AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub Mədəniyyət

AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub

16 may

Mayın 15-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Əcnəbi dillər kafedrasının təşkilatçılığı ilə Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəffəkkir şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin "Nəsimi ili” elan olunması haqqında imzaladığı 15 noyabr 2018-ci il tarixli sərəncama əsasən həyata keçirilib. Tədbirdə Universitetin rektoru, memarlıq doktoru, professor, əməkdar memar Gülçöhrə Məmmədova, professor-müəllim heyəti və tələbələr iştirak edib.

Tədbirin aparıcıları əvvəlcə 43 il ömür sürmüş və 3 dildə - Azərbaycan, fars və ərəb dillərində zəngin ədəbi irs yaratmış İmadəddin Nəsiminin həyat və fəaliyyətindən bəhs edib. Nəsiminin Azərbaycan ədəbiyyatı ilə yanaşı, bütün türk ədəbiyyatına güclü təsir göstərdiyini, əsərlərinin əlyazmalar şəklində dünyanın bir sıra kitabxanalarında saxlanıldığını söyləyiblər.

Aparıcıların çıxışından sonra tələbələr «Nəsimi» filmindən bir səhnəni nümayiş etdiriblər. Gənclərin yaratdığı bu kompozisiya tədbir iştirakçılarının böyük marağına səbəb olub. Bundan sonra tələbələr dahi şairin şeirlərinə bəstələnən mahnılar ifa ediblər. Tədbiri yaddaqalan və mötəbər edən başqa bir məqam o olub ki, tələbələr bir neçə dildə - rus, fransız, fars və ingilis dillərində Nəsiminin müxtəlif şeirlərini səsləndiriblər.

Daha sonra çıxış üçün söz Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının professoru Mahmud Allahmanlıya verilib. Professor Nəsiminin mənəvi-əxlaqi məzmun daşıyan, yəni insanı kamilliyə səsləyən, pis əməllərdən çəkindirən qəzəllərindən söhbət açıb. Natiq qeyd edib ki, şair bu qəzəllərində öz lirik qəhrəmanının dili ilə insanın kainatdakı bütün canlılardan üstün olduğunu, buna görə də tanrı dərəcəsinə qalxa bilməsi fikrini irəli sürüb:

"Tələbələrimizin hazırladığı epizodik səhnələrin hər birində Nəsiminin, Azərbaycan poeziyasının, xalqımızın ürəyinin döyüntüləri eşidilirdi. Bu baxımdan universitet rəhbərliyinə, bütün tələbələrə minnətdaram. "Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyi keçiriləndə əsasən bu sualları vurğuladılar: "Biz kimik, hardan gəlmişik, hardayıq və hara gedirik?” Bizim tarixi keçmişimiz, möhtəşəm abidələrimiz, sənətkarlarımız məhz bunun bizə bütün tərəflərini aydınlıqla hiss etdirir. Nəsimi bizim keçmişimizdir, qürur mənbəyimizdir. Biz bu keçmişimizlə fəxr edirik. Bu gün də, sabah da öz keçmişimizi öyrənmək məqsədindəyik. Baş tutan tədbirlər də bunu göstərir. Nəsiminin yaşadığı dövr son dərəcə mürəkkəb, ictimai-siyasi ziddiyətlərin olduqca kəskinləşdiyi bir zaman idi. Nəsimi kimi böyük söz adamları təsadüfi meydana gəlməyib.

Hürufilik, sufilik və digər təriqətlər dini hərəkat kimi meydana gəlmişdi. Nəsimi də məhz o dövrün ən böyük şəxsiyyəti idi. Nəsimi Nizamidən sonrakı, Füzulidən əvvəlki dövr Azərbaycan poeziyasının ən qüdrətli sənətkarıdır. Nəsimi özü, yaradıcılığı haqqında öz şeirlərində dönə-dönə müxtəlif məqamlara diqqət yetirmişdi. O, xüsusi olaraq vurğulayırdı ki, "Hər kəs Nəsimi sözünü kəsb edə bilməz, o bir quş dilidir, onu ancaq Süleyman bilir”. Nəsiminin şeirlərində qaldırdığı problemlər, hürufiliyin mahiyyəti, məzumunu nədən ibarətdir? Bu gün də tədqiqatçılarımız araşdırma aparırlar.

