Səttar Bəhlulzadənin fərdi sərgisi açılacaq Mədəniyyət

Səttar Bəhlulzadənin fərdi sərgisi açılacaq

Noyabrın 7-si Xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 105, ölümünün 40 illiyinə həsr olunmuş fərdi sərgisi açılacaq. Sərgi görkəmli sənətkarın ev muzeyində keçiriləcək. Sərgidə rəssamın şəxsi kolleksiyalarda qorunan və əksəriyyəti bu vaxta kimi nümayiş olunmamış 30 əsəri təqdim ediləcək. Nümayiş olunan əsərlər "Səttar Bəhlulzadə -105. Qrafika" adlı kataloqda əks olunub. Səttar Bəhlulzadənin qrafikaları yaradıcılığının mühüm bir hissəsini təşkil edir. Bəhlulzadə qrafik əsərlərini bu janrın müxtəlif təsvir vasitələri ilə işləyib. 1966-cı ilin oktyabrında Praqada Səttar Bəhlulzadənin qrafik əsərlərindən ibarət fərdi sərgisi açılıb. Bu, Azərbaycan rəssamının Avropada ilk fərdi sərgisi idi. Boyakarlıq əsərlərində olduğu kimi, rəssam çoxsaylı qrafikalarında da əsas etibarilə Azərbaycan torpağını, onun təbiətini, bu təbiətin yetirdiyi nemətləri dönə-dönə tərənnüm edib. "Tut ağacları", "Bilgəh kəndi", "Gözəllər", "Dağlar və göl", "Sənaye mənzərəsi", "Keramika və meyvələr", "Dağlar və buludlar" və digər əsərlərində rəssam vətənimizin səfalı guşələrini qrafika sənətinin təsvir vasitələrindən məharətlə istifadə edərək, böyük məhəbbətlə təsvir edib. Bu əsərlərə baxdıqca müəllifin orijinal dəst-xətti, bənzərsiz duyma qabiliyyəti bir daha üzə çıxır. Səttar Bəhlulzadə mənzərə və natürmortlarla yanaşı, qrafik əsərlərində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin, eyni zamanda, "Leyli və Məcnun"un müxtəlif obrazlarını yaradıb. Böyük emosionallıq və geniş improvizasiya ilə yaradılan bu qrafik rəsmlər bəşəri incəsənət əsərləri sırasında öz layiqli yerini tutub.