Şumer mifologiyası:  şumer tanrılar panteonu - 2-ci yazı Mədəniyyət

Şumer mifologiyası:  şumer tanrılar panteonu - 2-ci yazı

Ereşkiqalın at üstündəki təsvirini görən kimi qədim türk tayfası olan skiflərin atla dəfn olunduqları yada düşür...

2-ci yazı

Hər tanrının evi bir şəhərdə olub. Həmin tanrı o şəhərin himayəçisi hesab edilib. Yalnız An həm bütün Şumerin, həm də göyün tanrısıdır. Onun evi Uruk şəhərində olub. Özü göyə çəkildikdən sonra evini İnannaya verib. Bu ev Eanna adlandırılıb ki, mənası Anın evi deməkdir. Enkinin evi Eriduda idi, Ekur adlanırdı. Enki Eridunu himayə edirdi. Şirpurlunun baş tanrısı və himayəçisi Ningirsu idi, lakin burda başqa tanrılar da vardı. Şirpurlu bir neçə yaşayış məntəqəsindən təşkil olunmuşdu. Onların ən böyüyü Qirs/Qars/Girsu idi. Ningirsu öncə Qirsunun tanrısı olub, onu himayə etmiş, sonra bütün Şirpurlunun tanrısı statusu qazanıb. Bu şəhər Ningirsunun adıyla adlandırılıb, yaxud əksinə: Girsu-Ningirsu. Digər yaşayış məntəqəsi Ninanın himayəçi- tanrısı da Ninadır. Şirpurlunun üçüncü şəhəri Urunun və onun himayəçi-tanrısı Luqal-Urunun adları eynidir. Dördüncü yaşayış məntəqəsinin və onun himayəçi-tanrısının adları bir-birinə oxşamır: Uruazaqqa yaşayış məntəqəsinin, Baba onun himayəçi tanrısının adıdır.
Bütün Şumer şəhərlərində ilk dəfə tanrılar özləri çarlıq ediblər. Enki Eridunun, Nisa Gişxunun, Ningir-su Şirpurlunun, Nannar Urun, An Urukun, Enlil Nippurun, Baba Uru- azaqqanın, Utu Larsa və Sipparın, Nerqal Kutanın və s. öncə çarı, sonra himayəçi tanrıları olublar. Məsələn, bütün Şumer şəhərlərinin knyazları, çarları və hakimləri Enlilə belə müraciət edirdilər: “Ölkənin çarı, mənim sevimli atam Enlil! Mənə uzun ömür ver, mənim torpağımda əmin-amanlığı və dincliyi saxla, orduma qələbə arzula, məbədləri qoru, öz xeyirxah baxışlarını mənim torpağımın üstündən çəkmə. Bizi öz xeyir-xahlıqlarınla mükafatlandır və həmişə qüdrətli rəhbərimiz ol”.
Bunlar Tufandan sonrakı dövrə aiddir. Tufandan öncəki çarlar haqqında heç bir yazılı bilgi yoxdur. Yalnız “Şumer çarlarının siyahısı”nda Tufana qədər hakimiyyətdə olmuş 8 çarın adı çəkilir. Siyahı başlayan kimi belə deyilir: “Elə ki, çarlıq göydən yerə endirildi, Eridu onun paytaxtı odu”. Deməli, bu tanrıların yerə gəldikləri lap erkən vaxtların söhbətidir. İlk çarlığı tanrılar göydən özlərilə gətirdilər və ona özləri başçılıq etdilər. Buradakı rəqəmlər çox maraqlıdır. Onlar insanların həmin vaxt mövcud olmadığını göstərir. Məsələn, Alalu 28.800 il, Alalqar isə 36.000 il çarlığı idarə ediblər. İki çarın hakimiyyət dövrü 64.800 il eləyir. Burda insan haqqında nəinki danışmağa, heç düşünməyə dəyməz. Alalu və Alalqar adlarının “al” kökündəki ucalıq, böyüklük mənası türk dilində bu gün də saxlanıb. İlk insanların adları Alalqar və Zalqar idi. Həmin adlar buradan qaynaqlanıb. Bunlar şumer-türk bağlılıqlarını üzə çıxarmaq üçün çox dəyərli faktlardır.
İki çardan sonra paytaxt Bad-Tibirə köçüb, Enmenluanna 43.200 il çar olub. Tufana qədər 8 çarın hakimiyyəti 241.200 il davam edib. Bu qədər vaxt ərzində çarlıq 5 dəfə yerini dəyişib, yəni 5 şəhərdə yerləşib.
Tanrılardan sonra onların övladları çar oldular. I Uruk sülaləsinin əsasını Günəş tanrısı Utunun oğlu Meskanqaşar qoyub. Sülalənin ən güclü çarlarından biri olan Enmerkar Meskanqaşarın oğlu, Utunun nəvəsidir. Enmerkar gəlib bizə çatmış Şumer poemalarından ikisinin qəhrəmanıdır. I Uruk sülaləsinin digər çarları Luqalbanda, Dumuzi/Tammuz və Bilqamıs da tanrı mənşəlidir. III Kiş sülaləsinin banisi Quba adlı qadın tanrı olub. Bir çox çarlar özünü tanrı elan edib. Naram-Sin, Şulgi, Bur-Sin, Şu-Sin, İbbi-Sin və s. belə çar-tanrılardır. Adlarındakı Sin epiteti onlardan çoxunun Ay tanrısı Nannar/Sinin nəslindən olduğunu göstərir.
Şumer tanrılarının hər birinin sevdiyi heyvan vardı. Məsələn, Şirpurludan tapılmış bir lövhədə Ningirsu əlində Şirpurlunun gerbini tutub. Gerbdə isə iki şirin üstündə şir başlı qartal təsvir olunub. Şirpurludan tapılmış yazılardan bəlli olur ki, Ningirsu şiri çox sevirmiş və ona şir təsvirli hədiyyələr bağışlayanda xoşu gəlirmiş. Ona görə, bu qədər sevimli, əziz, müqəddəs olan şirlə Ningirsunun arasında bir sakral bağlılıq görürdülər. Bunlar mənasız deyildi. Bu cür inamlar bizdən uzaqlaşdıqca mənaları daha çox qaranlıqlaşıb. İlk insanlar inandıqları bu şeylərin mənalarını bizdən yaxşı bilirdilər.
Ningirsu təkcə şirlə təsvir olunmurdu. Şirpurludan həm də İmduqud adlı tanrı-quş heykəlləri tapılıb. Onun təsviri daha çox qartal-fırtına quşunu xatırladır. Fırtına quşunu xəbərçi, müjdəçi hesab edirlər. Bir çox alimlər qartal-fırtına quşunu Ningirsunun özüylə eyniləşdirirlər. Onlara görə İmduqud Ningirsunun qartal-fırtına quşu şəklində təsvirindən başqa bir şey deyil.
Gəlib bizə çatmış bir Şumer mifində (“Qudeyanın himni”ndə) Qudeyanın yuxusundan danışılır. O, yuxuda Ningirsunu görür və onu necə gördüyünü belə təsvir edir: qartal-fırtına quşu qanadlarını açıb qarşımda dayanmışdı. Onun tanrı-quş İmduqud olduğuna şübhəm yoxuydu. Ningirsu quşun üstündəydi, daha doğrusu, İmduqud onun ayaqlarından asılmış kimi görünürdü. “Qudeyanın himni”ndən bir parça:

