Mədəniyyət işçiləri üçün metodiki vəsaitlər çap olunub Mədəniyyət

Mədəniyyət işçiləri üçün metodiki vəsaitlər çap olunub

Ölkəmizdə reallaşan mədəniyyət siyasətinin prioritetlərini, habelə Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin strateji fəaliyyət istiqamətlərini nəzərə alaraq müxtəlif mövzuları əhatə edən növbəti metodiki vəsaitlər çapdan çıxıb. Bunlar - Nurəddin Babazadənin “Qrant layihələrinin yazma qaydaları”, Məhbubə Əbilovanın “Müasir fondların təşkili qaydaları – komplektləşdirmə işi” və Pərvanə Hüseynovanın “Mədəniyyət müəssisələrinin təbliği və təşviqində informasiya-kommunikasiya texnologiyalarının rolu” adlı növbəti metodiki vəsaitlərdir.
“Qrant layihələrinin yazma qaydaları (təşəbbüskar gənclər üçün əlavə gəlir mənbəyi)” adlı vəsaitdə donor təşkilatlara müraciətlərin qayda və prinsipləri ilə tanış olmaq olar. Xüsusilə mədəniyyət sahəsində çalışanlar üçün nəzərdə tutulan metodiki vəsaitdə qrant layihələrinin yazılma prosesi və önəmi vurğulanır, müraciətin hazirlanma prosesində hansı qaydaların gözlənməli, nələrin edilməli və ya əksi olunduğu göstərilir.
“Müasir fondların təşkili qaydaları – komplektləşdirmə işi” adlı vəsaitdə toplama işinin metodları, muzey toplanma işinin məzmunu və formaları, fondların komplektləşdirilməsinin elmi-tədqiqat xarakteri, fond komplektləşməsinin planlaşması və regionlarda fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeylərinin fondlarının müasir dövr üzrə komplektləşdirilməsi haqqında məlumatlar verilir.
“Mədəniyyət müəssisələrinin təbliği və təşviqində informasiya-kommunikasiya texnologiyalarının rolu” adlı metodiki vəsaitdə mədəniyyət sahələrini əhatə edən müəssisələrin İKT ilə tam şəkildə təmin edilməsi, istifadəsinin təkmilləşdirilməsi və mədəniyyətin inkişafı, onun zamanın tələblərinə cavab verilməsi üçün İKT-nin tətbiqi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi tövsiyə olunur.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən hazırlanmış 100-ə yaxın yerli və beynəlxalq metodiki vəsait muzey, teatr, rəsm qalereyaları, mədəniyyət və bədii təhsil müəssisələrini, klubların fəaliyyətini, internet, sosial şəbəkə, İKT və yeni texnologiyaları, KİV və ictimaiyyətlə işin təşkilini, ictimai-siyasi fəaliyyəti, ictimai-məişət, tarixi xronologiyanı, teatr, muzey işi, milli folklor mədəniyyətimizi, milli-mədəni irsimizi, gənclərin milli və vətənpərvərlik ruhunda tərbiyə olunmasını, uşaq şənliklərinin ssenarilərini, habelə musiqi-incəsənət məktəblərinin fəaliyyətini əhatə edir. Vəsaitlər mədəniyyət müəssisələri, mədəniyyət və incəsənət işçiləri, eyni zamanda, teatrsevər geniş oxusu kütləsi üçün nəzərdə tutulub. Onların Bakıda və regionlarda təqdimatının aparılması da planlaşdırılır. Bütün metodiki vəsaitlərlə mərkəzin rəsmi saytında (www.memm.az) tanış olmaq olar.