Nəsiminin sənət qüdrəti bütövlükdə onun poeziyasında, varlığında, düşüncəsində hakim idi. Nəsiminin poeziyasında kamil insan məsələsi var idi. Bizim tələbələrimizin nümayiş etdirdiyi epizodik səhnələrdə də bu, kifayət qədər vurğulandı. Fəzlullah Nəimi vurğulayırdı ki, kamil insan aydan, günəşdən, ulduzdan da əzəmətlidir, varlıq insanın vücudundadı. Nəsimi də bütün mahiyyəti və düşüncəsi ilə kamil insan məsələsinə diqqət yetirirdi. Onun yaradıcılığını bir sıra istiqamətlərdə araşdırıb təhlil etmək olar. Onlardan biri hürufilik istiqamətində olan problemdir ki, bu, Nəsiminin yaradıcılığının əsas xəttini təşkil edirdi. Digər istiqamət isə Nəsiminin sufi dünyagörüşü ilə bağlıdır. Eyni zamanda onun şeirlərindəki siyasi mühitlə əlaqədar məqamlar da yer alırdı”.

Professor onu da diqqətə çatdırıb ki, Nəsimi öz iradəsi ilə bütövlükdə ədəbiyyatımıza böyük ərmağanlar və düşüncələr gətirirdi:

"O düşüncə ilə ədəbiyyatımızın gedəcək yoluna istiqamət verirdi. Nəsimi xalqın dəyərlərinə, ideallarına sahib çıxmaq istəyirdi. Bu istək onun bütün yaradıcılığı boyu özünə yer tapmışdı. Məhz bu baxımdan Nəsimi hara gedirdisə, böyük hörmətlə qarşılanırdı. Nəsimi Azərbaycan xalqının və düşüncəsinin yaddaşına yalnız poeziya sənətinin görkəmli sənətkarı kimi deyil, eyni zamanda insanlığın, şəxsiyyətin mükəmməl bir nümunəsini yaratmış şəxsiyyət kimi həkk olub. Bu baxımdan Nəsiminin yaradıcılığı və şəxsiyyəti əvəzsizdir, örnəkdir.

Nəsimi türk xalqlarının qürur duyacağı bir sənətkardır. Biz keçmişimizlə qürur duya bilərik. Bir daha təşəkkür edirəm ki, universitetimiz istedadlı tələbələrlə Nəsiminin 650 illik tədbirini keçirir. Bu, bizim keçmişimizə məhəbbətdir”.

Ardınca, şairin qəzəllərindən ibarət kompozisiyalar, eləcə də "Nəsimi” filmindən epizodik səhnələr nümayiş olunub, "Nəsimi kontatası” səsləndirilib. Tələbələrin təqdimatında nümayiş olunan bədii hissə tədbir iştirakçıları tərəfindən böyük anşlaqla qarşılanıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutunun əməkdaşı Aybəniz Osmanova Nəsiminin insanların qəlbini, onların mənəvi dünyasını ilahi ustalıqla tərənnüm edən şair olduğunu söyləyib:

"Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. Qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində Nəsimi ədəbi irsi xüsusi mərhələ təşkil edir. O, bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirib. İnsana məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm edən şairimizin poeziyası dünya poeziyasının ən kamil nümunələri sırasındadır.

Nəsiminin adı həqiqət naminə, fikir azadlığı yolunda qəhərmanlığın rəmzi kimi əbədiləşir, əsrlərdən bəri Şərq xalqlarının yaddaşında yaşayır. Prezident İlham Əliyev 2019-cu ildə Azərbaycanın böyük şairi Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Bu çox mühüm sərəncamdır. İstərdim ki, Nəsimi qəzəllərindəki rəqəmlərin möcüzələrindən söz açım. Qədim zamanlardan insanların rəqəmlərə münasibəti ilə bağlı inanclar var. İslam mənbələrində 3, 7, 40, 70, 72, 99, 100, 1000 və s. rəqəmlərlə bağlı müxtəlif məzmunlu məlumatlara rast gəlirik. Məsələn, 7 rəqəmi adi rəqəmlərdən biridir. Amma insanlar təbiəti müşahidə edərkən 7 rəqəminin maraqlı təzahürlərini görürlər.