Yuxuma bir kişi girdi,
böyük idi göy qədər,
böyük idi yer qədər.
Baxan kimi görürdün ki,
başı tanrı başıdı.
Qanadları vardı onun-
İmduqudun qanadı.
Üzdən, gözdən qasırğaydı.

Qudeya onun yuxusuna Ningirsunun girdiyini bilmir. Tanrı Nanşe bu yuxunu yozarkən Qudeyaya deyir ki, sən yuxuda Ningirsunu görmüsən. Ningirsunun yanındakılar isə Ningişzid, Nisa və Nindub olublar.
Bu cür təsvirlər təkcə Ningirsuya aid deyil. Şumer tanrılarının çoxunun qartal, şir, buğa, balıq və s. heyvanlarla qarışıq heykəlləri tapılıb. Məsələn, bütün yer üzünün və yeraltı suların tanrısı, Şumerin üç böyük tanrısından biri, insanı yaradan, onu tufandan qoruyub saxlayan Enki balıq-tanrı sayılırdı. Enki bütün heykəllərdə və şəkillərdə insan kimi təsvir olunurdu, lakin onun kürəyi balıq pulcuqlarıyla örtülürdü, bir qolu isə tamamilə balığa oxşadılırdı. Enki həm də yeraltı suların tanrısıydı, yəqin balıq təsvirləri onun yeraltı sularla bağlılığını göstərirdi.
Tanrı Nerqalın miflərdə qüdrətli şir adlandırıldığına rast gəlinir. Ola bilsin ki, gücünə, qüvvəsinə görə şirə oxşadılıb. Ona görə də Nerqal həmişə insan başlı şir şəklində təsvir edilib. Burda insan başı ağlı, düşüncəni, şir bədəni gücü göstərir. Bu cür heykəllərdə ağılla gücün birliyi ifadə olunub.
Yeraltı dünyanın tanrısı Ereşkiqalın təsviri heyvanlarla sintez baxımından daha zəngin və daha maraqlıdır. Onun başı itin, bədəni insanın, pəncəsi şirindir. Ereşkiqal hər əlində bir ilan tutub. Onun qadın olduğu döşlərindən aydın görünür. Döşünün hərəsindən bir heyvan əmir. Sol döşündən əmən heyvanın it olduğu şübhəsizdir. Sağ döşündən əmən heyvanı çox şeyə oxşatmaq olar. Ayağının altındakı isə sözsüz ki, atdır. Atın bütün cizgiləri aydın təsvir edilib. Başı, beli, quyruğu, ayaqları onun at olduğunu göstərir.
Ereşkiqalın at üstündəki bu təsvirinə ötəri yanaşmaq olmaz, onun çox böyük əhəmiyyəti var. Söhbət yeraltı dünyadan gedir. Ereşkiqal oranın hökmdarıdır. Bəs at o dünyada nə gəzir?! Onun mənası nədir? Bu məsələlər üzərində düşünməyə dəyər. Ereşkiqalın at üstündəki təsvirini görən kimi qədim türk tayfası olan skiflərin atla dəfn olunduqları yada düşür.
Hələlik atla dəfn olunma adətinə yalnız skiflərdə rast gəlinib. Ereşkiqalın at üstündəki təsviri atın o dünyaya da gedib çıxdığını göstərir. Bəs o dünyaya atı kim aparmışdır? Sözsüz ki, at o dünyaya özbaşına gedə bilməzdi, onu insanlar aparıblar. Burdan aydın görünür ki, skiflərin atla dəfn mərasiminin kökü Şumerlə bağlıdır. Deməli, bu adət şumerlərdə mövcud olmuş, unudulmayıb, tarixin başlanğıcında da, ortalarında da öz izlərini saxlayıb.
