Qarabağ bölgəsi ovçuluq mədəniyyətinin canlı daşıyıcısıdır Mədəniyyət

Qarabağ bölgəsi ovçuluq mədəniyyətinin canlı daşıyıcısıdır

Ovçu Pirimlə bağlı mətnlərdə Qarabağ bölgələrinin və ətraf ərazilərin adı çəkilir, məsələn, Ovçu Pirimin Murov dağında ova çıxması, Kəlbəcərdə Ovçu Pirim daşının mövcudluğu və həmin məkanın ziyarətgah hesab olunması, Dağ Tumas, Çələbilər, Bağırsoltanlı kimi kəndlərin adının Ovçu Pirim, Dərviş Pirim hekayələrində çəkilməsi bu bölgənin qədim türk yurdu Azərbaycan olmasını bir daha sübut edir. Bu mətnlərdə yad yer adlarına və yaxud da yad nağıl qəhrəmanlarının adlarına rast gəlinmir
Ovçuluq bəşər sivilizasiyasının qədim və inanclı, qayda-qanunlarla idarə olunan, ancaq kişilərə məxsus, bütün dövrlərin calib peşələrindən biri olub. Azərbaycan ərazisində rast gəlinən ovçuluq epoxasının izlərini həm daş incəsənətində, həm də folklor nümunələrində görmək mümkündür. Qarabağ bölgəsi isə ovçuluq mədəniyyətinin canlı daşıyıcısıdır. Buradan tapılmış maddi mədəniyyət nümunələrində prototürklərin ovlama üsullarını, ova çıxmazdan qabaq və sonra keçirilən ritualları, ov inanclarını, adət-ənənələrini müşahidə etmək mümkündür.
Qarabağ bölgəsi üçün xarakterik olan ov təsəvvürləri çox mürəkkəb dini-fəlsəfi ideoloji baxışlar sistemidir. Qədim insanlar əvvəlcə ovçuluğa təbii ehti-yacdan yaranmış fəaliyyət növü kimi baxmışlar, yəni təbiətin məhsulu olan insan yaşamaq üçün yeməli və geyməli idi. Daha doğrusu, yaşamaq uğrunda mübarizə aparan insanın keyfiyyətli qidaya və soyuqdan qorunmaq üçün isti geyimə ehtiyacı var idi. İnsan-təbiət, ov-ovçu münasibətləri bu zərurətdən meydana çıxmışdı. Sonradan bu münasibətlər insanların dini-mifoloji dünyagörüşü ilə birləşərək ovçuluq mədəniyyətinin yaranmasını şərtləndirib.
Qarabağdan toplanmış ovçuluq hekayələrində qədim türklərin ov ənə-nələrinə sadiq qalmasından, ovlamada hədd gözləməsindən, meşə qanunlarına riayət etməsindən və ov silahından istifadə qaydalarından danışılır. Kəlbəcər qayalarında təsvir olunmuş totem heyvanların rəsmi, ov səhnələri, günəş təsvirləri qədim ovçuluq təsəvvürlərindən xəbər verir. Qarabağdan tapılmış qoç, qoyun, at, buğabaşlı heykəllər və onların üstünə çəkilmiş ov səhnələri bu bölgənin daş incəsənətinə xas qiymətli nümunələrdir.
Qarabağın ovçuluq təsəvvürlərinin bir hissəsi Azərbaycan nağıllarından yaxşı tanıdığımız Ovçu Pirim obrazı ilə bağldır. Bu bölgənin zəngin folkloru Ovçu Pirim obrazına aydınlıq gətirir. Toplanmış mətnlərdən aydın olur ki, Ovçu Pirim həm nağıl, mifoloji mətn personajıdır, həm də real şəxsdir. Hər ikisində onun heyvanların dilini bilən, xeyirxah, ədalətli olması göstərilir. Heyvanların dilini bilmək qabiliyyətini ona ilanlar şahı verib. İlan türk mifologiyasında yeraltı dünyanın hakimi Erlikin əsgəridir. İlanın verdiyi möcüzəli qabiliyyət sayəsində Ovçu Pirim heyvanların, quşların dilini bilir və bundan fayda götürür, amma bu sirdir, sirr açılarsa ovçunu ölüm gözləyir. Nağıllarda onun arvadı ilə mübahisəsi, arvadının tərsliyi, itinin sadiq və vəfalı olması, axsaq quzunun ona var-dövlət gətirməsi, erkək heyvanlardan (qoç, xoruz) dərs alması və s. əsas süjetlərdir. Nağıl süjetləri ovçuluq inancları ilə sıx bağlıdır.
Ovçu Pirim “Oğuznamə”də rast gəldiyimiz Tuman xan obrazının variantıdır. Tuman xan heyvanların dilini bilən və bunu sirr kimi qoruyan oğuz hökmdarıdır. Tuman xanla bağlı “Oğuznamə” də verilən hekayənin (Qara Barak əhvalatı) başqa variantı Zəngəzur folklorunda qeydə alınıb.
