Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” kitabı bu gün də aktualdır Mədəniyyət

Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” kitabı bu gün də aktualdır

XIX əsr Azərbaycan ədəbi-mədəni mühitində özünəməxsus yeri və çəkisi olan sənətkarlardan biri də Mir Möhsün Nəvvabdır (1833-1918). O, həm istedadlı qələm sahibi – şair, qüdrətli ədəbiyyatşünas, həm də mahir fırça ustası kimi tanınır. Nəvvabın nücum və tibbə, musiqişünaslıq və şəriətin müxtəlif sahələrinə, ilahiyyata dair əsərləri də var. Müəllifin fars və türk dillərində yazdığı və ümumi sayı 20-dən çox olan əsərlərinin böyük bir hissəsi hələ də əlyazma şəklindədir və öyrənilməyib. Nəvvabın son dövrdə aşkarlanaraq ilk dəfə 1993-cü ildə nəşr edilmiş "1905-1906 illərdə erməni-müsəlman davası" kitabı isə müəllifin eyni zamanda yaşadığı dövrün mürəkkəb və kəşməkeşli hadisələrə fəal vətəndaş mövqeyini bildirməsi, alovlu publisist və qızğın bir vətənpərvər olduğunu sübut edir. Müəllifin "Təvarixi-rəzm və şurişi-taifeyi-əraməniyyeyi-Qafqaz ba firqeyi-müsəlmanan" ("Qafqaz erməniləri tayfasının müsəlmanlarla savaş və iğtişaş tarixləri") adlandırdığı bu kitabı real faktlar əsasında qələmə alınıb və ermənilərin 1905-1906-cı illərdə xalqımıza qarşı törətdiyi vəhşilik və cinayət əməllərini, mənfur niyyətlərini tam gercəkliyi ilə əks etdirir, bir sıra aktual mətləblərə aydınlıq gətirir.
Nəvvab türkcə qələmə aldığı bu əsərində öncə Şuşa qalasının Pənah xan tərəfindən inşa edilməsi və onun varisi İbrahim Xəlil xanın başına gətirilən müsibətlər haqqında qısa bilgilər verir, sonra isə birbaşa əsl mətləbə keçərək erməni-müsəlman davasının tarixçəsinə nəzər salır. Müəllifin epizodik səciyyə daşıyan kiçikhəcmli bu qeydlərindən iki mühüm məsələ aydın olur:
Birincisi, ermənilər hələ XIX əsrin ikinci yarısından başlayaraq təşkilatlanıb və müsəlmanlara (Azərbaycanlılara – türklərə-red.) qarşı döyüş və təxribatlar üçün hazırlıqlar görüblər. İkincisi isə erməni tayfası çox satqındır, "zahirləri batinləri ilə bir deyil. Zahirən özlərini dost kimi göstərsələr də, batinləri ədavətlidir. Özləri də görürlər ki, təbiətlərinin bu cür ədavətli olmasından həmişə zərər çəkirlər". Nəvvab müsəlmanların (Azərbaycanlıların – türklərin-red.) sadəlövh və ürəyiaçıq, ermənilərin isə əksinə, çoxbilmiş və kinli olmalarının sübutu kimi belə bir əhvalatı qələmə alır: 1903-cü ildə Məhəmməd və Salman adlı iki qardaş kəndlərindən qaçaraq meşəyə gəlir və burada Aleksan adlı bir erməni ilə dostlaşır. Qardaşlar hər gün erməniyə cürbəcür yeməklər gətirib onları qardaş malı kimi tən yarıya bölüb, ermənini də qonaq edirlər. Erməni isə bir neçə gündən sonra özü kimi iki erməni məlununu da gizlicə ora gətirir və qardaşları yatdıqları yerdə qətlə yetirirlər.
