Novruzun strukturu Mədəniyyət

Novruzun strukturu

Onun tərkibi quruluşca mürəkkəb, məzmunca dərin və geniş əhatəlidir

III yazı

"Novruz" Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən mədəniyyət hadisəsidir. "Novruz"un tərkibi quruluşca mürəkkəb, məzmunca dərin və geniş əhatəlidir. Müasir dövrümüz üçün bu bir milli bayramdır. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük. Keçmişdə olduğu kimi bu gün də Azərbaycanda, Türkiyədə və Orta Asiya türk dövlətlərində "Novruz" mart ayında bahar bayramı kimi qeyd olunmaqdadır.
"Novruz"un əsasında əski xalq mərasimləri dayanır. Dünya xalqlarının bir çox mərasimləri də belədir. Onlardan bəzilərinə zamanla dini mahiyyət qazandırılır və beləliklə də əski mərasim mədəniyyəti ilə dini adətlər birləşmiş olur. Məsələn, qurban bayramında olduğu kimi. Bunun başlanğıcdan arxaik bir ritual olduğu və sonradan dini əfsanələrlə dini bir mahiyyət qazandığı məlumdur.
Xristianlar və musəvilər xristian din adamlarının yüz illərlə bir müşrik bayram sayarak mücadilə etdikləri, günəşin dönüşü olan 20-25 dekabr tarixli romalıların əski "Saturnalia" bayramı, milad təqviminin dördüncü əsrində "Mövludi-İsa" bayramı kimi xristianlar tərəfindən qeyd olunmağa başlayıb. Yəhudilərin "Pesah" dedikləri, xristianların "Paska" bayramı da mənşəyi baxımından insanların təbiətə inandıqları dövrün dünyəvi yaz bayramının davamından ibarətdir. "Novruz", "Yeni il" və "Mehirqan" bayramları üçün də eyni metod keçərlidir. Yəni zaman keçdikcə insanlar imtina edə bilmədikləri ibtidai dönəmin ənənələrini bir növ uyduraraq dini bayramlar olaraq qəbul ediblər. "Novruz"un da rəsmi bayram kimi keçirildiyi qədim və orta əsrlərdə o, dini əfsanələrlə əlaqələndirilib və ona dini bir mahiyyət qazandırmağa cəhd göstərilib: "Novruz" Həzrət Əlinin doğulduğu gündür; Həzrət Əlinin taxta çıxdığı gündür; Həzrət Əlinin Fatimeyi Zəhra ilə evləndiyi gündür; Nuhun yerə ayaq basdığı gündür; Yunus peyqəmbərin balığın qarnından çıxdığı gündür və s.
Novruz yazılı qaynaqlarda. "Novruz" haqqında məlumatlara Biruni Əbu Reyhanın "Asarul Baqiye" (Pamyatniki minuvşix pokoleniy) , Kaşğarlı Mahmudun "Divanü luğat-it türk", Balasaqunlu Yusif Has Hacibin "Kutadqu biliq", Ömər Xəyyamın "Novruznamə", Nizamülmülkün "Siyasətnamə", Nizami Gəncəvinin "İsgəndərnamə" və b. əsərlərdə rast gəlirik. Biruninin müasiri olan mütəfəkkirlər Mahmud Kaşqarlı və Ömər Xəyyam "Novruz" haqqında müəyyən məlumatlar verib. Onların əsərlərində təkcə bu bayramın təbiətlə və onun qanunauyğunluqları ilə əlaqəsindən deyil, həm də onunla bağlı mərasimlər, sınamalar və rituallar haqqında bəhs edilir. Məsələn, Biruni belə bir sınama haqqında məlumat verir: "Əgər "Novruz"un ilk günü gün doğan vaxt hələ heç bir söz demədən üç qaşıq bal yesən və üç parça mum yandırsan bütün xəstəliklərdən xilas olarsan. Digər bir sınama isə belədir: "Hər kim səhər ibadətdən öncə bir az şəkər yesə və özünü zeytun yağı ilə yağlasa bütün il ərzində ona heç bir xəstəlik dəyməz".
Bu bayramdan bəhs edərək Biruni yazır: "İranlılarda belə bir adət var idi ki, "Novruz" günü bir-birinə şəkər verirdilər. Ona görə də Bağdad sakinin dediyinə görə Cəmşidin vətəni Azarbadda "Novruz" günlərində şəkər qamışı çıxır".
