“Dədə Qorqud Kitabı”: tariximizin ilk yazılı dərsliyi” Mədəniyyət

“Dədə Qorqud Kitabı”: tariximizin ilk yazılı dərsliyi”

"Dədə sözü işığında", Bakı folklor örnəkləri", "Yardımlı folklor örnəkləri" yeni kitablardır

AMEA Folklor İnstitutunda fil.ü.f.d. Elxan Məmmədlinin "Şair Nəbi Borçalı: həyatı, mühiti, sənəti" kitabı nəşr olunub. Kitabın redaktoru fil.ü.e.d. prof. Mahmud Allahmanlı, rəyçilər xalq şairi Nəriman Həsənzadə, xalq şairi Zəlimxan Yaqubdur. Kitab XIX əsrin sonu, XX əsrin birinci yarısında yaşayıb-yaratmış unudulmaz el şairi Nəbi Borçalının həyat və yaradıcılığına həsr edilib. Kitabda əsasən ölməz sənətkarın Vətən, təbiət, məhəbbət, tərbiyəvi-didaktik, dini-ürfani şeirləri təhlilə cəlb edilib. Kitabda həm də Şair Nəbinin deyişmə və dastan yaradıcılığından da bəhs edilir.
"Saatlı folklor örnəkləri" (I cild) kitabında bölgədən toplanmış 100-ə qədər nağıl və 54 lətifə yer alıb. "Elm və təhsil" nəşriyyatında çapdan çıxmış kitab ilk növbədə yenilikləri ilə diqqəti cəlb edir. Kitabda Seyid Xədicə Ağayeva, Şəfiqə Ağayeva və Şərqiyyə Cəfərova kimi maraqlı təhkiyəyə sahib nağıl söyləyicilərinin repertuarı verilib, ailəvi nağılçılıq ənənəsinə dair maraqlı faktlar öz əksini tapıb. Bölgədən 10-a qədər yeni nağıl süjeti aşkar edilib, "Malik Əjdər", "Əbəlfəz aşiqi", "Comərd qəssab", "Şah qızının arzusu" kimi az toplanmış bir çox süjetlərin yeni variantları yazıya alınıb. Kitab sosial-iqtisadi dəyişikliklərlə əlaqədar nağıllarda gedən prosesləri, söyləyiciliyin müasir durmunu izləmək, həmçinin bölgə folklorunu öyrənmək baxımından mühüm əhəmiyyət daşıyır.
Kitabın hazırlanmasında Folklor İnstitutunun arxivində saxlanan, həmçinin 2012-2013-cü illərdə rayona təşkil edilən ezamiyyələr zamanı toplanan materiallardan istifadə olunub. Materialların toplayıcıları institutun əməkdaşları İlkin Rüstəmzadə, Qədim Qubadov və Elsevər Muradov, tərtibçisi və ön sözün müəllifi isə fil.ü.f.d. İlkin Rüstəmzadədir. Professor Əzizxan Tanrıverdinin "Dədə sözü işığında" müəllifin "Dədə Qorqud" eposunun dilinə həsr etdiyi 9-cu kitabdır. Kitabın redaktoru AMEA-nın müxbir üzvü, fil.ü.e.d. Muxtar Kazımoğlu (İmanov), rəyçilər fil.ü.e.d., prof. Ramazan Qafarlı, fil.ü.e.d., prof. Məhərrəm Məmmədli, fil.ü.e.d., prof. Minaxanım Təkləli, fil.ü.e.d. Seyfəddin Rzasoy və İlham Abbasovdur.
Monoqrafiyada "Dədə Qorqud kitabı"nda işlənmiş qohumluq terminləri tarixi-linqvistik müstəvidə tədiq edilir. Oğuz kişiləri və xanımları, eləcə də başqa qohumluq münasibətləri "Kitab"ın poetik strukturu kontekstində araşdırılır, eyni zamanda qorqudşünaslığa dair bir sıra əsərlərə münasibət bildirilir. Akademik Tofiq Hacıyevin "Dədə Qorqud Kitabı": tariximizin ilk yazılı dərsliyi" kitabının redaktorları AMEA-nın müxbir üzvü, fil.ü.e.d. Muxtar Kazımoğlu (İmanov) və fil.ü.f.d. Nail Qurbanovdur. Müəllif "Türkün möcüzələrindən biri: "Dədə Qorqud Kitabı" adlı önsözdə yazır: "Heç bir xalqın qəhrəmanlıq dastanında onun tarixi Azərbaycanın müəyyən dövr tarixinin "Dədə Qorqud Kitabı"nda verildiyi qədər canlı, mötəbər və dəqiq əks olunmur. Dədə Qorqud qəhrəmanlıq dastanı tariximizin ilk yazıl dərsliyidir. Bu dərslik millətimizin tarixi-etnoqrafik damğası və ailə-əxlaq məcəlləsi sayılır. Bu dərslik qəhrəmanlıq salnaməmizdir, həm də bədii ədəbiyyatımızın yazılı başlanğıcıdır, bədiiliyin kamillik örnəyidir, dilimizin qədim gözəlliyinin güzgüsüdür. Kimlik vəsiqəmizdir, bizi biz edən keyfiyyətlərin toplusudur".
Kitabda "Dədə Qorqud Kitabı", "Bədii quruluşu haqqında müxtəsər söz", ""Dədə Qorqud Kitabı" oğuz tarixinin yazılı dərsliyi kimi", "Bir daha Qorqudun kimliyi haqqında", "Əski türk demokratiyası "Dədə Qorqud"un gözü ilə", "Kitabda Oğuz ailəsi", "Dədə Qorqud dünənimizin keçmişidir", "Şumer mifləri və "Dədə Qorqud" Kitabı", "Dədə Qorqud Kitabı" ədəbi-bədii hadisə kimi", "Kitab"ın dilinin iki sintaktik xüsusiyyəti", "Həmişəyaşar Dədə Qorqud ədəbiyyatı" və s. bölümlərdən, zəngin ədəbiyyat siyahısından ibarətdir. Kitab "Dədə Qorqud" eposunun elm aləminə bəlli olmasının 200 illiyinə həsr edilib.