Kitabda təsvir olunan hadisələr daha çox Qarabağ torpağında, xüsusilə də onun başkəndi-tacı sayılan Şuşada baş verir. Bununla belə, müəllif yeri gəldikcə erməni millətçilərinin Bakı və İrəvanda, Naxçıvan və Təbrizdə, Tiflis və Xorasanda törətdikləri təxribatları da nəzərdən qaçırmır və onların bir mərkəzdən idarə olunmalarını vurğulayır. Əsərin səciyyəvi müsbət cəhətlərindən biri onun konkret hadisələrin təsvirinə yönəlməsi və müəllifin bu hadisələrdə ya bilavasitə iştirakı, ya da onları başqalarından eşitməsi əsasında qələmə alınmasıdır. Bu isə aydındır ki, kitabın mötəbərliyinin bir əlaməti kimi dəyərləndirilə bilər. Bu da maraqlıdır ki, müəllif təsvir etdiyi hadisələri sadəcə bir seyrçi kimi qələmə almır, əksinə, hər dəfə öz vətəndaşlıq mövqeyini də ortaya qoyur, təhlillər edir, nəticələr çıxarır, ümumiləşdirmələr aparır və bir el ağsaqqalı kimi baş verənlərə öz müəllif mövqeyini bildirməkdən çəkinmir.
Əsərdə diqqəti çəkən məqamlardan biri də baş verən hadisələr zamanı türklər və müsəlmanlar arasında sarsılmaz birlik olmasının xüsusi olaraq vurğulanmasıdır. Kitabın bir yerində 1906-cı ildə Əsgəran yolu ermənilər tərəfindən bağlananda və Şuşa qalası blokadada qalanda bir sıra möhtərəm şəxslərin yerli kasıblara əl tutmalarından söhbət açılır və burada Bakıdan Məşhəd və Aşqabaddan, Ərdəbil və Rəştdən, hətta uzaq Kazandan da yerli müsəlman əhalisinə edilən ianə və köməklər göstərilir.
Kitabda Nəvvab həm də qızğın bir vətənpərvər kimi çıxış edərək ermənilərə qarşı vuruşan adi insanların igidliyini böyük vəcdlə qarşılayır, onların şücaət və mərdliyini alqışlayır. Müəllif 1905-ci ilin avqust ayında Şuşada baş verən qanlı olayları təsvir edərkən Azərbaycan türklərinin görünməmiş igidlik və şücaətini böyük coşqu ilə təsvir edərkən onların necə vuruşmalarına heyran qalan qubernatorun dilindən deyir: "Bu hünər heç yaponda da olmayıb. Heç bir nizam görməyən bir millətin (Azərbaycan türklərinin – M.N.) belə bir hünər göstərərək səngərlər tutması çox qəribədir".
Mir Möhsün Nəvvab Azərbaycan türklərinin humanistliyindən də ürəkdolusu danışır. Məsələn, yenə 1905-ci il Şuşa hadisələrindən söz açarkən bazar darğası (polisi) İsmayıl bəyin müsəlman bazarındakı dükanlarda gizlənmiş erməniləri öz evinə apararaq orada tam əminlikdə saxladığına bəraət qazandırır. Eləcə də əsərin bir yerində kilsəni tutan müsəlmanlara kilsənin divarlarına toxunmamağı, Allah evinə ehtiramla yanaşmağı tövsiyə edir. Ermənilər isə əksinə, ələ keçirdikləri məscidlərə od vurur və Allahın evinə qarşı nalayiq hərəkətlər edirdilər. Kitabda ermənilərin müsəlmanlara qarşı vəhşiliklərinin təsviri də qırmızı xətlə keçir. Belə ki, ermənilər qocalara, uşaqlı analara belə rəhm etmir, onları əzabla öldürür, bədən üzvlərini kəsir, meyidləri tanınmaz vəziyyətə salırmışlar. Məlum olduğu kimi, ermənilər keçən əsrin sonlarında da istər azərbaycanlıların əzəli torpaqları olan Qərbi Azərbaycanda, istərsə də Dağlıq Qarabağda, xüsusilə də Xocalıda yerli əhaliyə qarşı qəddarlıq və vəhşilik hərəkətlərinə əl atıblar. Bu, onların əbədi və əzəli xislətidir. Ermənilərlə təmasda olanlar, onları az-çox tanıyanlar bu tayfanın nə qədər iyrənc əməl sahibləri olduqlarını yaxşı bilirlər.
Nəvvabın bu kitabını bədii-publisistik bir əsər kimi dəyərləndirmək məqsədəuyğundur. Belə ki, müəllif hadisələrin bir çoxunun bədii şəkildə təsvirinə üstünlük verir, yeri gəldikcə uyğun şeir parçalarını da nəsr arasında işlədir ki, bu da əsərin bədii keyfiyyətlərini, estetik dəyərini daha da artırır.