Qədim dövrlərdə Orta Asiya və İranda "Novruz" təkcə xalq bayramı kimi deyil, eyni zamanda dövlət bayramı kimi qeyd olunub. Tarixi məlumatlara görə insanları sosial qruplara görə bölürdülər. "Novruz" bayramı bir ay davam edirdi və hər qrupa beş gün ayrılırdı. Yəni hər bir sosial qrup bayramı onun üçün ayrılmış beş gündə qeyd edirdi. Məsələn, qədim İranda ilk beş gün padşaha, ikinci beş gün saray əyanlarına, üçüncü beş gün saray xidmətçilərinə və ali ruhanilərə aid olurdu. Padşah bayramın ilk beş gününü başlar, təəbələrini bir-birinə hörmət etməyə və xeyirxah olmağa çağırardı. İkinci gün padşah kəndlilərin və kübarların nümayəndələrini qəbul edərdi. Üçüncü gün süvariləri və möbidləri, dördüncü gün öz övladlarını, varislərini, beşinci gün isə sıravi təəbələrini qəbul edərdi. Altınıcı gün əsas bayram sayılırdı və ona "Böyük Novruz" deyilirdi. Xarəzmlilər və soğdlarda Sasanilərin hakimiyyəti dövründə rəsmi Novruz bayramı ilə yanaşı digər bayramların keçirilməsi də elan edilərdi. Biruninin əsərindən, Ömər Xəyyamın "Novruznamə"sindən və digər qaynaqlardan aldığımız məlumatlara görə, "Novruz"da yerə su səpərlərmiş, yaxınlara hədiyyə verərmişlər, yelləncəkdə yellənərmişlər, şirniyyat paylayarmışlar, yeddi illik məhsulu müəyyənləşdirərmişlər, ritual yuyunması, çimməsi və digər mərasimlər icra edilərmiş. Novruz günündə padşahın süfrəsində (dəstərxan) buğda, arpa, darı, qarğıdalı, noxud, mərcimək, düyü, küncüt və ya lobya unundan hazırlanmış çeşidli çörəklər düzərmişlər. Süfrənin ortasına yeddi cür ağacın (söyüd, zeytun, heyva, nar və s.) zoğunu, yeddi ağ piyalə, ağ dirhəm və ya yeni dinar qoyarmışlar. Padşah üçün ağ şəkərdən və təzə süd və xurma əlavə edilmiş kakos qozundan xüsusi yemək hazırlayarmışlar. Müasir dövrdə də İranda Novruz bayramı süfrəsinə ərəb hərfi "sin"lə (s hərfi) başlayan yeddi cür yemək qoyulur. Süfrədə turş və təzə süd, süzmə, boyanmış yumurta, müxtəlif meyvələr, qoz, fındıq və s. mütləq olmalıdır. Bu günə qədər gəlib çatmış əsas bayram yeməyi ritual "sumalak"ıdır. Qeydə edək ki, qədim dövrdə "Novruz"dan bir gün əvvəl bölgədə hava soyuyurdu ki, bu da qocalıb əldən düşmüş qarının son günləri kimi xatırlanır. Orta Asiyada yeni il ritualının sumalakdan başqa yeməyi "quja"dır.
"Sumalak"ın mövcud çörəyin (rizqi-ruz) və rifahın simvolu kimi hazırlanması böyük məharət tələb edirdi. O təxminən bütün bir sutka boyunca nəğmələrlə, rəqslərlə, əyləncə və oyunlarla müşayiət edilərək hazırlanırdı. Adətən sumalakın hazırlanması üçün işlədilən xammalı hamı hazırlayırdı. Ümumi şəkildə hazırlanan yemək bütün icma üzvlərinə paylanırdı.
"Novruz" bayramı şənliklərində kütləvi gəzintilər, xalq oyunları, yarışlar, rəqs və nəğmələr oxunması, təlxəklərin və kəndirbazların çıxışları olurdu. Ömər Xəyyamın məlumatına görə, qeyd etmək lazımdır ki, "Novruz"un 2600 ildən artıq yaşı vardır. Yenə də həmin müəllifin məlumatına görə, Novruz bayramında müharibələr və qarşılıqlı çəkişmələr dayandırılır, sülh müqavilələri bağlanır, hətta dəfn belə növbəti günlərə təxirə salınırdı. Bu bayram o qədər şad və şən bir bayram olub ki, o günlərdə təkcə təmtəraqlı təntənələr deyil, eyni zamnda xəstələrə müstəsna diqqət və qayğı göstərilib, qohum və dostlara baş çəkilib, qohum və yaxınların məzarları ziyarət edilib, bir-birinə qarşılıqlı inam və simpatiya ifadə edilərək bəşəri dəyərlər üstün tutulub.