Rəqəmlər üzərində məharətlə oynamaq əsasən hürufiçilikdə diqqəti çəkən amildir. Azərbaycan ədəbiyyatında iki mühüm, dini-fəlsəfi və bədii məfkurəvi təriqət təmayülü mövcuddur. Birincisi sufizm, ikincisi hürufiçilik. Hürufilər öz müddəalarını nəzəri baxımdan əsaslandırmaq üçün rəqəmlər üzərində məharətlə oynayıblar. Nəsimi poeziyasında ən işlək rəqəmlər 7, həmçinin 28 və 31 rəqəmləridir. Nəsiminin farsca divanında sayların xüsusi çəkisi var. Bunu da hürufilik təriqəti ilə əlaqələndirirlər”.

AMEA-nın Elm Tarixi İnstitutunun elmi katibi Zaur Əliyev isə Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən qüdrətli sənətkar Nəsiminin zəngin irsindən danışıb, ədibin dünya ədəbiyyatı və fəlsəfi fikrində oynadığı rolu diqqətə çatdırıb:

"Nəsimi bütün Şərq ölkələrində tanınan şair idi. Onun şeirləri dildən-dilə gəzirdi. Nəsimi təkcə şair yox, həm də böyük bir filosof idi. "Məndə sığar iki cahan, mən bu cahana sığmazam” qəzəlinə çoxsaylı yozumlar verirlər. Şeirin mənasını araşdırmaq üçün bir neçə mütəxəssislə məsləhətləşdim. Məlumata görə, dünya iki simdən ibarətdir. Əgər iki sim bir yerdə eyni vaxtda kəşf olunsa, bütün kainatın sirrini, Allahla insan arasındakı ünsiyyətin yolunu tapa bilərik. Nəsiminin "Məndə sığar iki cahan” qəzəli bir çox ölkə alimləri tərəfindən tədqiq edilir. Xarici tədqiqatçılar Nəsimi haqqında kifayət qədər materiallar hazırlayıblar. Nəsimi bütün Şərqi gəzirdi. Nəsimi öz nəfsinə qalib gəlmiş bir şair idi.

Çünki insan bir yerdə oturanda nəfs ona qalib gəlir. Amma Nəsimi öz nəfsinə qalib gəldi. O, dünyanı gəzib öz təbliğatını aparırdı. Hətta Hindistanın azadlıq hərəkatının lideri Mahatma Qandi öz həyatını, mübarizə üsulunu seçəndə Nəsimidən örnək almışdı. O deyirdi: "Mən Nəsiminin nəfsinə qalib gəlməsini oxuyandan sonra öz nəfsimə qalib gəlib Hindistanı birləşdirə bildim”.

Nəsimi yalnız şair deyildi. O həm də diplomat idi. Qaraqoyunlu, Ağqoyunlu, Osmanlı dövlətləri ilə əlaqə saxlayıb Azərbaycanı vahid halda saxlamağa çalışırdı. İstəmirdi ki, Əmir Teymur Orta Asiyadan gəlib Azərbaycanı işğal etsin. O dövrdəki bütün böyük tayfa başçıları Nəsimi ilə görüşürdülər. Amma Nəsiminin ideyasını həzm edə bilmirdilər. Nəsimi deyirdi ki, dünyada hərflərin sonu olmadığı kimi kainatın da sonu yoxdur. Belə tədbirlərin keçirilməsi Azərbaycanımız üçün böyük qələbədir. Arzu edirəm ki, gələcəkdə bu universitetdən Nəsimilər, Nizamilər, Füzulilər yetişsin”.