Qarabağdan toplanmış nümunələrdə Ovçu Pirimin kimliyinə aydınlıq gətirilir: onun əvvəlcə ayrı adı varmış, bir dəfə ov zamanı heyvan dərisinə bürünmüş oğlunu səhvən vurduğuna görə ovçuluqdan tövbə edib Ovçu Pirim kimi tanınıb. Bu adın pir sözü ilə bağlanması təsadüfi deyil. Ovçu Pirim ovçuluğun müqəddəs ocağı, piri olaraq mətnlərə daxil olub. Sonradan bu şəxs Dərviş Pirim, Qara Pirim adları ilə tanınıb. Bu şəxs Qarabağda müqəddəs şəxslərdən – övliyalardan sayılmış, qarabağlıların inanc yeri, şəfa ocağı hesab olunub.
Ovçu Pirimlə bağlı mətnlərdə Qarabağ bölgələrinin və ətraf ərazilərin adı çəkilir, məsələn, Ovçu Pirimin Murov dağında ova çıxması, Kəlbəcərdə Ovçu Pirim daşının mövcudluğu və həmin məkanın ziyarətgah hesab olunması, Dağ Tumas, Çələbilər, Bağırsoltanlı kimi kəndlərin adının Ovçu Pirim, Dərviş Pirim hekayələrində çəkilməsi bu bölgənin qədim türk yurdu Azərbaycan olmasını bir daha sübut edir. Bu mətnlərdə yad yer adlarına və yaxud da yad nağıl qəhrəmanlarının adlarına rast gəlinmir. Mətn söyləyiciləri (qaçqınlar, məcburi köç-künlər) Qarabağda yaşamasalar da, söylədikləri əhvalatlardan onların Qarabağın aborigen əhalisi olduğu anlaşılır. Gəlmə xalq heç vaxt bölgənin tarixini, adət-ənənəsini, folklor mühitini bu qədər yaxından bilə bilməz. Türk ovçuluğuna məxsus bütün əlamətləri Qarabağ bölgəsi mətnlərində görmək mümkündür.
Qarabağ folklorunda Ovçu Pirimdən başqa bir çox övliyaların adları çəkilir ki, bunlar da orta əsr Qarabağ mühitinin ovçuluq ənənələri ilə bağlanır. Onların içində ən məşhuru Hacı Qaraman adlı övliyadır. Onun marala mindiyi və arvadının maralları sağdığı haqqında rəvayətlər söylənilir. Maral türk ovçuluğunda totem sayılan ovlanması qadağan heyvanlardandır. Qafqaz, Azərbaycan və Altay xalqlarının ovçuluq hekayələrində maralın ov tanrısı sayıldığı göstərilir. Qarabağda Hacı Qaraman, Çələbilər, Hacı Qasım Çələbi, Hacı Alı Çələbi, Ağdonlu şıx və s. xalqın çox inandığı şeyxlər olmuşlar. Rəvayətlərdə ov heyvanlarının şeyxlərin evinə gəlməsi, buynuz salması, ov heyvanının buynuzunun və südünün sağalmaz dərdlərin davası, şəfaverici, möcüzəli xassəli olması haqqında danışılır. Niyə bu adamların xalqın inanc yeri olması və ovçuluqla bağlanması məsələsinə aydınlıq gətirək.
XIII əsrdə türk dünyasında sufiliyin daxil olması ilə həm yazılı, həm də şifahi ədəbiyyatda intibah baş verib, xalqın təbiət, yaradılış (tanrı+insan+kainat) haqqında dünyagörüşünə təsirini göstərib. Bu təkamül, oyanış insanların tanrıçılıqla bağlı görüşlərində də hiss olunur. Ovçuluq tanrıçılıqla bağlı peşə olduğuna görə xalqın dini-mifoloji görüşləri təsəvvüflə birləşərək yeni ideoloji baxışların meydana çıxmasına səbəb olub. Daha aydın deyilsə, əski dünyanın marala minmiş və yaxud da maral donunda görünən ağ saqqallı ov tanrısı yerini orta əsrin marala minmiş ağ saqqallı övliyasına verib; funksiyalar eynidir, obrazlar fərqli.
Qeyd etmək lazımdır ki, Qarabağın ov təsəvvürləri çox zəngindir, burada ovçu ilə evlənən ov tanrıçası haqqında, ovçunun arvadını güdməsi və sirr açılandan sonra qadının marala dönərək evini tərk etməsi haqqında əfsanələr qeydə alınıb. Qarabağ bölgəsi qədim ov məskənlərindəndir və bölgə kifayət qədər araşdırılmayıb. Zəngin sərvətləri və təbii mühiti Qarabağın özünü ov edib, həmişə onu ovlamaq istəyən ovçular çox olub. Hərbi münaqişələr bölgənin araşdırılmasına daim əngəl törədib. Düşünürəm, bölgənin bundan sonra geniş və əhatəli tədqiqi üçün zaman yetişib, zaman hər şeyi yoluna qoyur və öyrənmək heç vaxt gec deyil.

Aynur Cəlilova
filologiya üzrə fəlsəfə doktoru