"Novruz" təqvim mərasimi kimi. "Novruz"un həm də təqvim bayramı, ilin başlanğıcı olması onun möhtəşəmliyini və təntənəsini artırır. "Novruz" mövcud olduğu tarixi boyu bir neçə təqvim mərasimindən keçib. Bunların içərisində əski türk təqvimi, Zərdüştliklə bağlı təqvim, Səlcuqlu Məlik şahın Cəlali təqvimi, Elxanilərin Elxani təqvimi və s.
Bizim türk təqvimi kimi bildiyimiz təqvim M.Kaşqarlının "Divan"ında əfsanəsi ilə birlikdə təsvir olunub. Kaşqarlının məlumatına görə, "türklər on iki çeşid heyvanın adını götürüb on iki ilə vermişlər. Uşaqların yaşlarını, savaş tarixlərini və başqa şeyləri bu illərin keçməsi ilə hesablayırlar. Bu on iki heyvandan birincisinin adı siçandır. İlin başına da bu adla "siçan ili" deyilib. Digər heyvanların sırası belədir: öküz (ud), bars, dovşan (tavışqan), timsah (nək), ilan (yılan), at (yund), qoyun (koy), meymun (biçin), toyuq (takaqu), it (ıt), donuz (tonquz). Türklər bu illərin hər birində bir qismət olduğunu sanaraq fal açarlar, uğur sınayarlar. Məsələn, öküz ili girəndə savaş çoxalar, çünki öküzlər bir-biri ilə vuruşarlar, toz qaldırarlar. Toyuq ilində ərzaq bol olur, amma insanlar arasında qarışıqlıq çıxarmış, çünki toyuğun yemi dəndir. Dəni tapmaq üçün isə çöpləri, qırıntıları bir-birinə qarışdırır. Timsah ili girəndə yağış çox yağar, bolluq olurmuş, çünki timsah suda yaşayır. Donuz ili girəndə qar və soyuq çox olar, qarğaşalıq çıxarmış. Beləcə, türklər hər il bir şey olacağına inanırlar... Türklər ili dörd fəsilə bölərək ad verirlər. Hər üç ayın bir adı var. İlin ötməsi bununla bilinir. Yengigündən ("Novruz"dan) sonra yaza "Oğlaq ay", sonra "Uluğ oğlaq ay" deyirlər, çünki bu ikinci fəsildə oğlaq böyüyür. Bundan sonra "Uluğ ay" gəlir, çünki bu fəsil yayın ortasıdır. Yer üzündə nemət bollaşır, heyvanlar böyüyür, süd çoxalır. Başqası da belədir. Az işləndiyi üçün söyləmirəm". Əski türk xalq təqvimindəki "oğlaq", başqa deyilişlə "çəpiş" keçi balasıdır. Xalq təqviminin dominant elementi olan keçinin (oğlağın) əski türklərin həyatında çox önəmli bir yer tutması onun (yəni keçinin) arxaik ritualın, o cümlədən, mövsüm mərasimlərinin əsas personajlarından birinə çevrilməsini şərtləndirib. Digər tərəfdən isə universali xarakterli arxaik ritual personajı kimi əski türk "oğlağı", onunla eyni kateqorial anlayışı bölüşən "eçkü"nü və bizim mərasim folkorunda, müxtəlif oyunlarda mediativ rolu ilə seçilən "keçi"ni tipoloji hadisəyə çevirir. Dünya xalqlarının əksəriyyətinin mərasim folklorunda keçi personajı var və o, ritual-mifoloji mövqeyi və funksional semantikası baxımından bizim mərasim folklorundakı analoqu ilə bənzərlik təşkil etməkdədir. Arxetipdə identikləşən keçilərin zaman keçdikcə hər bir milli mərasim variantında fərqli xüsusiyyətləri də formalaşıb.
Əski türk xalq təqvimi bəzi türk xalqlarında müasir dövrə qədər gəlib çıxıb. Məsələn, başqırdlarda bəzi ayların adı qalıb: kekkuk ayı (mesyats kukuşki), kantar ayı, karasa ayı (ptitsa), hıyır ayı (surok) və s. İl adlarından isə at ili (qod konya), ilan ili (qod zmei), siçan ili (qod mışi), balıq ili (qod rıbı), bars ili, dovşan ili (qod zaytsa), ayı ili (qod medvedya), toyuq ili (qod kuritsı), şir ili (qod lıva), inək ili (qod korovı), qoyun ili (qod barana), meymun ili (qod obezyanı). Bu da təxminən əski türk təqviminin davamı sayıla bilər.

Ağaverdi Xəlil,
araşdırmaçı