“Mişov dağı” jurnalının yeni nömrəsində... Mədəniyyət

“Mişov dağı” jurnalının yeni nömrəsində...

Tehranda Mişov Mədəniyyət Mərkəzi tərəfindən çap olunan "Mişov dağı" jurnalının növbəti 21-ci nömrəsi işıq üzü görüb. Jurnalı 20 ildən çoxdur ki, latın və əski (ərəb) əlifba ilə Azərbaycan və farsca çap olunur.
Nəşrin yeni nömrəsi Azərbaycan mətbuatında jurnal haqqında yazılmış qısa xəbərlərin təqdimatı ilə başlayıb.
Nəşrə başladığı gündən jurnalda Azərbaycan və İran mədəniyyəti, incəsənəti, yazıçı və şairləri haqqında məxsusi yazılar dərc edilir. Məhəmməd Füzuli, Xurşidbanu Natəvan, Məmməd Araz, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadənin və türk şair, yazıçılarının həyat və yaradıcılığından, Xocalı, 20 Yanvar faciələrindən, müasir ədəbiyyatın aparıcı nümayəndələrindən söhbət açılır.
Jurnalın 21-ci nömrəsi görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlərə həsr edilib. İlk səhifələrdə Prezident İlham Əliyevin böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncam təqdim edilib. Eyni zamanda, jurnalın bu nömrəsində "Hər oxuyan Molla Pənah olmaz", "Hüseyn Cavid", "Şah İsmayıl", "Göy məscid" və digər sərlövhəli yazılar dərc olunub.
Geniş oxucu kütləsinin rəğbətini qazanan jurnalın son nömrəsində Ukrayna şairi, yazıçısı, rəssamı Taras Şevçenko haqqında məlumat və onun poeziyasından nümunələr də yer alıb.
Akademik İsa Həbibbəylinin "M.P.Vaqifin həyat və yaradıcılığı" monoqrafiyası, akademik Nizami Cəfərovun "Azərbaycan Xalq Cümhuriyyətinin yüz illik yubileyi azərbaycançılıq ideologiyasının təntənəsidir" elmi-publisistik məqaləsi, Abdulla Şaiqin, Zərəngiz Dəmirçi Qayalının uşaq şeirləri nəşrin bu nömrədə oxuculara təqdim edilib.
Jurnalın təsisçisi və baş redaktoru Aqşın Ağkəmərlinin hər nömrədə olduğu kimi bu dəfə də müxtəlif səpkili yazıları, Xalq Şairi Bəxtiyar Vahabzadənin "Gülüstan" poeması və digər yazılar ədəbi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.