
Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin əsərləri əsasında ərsəyə gələn tamaşalar Azərbaycanın teatr səhnəsində özünəməxsus yer tutur, həmin səhnə əsərlərində zamanın çox aktual problemləri, məsələləri qabardılır. Bildiyimiz kimi, Azərbaycanın peşəkar milli teatrının əsası da görkəmli dramaturqun “Sərgüzəşti-vəziri-xani-Lənkəran” pyesi ilə qoyulub.
Ötən həftə isə Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında görkəmli dramaturqun digər bir əsəri olan “Sərgüzəşti-mərdi-xəsis” pyesi əsasında Dilsuz Mustafayevin səhnə redaktəsi ilə hazırlanan “Hacı Qara” tamaşasının premyerası keçirilib.
Yeni səhnə əsərində klassik komediyanın ruhunu qorunaraq müasir teatr estetikası, dinamik səhnə həlli və aktyor ifalarının vəhdəti ilə tamaşaçılara təqdim edilib.
İkihissəli səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, rejissoru Gülnar Hacıyeva, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Firudin Allahverdi, xoreoqraf Gülməmməd Şahverdiyev, rejissor assisenti Sona Məhərrəmovadır.
“Xalq Cəbhəsi” tamaşada rol alan əsas rolların ifaçılarından tamaşanın ərsəyə gəlməsi, həmçinin premyerası haqqında fikirlərini öyrənib.
“Rol mənə həvalə ediləndə tərəddüd etdim”
Səhnə əsərində Hacı Qara rolunun ifaçısı Əməkdar artist Elnur Hüseynov bildirib ki, “Hacı Qara” tamaşası artıq üçüncü dəfədir Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində oynanılır: “Əvvəllər Hacı Qara rolunda Əməkdar artist Atabala Səfərov, sonra Xalq artisti Yasin Qarayev, aktyor Ədalət Əbdülsəməd çıxış ediblər. Bu, üçüncü quruluş isə tam fərqli bir quruluşdur. Tamaşanın quruluşçu rejissoru “Şərəf” və “Şöhrət” ordenli Xalq artisti Cənnət Səlimovadır. O, bu rolu mənə həvalə edəndə bir qədər tərəddüd etdim. Çünki düşündüm ki, məndən əvvəlki böyük sənətkarlardan sonra bu rolu oynamaq çətin olar. Cənnət xanıma çox təşəkkür edirəm. Həmçinin Yasin müəllimə də təşəkkür edirəm. Yasin müəllim də tamaşamızda Arakel rolunda çıxış edir. Mənə çox böyük dəstək oldular”.
“Tamaşa pozitiv fikirlərlə bitir”
E.Hüseynov qeyd edib ki, tamaşanın bu quruluşu əvvəlki quruluşlardan fərqlidir: “Burada Hacı Qaranın xəsisliyi deyil, daha çox sevgi, məhəbbət önə çəkilir və Hacı Qaranın tamaşanın əvvəlində iddia etdiyi “artıq sevgi, məhəbbət yoxdur, indi hər şeyi pul həll edir” fikri tamaşanın sonunda tamamilə çökür, özünü doğrultmur. Sonra Hacı Qara da etiraf edir ki, pul çox şeyi həll edir, amma hər şeyi həll etmir, doğrudan da sevgi, məhəbbət var, dostluğa sədaqət var. Tamaşa çox gözəl pozitiv fikirlərlə bitir. Təbii ki, tamaşada bir çox nüanslar var. Rejissorun fikirləri, ideyası yer alır. Hesab edirəm ki, tamaşaçılar üçün çox maraqlı bir tamaşa hazırlamışıq. Premyeradan da göründüyü kimi tamaşaçılar çox böyük alqışlarla qarşıladılar. İnşallah sentyabrda da tamaşaçıların görüşünə gələcəyik və onları daha da sevindirəcəyik. Hər kəsə təşəkkür edirəm”.