Şumerlər şər qüvvələrdən, pis işlərdən, bədbəxt hadisələrdən, uğursuzluqlardan, hətta xəstəlik və sıxın-tılardan qorunmaq üçün qapıların, pəncərələrin yanlarından, üstündən Anın, Enkinin, Nusku və ya İnannanın şəkillərini asır, heykəllərini, büstlərini qoyurdular. Onlar inanırdılar ki, cinlər, əcinnələr, şeytanlar, iblislər həmin tanrılardan qorxurlar, ona görə qapı və pəncərələrin ağzında onların şəkillərini, yaxud heykəllərini görüb evə girə bilmirlər. Daha çox tanrıların özlərinin yox, onların təmsilçiləri olan heyvanların şəkillərindən, yaxud heykəllərindən istifadə edilirdi. Şir, buğa, qartal, ilan və s. heykəllərinə Şumer şəhərlərinin hamısında bu məqsədlə üstünlük verilirdi. Qoyuncuq şəhərindəki sarayın qapısı ağzında çoxlu şir, buğa başlı şir, insan başlı şir, insan başlı buğa heykəlləri tapılıb. Bunlar qoruyucu ruhlar sayılırdı.
Şumerlər başqa qoruyucu üsul və vasitələrdən də bəhrələnirdilər. Məsələn, şumerlərin cinlərdən, əcinnələrdən, şeytanlardan və iblislərdən qorunmaq üçün xüsusi duaları var idi. Onlar həmin dualar yazılmış gil lövhələri qapı və pəncərələrin üstündən asmaqla ziyan toxundura biləcək bütün varlıqların evə girməsinin qarşısını alırdılar. Şumerlər belə duaların sirrinə, sehrinə inanırdılar. Ola bilsin ki, bu inam həmin dualar uzun zaman sınaqdan çıxarıldıqdan sonra yaranıb.
Yuxarıda S.N.Kramerin kitabındakı başlıqların çoxunun “ilk”lərlə başlandığını demişdik. Şumerdə “ilk”lər o qədər çoxdur ki, onları sayıb qurtarmaq mümkün deyil. Məsələn:
İlk ata – tanrıdı (An)
İlk ana tanrıdı (Antu)
İlk oğul – tanrıdı (Enki)
İlk qardaş – tanrıdı (Enlil)
İlk kişi – tanrıdı
İlk qadın – tanrıdı
İlk şair – tanrıdı (Enlil İsmə Dağan)
İlk çoban – tanrıdı (Dumuzi/Tammuz)
İlk balıqçı – tanrıdı
İlk toxucu – tanrıdı (Uttu)
Siyahını istənilən qədər uzatmaq olar. Bu vəzifələri sonralar tanrılar insanlara tapşırdılar. Lakin kor-korana, birdən-birə yox. Əvvəlcə o vəzifələrin bütün sirlərini insanlara öyrətdilər. İnsanlar İnannadan sevginin, məhəbbətin, doğub-törəməyin, Mamadan mamaçalığın, Tammuz/Dumuzidən çobanlığın, Uttudan toxuculuğun, Anşandan əkinçiliyin, Laxardan qoyunçuluğun və s. sirlərini öyrənəndən sonra həmin işlər onlara tapşırıldı. Çarlığı isə tanrılar öz əllərində saxladılar. Sözsüz ki, çarlığı birdən-birə insanlara tapşırmaq olmazdı. Bütün çarlıqları sülalələr idarə edirdilər.
Şumer tanrılarına bütün ulduzlar bəlli olmuşdur. Hətta onlar ulduzların xəritəsini çəkib onları bürclər şəklində qruplaşdırıblar. Bu gün bizə bəlli olan on iki bürcü Şumer tanrıları müəyyənləşdirib və onlara adlar veriblər. Bürclərin adları böyük maraq doğurur: Qoç, Buğa, Əkizlər, Əqrəb, Şir, Qız, Tərəzi, Xərçəng, Oxatan, Oğlaq, Dolça və Balıqlar.
Sonuncu iki bürc-Dolça və Balıqlar Enkinin şərəfinə adlandırılıb.


İslam Sadıq
filologiya üzrə elmlər doktoru