"Bakı folklor örnəkləri" I cildinin əsas qaynaqları vaxtilə Bakıdan toplanmış və indi AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə edilən folklor nümunələri və etnoqrafik materiallardır. Kitabda əksini tapan materiallar görkəmli aktyor Hüseynqulu Sarabskinin fondunda yer almaqdadır. Ərtoğrul Cavidin Bakıdan topladığı mərasim və musiqi folkloru materilları, "Məktəb", "Dəbistan", "Rəhbər", "Tuti", "Azərbaycanı öyrənmə yolu" dərgilərində, Azərbaycanı tədqiq və Tətəbbö Cəmiyyətinin nəşrlərində yer almış folklor örnəkləri də bu cildə salınıb.
Ötən əsrin 20-ci illərinədək Bakıda əski əlifba ilə nəşr edilmiş meyxana kitabları, el şairlərinə həsr olunmuş yazılar da "Bakı folklor örnəkləri"ndə toplanıb. Kitabda yer almış materialların bir hissəsi də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun arxivində qorunan əsas etibarilə etnoqrafik mahiyyətli örnəklərdir. Layihənin rəhbəri AMEA-nın müxbir üzvü, fil.ü.e.d. Muxtar Kazımoğlu (İmanov), tərtibçilər və ön sözün müəllifləri fil.ü.f.d. Rza Xəilov, fil.ü.f.d. Afaq Ramazanovadır.
"Yardımlı folklor örnəkləri" kitabına Yardımlı bölgəsindən toplanmış folklor örnəkləri (mifoloji rəvayətlər, əfsanələr, rəvayətlər, inanclar, atalar sözü və deyimlər, laylalar, tapmacalar, mərasim folkloru, toy adətləri, bayatılar, ağılar, ağı-epitafiyalar, nəğmələr, meyxanələr, türkəçarələr, lətifələr, nağıllar, aşıq şeirləri və s.) daxil edilib. Folklor örnəkləri 1987-ci il və 2013-cü il folklor ekspedisiyaları zamanı toplanıb. Kitabın sonunda Yardımlı folklorunda işlənən dialekt sözləri, qeydlər və şərhlər, söyləyicilər və toplayıcılar haqqında məlumat da yer alıb. Kitab görkəmli folklorşünas alimlər İsrafil Abbaslının və Bəhlul Abdullanın xatirəsinə həsr olunub.
Kitabı tərtib edənlər fil.ü.f.d. Elxan Məmmədli, fil.ü.f.d. Bilal (Alarlı) Hüseynov, redaktoru fil.ü.f.d. Tahir Orucov, rəyçilər xalq şairi Sabir Rüstəmxanlı, fil.ü.f.d. Elçin Abbasovdur.
Fil.ü.e.d. Seyfəddin Rzasoyun "Müasir Azərbaycan folklorşünaslığı" (I cild, Mif və epos məsələləri) kitabında müəllifin müasir Azərbaycan folklorşünaslığında mif və epos məsələlərinə dair tədqiqatlar haqqındakı resenziyaları toplanıb.
Ayrıca məqalələr, yaxud kitablara yazılmış müqəddimələrdən ibarət bu resenziyaları bir neçə əsas xüsusiyyət birləşdirir. Bu yazıların hamısı müəllifin müstəqillik dövrü Azərbaycan folklorşünaslığı üzərində apardığı ardıcıl müşahidələrini əks etdirir, hansı formada (məqalə, yaxud müqəddimə) yazılmağından asılı olmayaraq, həmin yazılarda təqdim olunan kitablar həsr olunduğu problemin tarixi və bugünü baxımından dəyərləndirilir. Müəllif resenziyalarda təqdim etdiyi əsərlərin probleminə fərdi elmi baxışlarını da gerçəkləşdirir.
Kitabın redaktoru və ön sözün müəllifi fil.ü.e.d., prof. Ramazan Qafarlıdır.
Vəfa İsgəndərovanın "Ənənəvi nağıl formulları (Azərbaycan və Türkiyə nümunələri əsasında)" kitabı çap olunub. Ənənəvi formullar nağıl təhkiyəsinin tərkib hissəsidir və üslubi xarakter daşıyır. Bununla yanaşı, onlar nağıl təhkiyəsinin ən qədim ünsürləri sayılır. Bu isə onların qədim folklor ənənəsindən süzülüb gəldiyini göstərir. Ona görə də nağıl ifaçılığı zamanı istifadə olunan ənənəvi epik formulların öyrənilməsi nağılların poetik xüsusiyyətlərini üzə çıxarmaqla yanaşı, onların qədimliyini də ortaya qoymuş olur. Monoqrafiyada Azərbaycan və Türkiyə türklərinin nağıllarında müşahidə olunan ənənəvi nağıl formullarının tipoloji xüsusiyyəti öyrənilir. Bu nağıllarda müşahidə olunan tipoloji cəhətlər dolayısı ilə onlarıın vahid epik ənənə əsasında yarandığını göstərir. Kitab 3 fəsildən, nəticə, ədəbiyyat və əlavədən ibarətdir. Kitabın redaktoru fil.ü.f.d. Əfzələddin Əsgər, rəyçilər fil.ü.f.d. İlkin Rüstəmzadə, fil.ü.f.f. Oruc Əliyevdir.

Uğur