TÜRKSOY-un xalq çalğı alətləri orkestrinin konserti alqışlarla qarşılanıb Mədəniyyət

TÜRKSOY-un xalq çalğı alətləri orkestrinin konserti alqışlarla qarşılanıb

TÜRKSOY-un xalq çalğı alətləri orkestrinin Yaponiyanın üçüncü şəhəri hesab edilən Yokohamadakı konserti böyük maraq və alqışlarla qarşılanıb.
TÜRKSOY-un yaradılmasının 25 illiyi münasibətilə təşkil edilən Yaponiya turnesi artıq üç gündür davam edir. Noyabrın 13-də Yaponiya İncəsənət Universitetində, 14-də isə Kavasaki şəhərində təşkil edilən konsertlərdə 12 ölkədən 50 artistin iştirakı ilə möhtəşəm konsert proqramı nümayiş etdirilib.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Türkiyənin Tokiodakı səfirliklərinin dəstəyi ilə təşkil edilən konsertlər yapon musiqisevərlərin böyük marağına səbəb olub.
Noyabrın 15-də Yokohamanın "Mirai Hall" zalında təşkil olunan konsertdə əvvəlcə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə çıxış edərək qonaqları salamlayıb, konsertin təşkilinə görə TÜRKSOY-un baş katibi Düsen Kaseinova və Yokohama şəhərinin meriyasına minnətdarlığını bildirib.
TÜRKSOY təşkilatının yaranması və tarixi haqqında məlumat verən G.İsmayılzadə qeyd edib ki, təşkilatın məqsədi türk mənşəli xalqların birliyini və dostluğunu gücləndirmək, bu xalqların qədim, zəngin mədəniyyətini dünyaya tanıtmaq və eləcə də gələcək nəsillərə çatdırmaqdan ibarətdir.
Səfir TÜRKSOY təşkilatı ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin fikirlərini də tədbir iştirakçılarının diqqətinə çatdırıb: "TÜRKSOY bizləri daha yaxınlaşdırır. Bizim birliyimizin təməlində ümumi köklər, mədəniyyət və tarix mövcuddur. TÜRKSOY-u gücləndirmək üçün səylərimizi əsirgəməyəcəyik".
G.İsmayılzadə qeyd edib ki, bu baxımdan 2016-cı ildə TÜRKSOY tərəfindən türk mənşəli xalqların musiqiçilərindən ibarət xalq çalğı alətləri orkestrinin yaradılması bizim ümumi mədəniyyətimizi, adət-ənənələrimizi bütün dünyada tanıtmaq üçün vacib rol oynayır.
2018-ci ildə görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyinin qeyd olunduğunu bildirən səfir, onun əsərlərinin ölkəmizin hüdudlarından kənarda da yaxşı tanındığını qeyd edib.
Səhnəyə qalxan TÜRKSOY-un baş katibi D.Kaseinov səfir G.İsmayılzadəni və bütün Azərbaycan xalqını Qara Qarayevin 100 illik yubileyi münasibətilə təbrik edib, 2018-ci ilin TÜRKSOY tərəfindən bu görkəmli Azərbaycan bəstəkarına həsr edildiyini vurğulayıb. Qeyd edib ki, Q.Qarayev tərəfindən yaradılmış əsərlər türk mənşəli xalqların klassik musiqisinin təməlini təşkil edir. Bu görkəmli bəstəkarın əsərləri nəinki türk mənşəli xalqlar arasında, həmçinin bütün dünyada geniş tanınır və sevilir. Məhz buna görə də, Q.Qarayevin "İldırımlı yollarla" əsərindən bir parça konsertin proqramına daxil edilib.
Sonra baş katib üzərində Qara Qarayevin təsviri olan xatirə hədiyyəsini səfirimizə təqdim edib.
Azərbaycanlı musiqiçilər - Muğam televiziya müsabiqəsinin laureatı Babək Quliyevin, Rasim Zərbəliyevin (tar), beynəlxalq müsabiqələr laureatı Şəhriyar Musayevin (kamança), Azərbaycanın Əməkdar artisti Çinarə Heydərovanın (kanon) və Elnur Əliyevin (nağara) də qatıldığı konsert proqramı ümumilikdə 90 dəqiqə davam edib və yapon musiqisevərlər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Bu gün Tokionun Akasaka ictimai mərkəzində, 18-də isə Hamamtsuda davam edəcək turne ayın 20-də Tokionun Mequro rayonunun "Persimmon Hall" mərkəzində qala-konsertlə başa çatacaq.