Kitabda da qeyd olunduğu kimi, ermənilər özlərinin mənfur niyyətlərini həyata keçirmək üçün müxtəlif hiylələrə əl atır, gah özlərini yazıq məzlum millət kimi göstərir, gah da yalquzaq kimi dişlərini qıcadaraq görünməmiş, ağlasığmaz vəhşiliklər törədir. Əsərin ayrıca bir fəslində ermənilərin kazaklarla əlbir olmaları və onların köməyilə Azərbaycan türklərinə qarşı talan və qarətlər törətdikləri qələmə alınır.
Tarix təkrar olunur deyirlər: 1988-ci ilin fevralında da həmin ermənilərin xələfləri rus zabitləri ilə əlbir olub Xocalı qətliamını törətdilər. Məhz bütün bu olayları göz önünə gətirdikdə Nəvvabın bu kitabının bu gün də olduqca aktual olduğunu, oradakı bir çox mətləblərin yaşadığımız günlərlə səsləşdiyinin şahidi oluruq.
Nəvvab bu kitabı qələmə alarkən artıq ömrünün ixtiyar çağlarını yaşayırdı, yaşı 70-i haqlamışdı. Kitabda onun bir el ağsaqqalı rolunda çıxış etməsi, ermənilərə ağıllarını başlarına yığmalarını məsləhət görməsi də diqqəti çəkir. Belə ki, əsərin ayrıca bir fəsli "Erməni tayfasına nəsihətlər" adlanır və müəllif burada ermənilərə Allahı düşünməyi, Allahdan qorxmağı, zülmdən, vəhşilikdən əl çəkməyi tövsiyə edir: "Mən bilmirəm fitnə-fəsad törədib xalqı qırğına verən bu erməni quldurları o dünyada sorğu-sual zamanı adil Allaha nə cavab verəcəklər?
Bu qədər zülm, sitəmkarlıq, insafsızlıq və özbaşınalıqla bu əyalətdə bayrağınızı qaldırmaq istəyirsiniz. Lakin ona nail olmayacaqsınız... Bunu yəqin bilin ki, bu zülmlərin əvəzi çox tezliklə onu törədənlərdən çıxılacaq".
Nəvvabın bu sözləri onun uzaqgörən olduğunu, ermənilərin hələ çox fitnələr törədəcəyini, lakin sonda məğlub olacaqlarına əminlik yaradır. Məhz bu keyfiyyətlərinə görə dövrünün qabaqcıl ziyalısı, ensiklopedik zəka sahibi Mir Möhsün Nəvvabın "1905-1906-cı illərdə erməni-müsəlman davası" kitabı yaxın keçmişimizi özündə yaşadan mötəbər bir qaynaq kimi dəyərləndirilir və xalqımızı haqq işi uğrunda mübarizəyə səsləyir.
Mir Möhsün Nəvvab məşhur "Təzkireyi-Nəvvab" əsərində özü haqqında məlumat verərkən çoxsaylı kitabları haqqında da qısa bilgi təqdim edir və onları qələmə almaqda əsl məqsəd və məramının öz həmdəmlərinə və millətə xidmət olduğunu dilə gətirir.
Vətənpərvər ziyalının bu sözlərini eynilə müəllifin bu kitabına da aid etmək olar. Nəvvabın 1905-1906-cı illərdə ermənilərin xalqımıza qarşı törətdiyi qətl və qırğınları, vəhşilik və amansızlıqları qələmə almaqda iki başlıca məqsədi, məramı olub:
Birincisi: Ermənilərin iç üzlərini, xəbis niyyətlərini, təbiətlərindəki satqınlığı və ikiüzlüyü açıb göstərmək;
İkincisi: həmvətənlərini erməni fitnələri qarşısında ayıq-sayıq olmağa çağırmaq və lazım gəldikdə onlara layiqli cavab verməyə ruhlandırmaq.
Məhz bu keyfiyyətlərinə görə Nəvvabın sözügedən kitabı yazıldığı 1906-cı ildə nə dərəcədə aktual və əhəmiyyətli idisə, yaşadığımız günlərdə də eyni dərəcədə aktualdır və əhəmiyyətlidir.

Möhsün Nağısoylu
Professor