırx gün qonaxlıx verdi, şaddıx keçirdi.
Oğuz nəslinin bir adəti vardı, uşax doğulanda ona ad qoymazdılar. Uşax gərəy özü hünər gösdərib ad qazaneydi.
Bir yaz Bayandır xan yenə məclis qurdurdu, bəyləri dəvət etdi, hər tərəf bəzəndi, meydan sulandı, at çapdılar, meydana buğa buraxdılar. Meydanda oynuyan uşaxlar buğanı görüb hərəsi bir yana qaşdılar, amma Dirsə xanın oğlu qaşmadı, buğanın üsdünə gəldi, yumruğuynan buğanın qaşınnan itəliyib birdən buraxdı, buğa yanı üstə gəldi. İki buynuzunnan tutub yanı üsdə yıxdı, kəmərinə sancılmış xəncəri çıxarıb başını kəsdi. Hamı uşağın məharətinə heyran oldu. Bayandır xan söylədi, uşağın atası gəlsin, ona ad versin. Əsl igitdi, Tanrı ona yar olsun.
Dirsə xan haman dağın arxasına getdi. Qoca bağbanı adqoyma mərasiminə çağırdı.
Bağban dedi:
- İndi ki oğlun buğanı yıxıb, onun adını Buğac qoydum. Adını mən verdim, yaşını Tanrı versin. Oğuzun tanınan, sayılan igidi olsun...
Günnər, aylar keşdihcə Buğacın adı-sanı da xannığa yayıldı, hamı onun hünərinnən danışdı. Amma Dirsə xanın nayiblərinin bu igidə paxıllığı tutdu. Dirsə xanı yoldan çıxarıb öyrətdilər ki, oğlun səni öldürüb xannıx taxdına sahib olmağ isdiyir.
Bir gün Dirsə xan oğlu Buğac və qırx igidnən ova çıxdı. Hiylə toruna düşən Dirsə xan oxnan oğlunu vurdu. Buğacın anası oğlunun ilk ovu olduğunnan həmin gün qonaxlıx düzəltmişdi. Bütün saray əhli ovdan qayıdannarın pişvazına çıxdı. Amma ana nə qədər axdardısa, Buğacı görmədi. O, Dirsə xannan soruşdu:
- Bəs mənim Buğacım hanı?
Dirsə xan başını aşağı saldı, dimmədi. Ana bir də xəbər aldı. Bu dəfə qırx igitdən biri dedi:
- Xanım, narahat olma. Buğac ovdadı, bu tezdihnən qayıtmaq istəmədi. Allah qoysa, qayıdar.
Amma ananın ürəyi sakit olmadı. O, qırx incəbel qıznan atdanıb oğlunu axtarmağa getdi. Onlar bir dərədə qarğa-quzğun uşduğunu görüb haman yerə gəldilər. Ana Buğacını al-qan içində görüb huşunu itirdi. Özünə gələndən sonra onun ölmədiyini görüb bir az toxdadı. Oğlunu səslədi. Buğac səsə ayıldı. Gördü ki, anası ağlıyır. Dedi:
- Ana, ağlama, mənə ölüm yoxdu. Ölüm ayağında olanda Xızır İlyas gəldi ki, ana südüynən dağ çiçəyi yarana dərmandı.
Qırx qız dağa yayıldı. Çiçəh yığdılar. Ana çiçəhləri əzdi, südüynən qarışdırıb məlhəm düzəltdi. Yarıya qoyub sarıdı. Onlar qırx gün dağda qaldılar. Buğac yavaş-yavaş sağalırdı. İndi sizə kimnən danışım, Dirsə xan və qırx igiddən.
Dirsə xan elə bildi ki, Buğac öldü. O peşman olmuşdu. Oğluna əl qaldırdığına görə özünü lənətdiyirdi. İşin üsdünün açılacağınnan qorxuya düşən xayinlər qaşmaq qərarına gəldilər. Dirsə xanın əl-ayağını bağlıyıb ölüncüyə qədər döydülər, mal-dövlətini talan edib, özünü də dusdaq apardılar. Buğac sağaldı, onlar geri qayıtdılar. Amma gördülər ki, ev talan edilib, nə Dirsə xan var, nə də ki, qırx nayib. İşi başa düşdülər.
Ana Buğaca dedi:
- Oğul, hər necə olsa, Dirsə atandı. O, namərt sözünə allanıb sənə qıydı. İgitdəri başına yığ, atanı xilas elə.
Buğac anasının dediyi kimi elədi, başına qırx igid yığıb onların dalınca yola düşdü. Xeyli gedib onları haxladı. O, atasını yağı əlində görəndə qanı cuşa gəldi. Hücum edib Dirsə xanı xilas elədilər, namərtdəri öldürdülər. Dirsə xan oğlunun sağ olduğunu görüb çox sevindi. Ata-oğul qucaxlaşıb-öpüşdülər. Başdarına gələn əhvalatı bir-birinə danışdılar. Sonra evlərinə döndülər. Ana onları bir yerdə görüb sevindi. Oğlunu bağrına basıb gözlərinnən öpdü. Bayandır xan böyük bir məclis düzəltdi. Xalq Buğacı və igitdəri təriflədi. Bayandır xan Buğaca bəylih verdi. Taxt verdi. Yeddi gün, yeddi gecə şaddıx elədilər.

Qara Namazov,
professor