Daha sonra söz tədbirin təşəbbüskarı Əcnəbi dillər kafedrasının müdiri, dosent Aygün xanım Məmmədovaya verilib. O da öz növbəsində başda Universitetin rektoru, professor Gülçöhrə Məmmədova olmaqla, tələbə, müəllim heyətini və digər qonaqları salamlayıb və tədbirdə iştirak etdikləri üçün onlara təşəkkürlərini ifadə edib:

"Hörmətli professor Gülçöhrə xanım Məmmədova, bütün qonaqlar, professor və müəllim heyəti, əziz tələbələr, hər birinizə təşəkkür edirəm. Bu gün bizi qürurlandırdınız. Tələbələrimizə təşəkkür edirik. Burada bizim 1-ci kurs tələbələrimiz çıxış edirdilər. Beynəlxalq layihələrdə universitetimizin adını layiqincə təmsil edən Təhsil Nazirliyinin "Bir” Tələbə-Könüllü Proqramının tələbələrini də cəlb etmişdik. Onlara da təşəkkür edirik.

Çox böyük fəxarət hissi ilə deyə bilərəm ki, AZMİU-nun tələbələri texniki biliklərə dərindən yiyələnmələri ilə yanaşı, humanitar müstəvidə də bilik və bacarıqlarını çox yüksək səviyyədə nümayiş etdirirlər. Əziz tələbələr, sizə gələcəkdə uğurlar arzu edirəm. Tədbirin hazırlanmasında əməyi olan tələbələrin çoxu Mexanika və İnformasiya Texnologiyaları fakültəsinə aid olduğu üçün fakültənin dekanı dosent Sabir Məmmədovu fikir bildirməsi üçün səhnəyə dəvət edirəm. Buyurun, Sabir müəllim!”.

İclas iştirakçılarını salamlayan S.Məmmədov da qeyd etdi ki, tələbələrin hazırladıqları səhnələr, ifalar və çıxışlar onu çox təsirləndirib:

"Tələbələrimizə minnətdaram. Aygün xanım, bu tədbirin senarisini siz hazırlamısınız. Bu missiyanı üzərinizə götürdünüz və layiqli şəkildə də yerinə yetirdiniz. Bir daha sizə və tələbələrimizə təşəkkür edirəm”.

Həmçinin tədbirin sonunda professor Gülçöhrə xanım Məmmədova da tədbirlə bağlı razılıq ifadə edərək bunları ərz edib:

"Dəyərli tədbir iştirakçıları, yəqin, hamınız bu tədbiri çox bəyəndiniz, xoşunuza gəldi. Doğrudan da, tələblərimiz çox orijinal, ürəkaçan çıxışlar etdilər. Həm geniş məlumat verdilər, həm də bizə çox sentimental emosiyalar yaşatdılar. Çox sağ olun!

Həqiqətən də, çox mükəmməl bir tədbir oldu. Aygün xanım, sizə, sizinlə birgə çalışan müəllim və tələbələrə təşəkkür edirəm. Hiss olunur ki, bu tədbirin belə möhtəşəm və arzuolunan şəkildə ərsəyə gəlməsi üçün çox çalışmısınız. Çox gözəl seçim etmisiniz. Senari qurmusunuz, bunlar asan işlər deyil. Əziz tələblərimiz, siz bizi sevindirdiniz, bizi yaxşı mənada təəccübləndirdiniz. Gələcəyin memarları, mexanikləri, İKT mütəxəssislərinin şeir bilmələri, poeziyanı sevmələri təqdirəlayiq haldır. Nəsimini tanıyırlar və bizə tanıdırlar. Sizə bol və tükənməz nailiyyətlər arzulayıram.

Poeziya, ədəbiyyat, tarix, mədəniyyət və incəsənətimizə qiymət verənlər ziyalı ola bilirlər. Siz də gələcəyin ziyalılarısınız. Çox sevinirəm ki, sizdə bu istedad və istək var. Qonaqlarımıza dəyərli çıxışları üçün minnətdaram. Təşkilatçılara bir daha təşəkkür edirəm. Nəsimi bizim dahi şairimiz, görkəmli filosof və mütəfəkkirimizdir. Bu gün Azərbaycan tarixi, mədəniyyəti və incəsənətinə böyük dəyər verilir. Bu sayaq tədbirlər və yubileylər qeyd olunur. Biz öz zəngin və çoxşaxəli mədəniyyətimizi, tariximizi, incəsənət nümunələrimizi bir inci kimi qoruyuruq, onu dünyaya tanıdırıq. Sağ olsun cənab Prezident ki, bu işləri görür, bu yöndə fərman və sərəncamlar imzalayır”.