“Bu dəfə fərqli bir “Hacı Qara”nı tamaşaçılara təqdim etdik”
Hacı Qaranın həyat yoldaşı Tükəz xanımı canlandıran Əməkdar artist Gülər Nəbiyeva söyləyib ki, Hacı Qara - Mərdi xəsis demək olar ki, Axundzadənin hər zaman illərin sınağından çıxmış, müasirliyini itirməyən bir əsəridir: “Biz bu dəfə fərqli bir “Hacı Qara” tamaşasını tamaşaçılara təqdim etdik. Müasir dövrü bir bazara bənzədən, sonda isə heç də xəsis olmayan Hacı Qaranın əsas fikri budur: Pulla heç zaman dostluğu, sədaqəti və sevgini almaq olmaz. Həqiqi sevgi hər zaman xoşbəxt sonluqla başa çatır”.
“Tamaşaya növbəti baxış yeni mövsümdə olacaq”
G.Nəbiyevanın sözlərinə görə, uzun müddət davam edən məşqlərin nəticəsi, tamaşaçılara təqdim olunan premyerası gözlədiyimizdən də isti, qucaq dolusu çiçəklərlə başa çatdı: “Sevinirik ki, artıq yeni həyatını yaşamağa başlayan Axundzadənin bu dördüncü komediyası uzun müddət tamaşaçılara təqdim ediləcək. Tamaşaya növbəti baxış yeni mövsümdə həyata keçiriləcək”.
“Bu, bizim üçün ən dəyərli hadisədir”
Səhnə əsərində Heydər bəy rolunun ifaçısı aktyor Anar Seyfullayev diqqətə çatdırıb ki, “Sərgüzəşti-mərdi-xəsis” və ya “Hacı Qara” əsəri 1850-ci illərdə milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadə tərəfindən qələmə alınıb: “Bu, bizim klassikamızdır. Bizim teatrda, yəni Dövlət Milli Gənc Tamaşaçılar Teatrında repertuar siyasəti çox zəngindir. Belə bir deyim var: Aktyor klassik əsərlərdə böyüyür. İyunun 27-də “Hacı Qara” tamaşasının premyerası baş tutdu və tamaşaçılar bizi böyük şövqlə qarşıladılar. Bu, bizim üçün ən dəyərli bir hadisədir. Çünki tamaşaçı alqışı biz aktyorlar üçün ən dəyərli qiymətdir. O cümlədən teatrımızın bütün kollektivini premyera münasibəti ilə təbrik edirəm”.
“Tamaşa milli ruhda və müasir yozumdadır”
A.Seyfullayevin sözlərinə görə, “Hacı Qara” tamaşası milli ruhda və müasir yozumda hazırlanmış bir tamaşadır: “Oynadığım rol Heydər bəy roludur. O, öz sevgisi uğrunda mübarizə aparan, iradəsindən dönməyən, qoçaq, bütün çətinliklərə qalib gələn bir obrazdır. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovaya bu rolu mənə həvalə etdiyinə görə təşəkkür edirəm. Sentyabr ayında ikinci premyeramız baş tutacaq. Bu da teatrımızın 99-cu teatr mövsümünə təsadüf edir. Bütün tamaşaçıları Dövlət Milli Gənc Tamaşaçılar Teatrına dəvət edirəm”.
Bildirək ki, tamaşada iflasa uğramış Heydər bəy toy xərci əldə etmək üçün Hacı Qara ilə birlikdə Təbrizə qaçaqmal alverinə getməsi və bu səfər zamanı 19-cu əsrin ortalarında baş vermiş əhvalatlardan bəhs olunur. Heydər bəy lovğa, quru bəy olsa da, o, mərd və cəsarətlidir.
Tamaşada Xalq artisti Yasin Qarayev, əməkdar artistlər Elnur Hüseynov, Gülər Nəbiyeva, Nəsibə Eldarova, aktyorlar Anar Seyfullayev, Ədalət Əbdülsəməd, Ramil Məmmədov, Kərəm Hadızadə, Rəşad Səfərov, Elşən Hacıbabayev, Natiq Fərzəliyev, Şəbnəm Hüseynova, Aygün Fətullayeva, Hüsniyyə Əhmədova, Eldar İmanov, Vüqar Məmmədəliyev, Elgün Yəhyayev, Nurlan Süleymanlı, Hilal Dəmirov, Xaliq Bəkirov, Gülbəniz Lətifova, Venera Abbasova, Aydın Dəmirov, Yusif Dadaşov, Tahir İsmayılov, İlahə Əmirxanova, İmdad Tofiqoğlu, Hüseyn Bayramov iştirak ediblər.
Qeyd edək ki, səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Röya İsrafilova