ABŞ-Gürcüstan münasibətləri: Vaşinqton niyə susqundur? Gündəm

ABŞ-Gürcüstan münasibətləri: Vaşinqton niyə susqundur?

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ Prezidenti Donald Trampa və vitse-prezident Cey Di Vensə açıq məktub ünvanlayıb.

Məktubda Kobaxidze ABŞ-nin yeni administrasiyasını Gürcüstanla bağlı susqunluğa son qoymağa çağırır. O qeyd edir ki, bir neçə həftə əvvəl ABŞ-yə rəsmi məktub göndərməsinə baxmayaraq hələ də heç bir cavab almayıb. Baş nazir bu susqunluğun Gürcüstan xalqında və hökumətində ciddi təəccüb doğurduğunu bildirir.

Kobaxidze Bayden dövründə planlaşdırılmış inqilab cəhdlərinin qarşısını alan Gürcüstan rəsmilərinə qarşı tətbiq olunan sanksiyaların hələ də qüvvədə qalmasını sərt şəkildə tənqid edib.

Baş nazir ABŞ administrasiyasının Gürcüstanla strateji tərəfdaşlığı yenidən quracağına ümid etdiyini vurğulayıb. O, Tramp rəhbərliyini “dərin dövlət”ə qarşı mübarizədə səmimi olmağa çağıraraq bu prosesin Gürcüstan-Amerika münasibətlərində dönüş nöqtəsi ola biləcəyini bildirib.

ABŞ-nin susqunluğu nədən qaynaqlanır?

“Xalq Cəbhəsi” mövzunu siyasi şərhçilərlə araşdırıb.

“ABŞ bu gedişi regionda öz maraqları baxımından təhlükəli sayır”

Siyasi şərhçi Turan Rzayev bildirib ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ABŞ Prezidenti Donald Trampa və vitse-prezident Cey Di Vensə ünvanladığı açıq məktub, əslində Tbilisinin uzun müddətdir artan narahatlığının nəticəsidir: “Məktubda səsləndirilən ittiham və çağırışlar isə yalnız cari diplomatik böhranın ifadəsi deyil, ABŞ-Gürcüstan münasibətlərində yeni mərhələyə keçidin ehtimalı barədə də vacib mesajlar verir”.

T.Rzayev diqqətə çatdırıb ki, Kobaxidzenin məktubunda iki əsas tezis diqqət çəkir: “Birinci, Vaşinqtonun rəsmi Tbilisinin məktubuna cavab verməməsi və bu susqunluğun yaratdığı diplomatik boşluq, ikinci, Bayden administrasiyası dövründə Gürcüstan rəsmilərinə qarşı tətbiq olunan sanksiyaların hələ də ləğv olunmaması. ABŞ-nin Tbilisiyə qarşı sərgilədiyi mövqenin bir neçə səbəbi var. Birincisi, Bayden administrasiyası dövründə Gürcüstan “xarici təsirlərin şəffaflığı haqqında” qanu qəbul etdi. Vaşinqton bu qanunu QHT-lərə və müxalif mediaya qarşı təzyiq aləti kimi görürdü və bunu da açıq şəkildə dilə gətirdi. Gürcüstan hökuməti isə bu tənqidləri daxili işlərə müdaxilə kimi qəbul edirdi. Bu fikir ayrılığı diplomatik münasibətlərdə gərginlik yaratdı. Trampın hakimiyyətə gəlməsi də bu vəziyyəti dəyişmədi. İkincisi, Gürcüstan Rusiya ilə münasibətlərdə balanslı, zaman-zaman isə praqmatik xətt yürüdür. ABŞ bu gedişi regionda öz maraqları baxımından təhlükəli sayır”.

“ABŞ-Gürcüstan münasibətləri sabit qala bilər”

T.Rzayevin bildirdiyinə görə, üçüncü səbəb isə ABŞ-nin hazırda diqqətinin əsasən Ukrayna və Çin istiqamətində cəmlənməsidir: “Gürcüstan prioritetlər sırasında arxa plana keçib. Tbilisi Tramp administrasiyası ilə daha praqmatik və müdaxiləsiz tərəfdaşlıq xətti qurmaq niyyətindədir. Bu baxımdan açıq məktub həm bir siqnal, həm də diplomatik manevrdir. Məqsəd ABŞ-nin gələcək Yaxın Şərq və Cənubi Qafqaz siyasətində Gürcüstanın yenidən prioritet statusunu bərpa etməkdir. Qısamüddətli perspektivdə ABŞ-Gürcüstan münasibətləri sabit qala bilər. Lakin soyuqluğun qalması da mümkündür. Tərəflər açıq konfrontasiyadan yayınmağa çalışsalar da, qarşılıqlı inamsızlıq dərinləşə bilər. Xüsusilə ABŞ-nin Gürcüstandakı siyasi proseslərə müdaxilə kimi qəbul edilən mövqeyi bu inam boşluğunu genişləndirə bilər”.

O əlavə edib ki, uzunmüddətli perspektiv isə daha çox Tramp administrasiyasının atacağı real addımlardan asılı olacaq: “Əgər ABŞ Gürcüstanı yenidən Cənubi Qafqazda əsas tərəfdaş kimi görmək istəyirsə, Tbilisi ilə dialoq və qarşılıqlı etimada əsaslanan yeni format yaratmalıdır. Əks halda, Gürcüstanın Rusiya və Çin kimi alternativ güc mərkəzləri ilə əməkdaşlığa meyli arta bilər”.

Vaşinqtonun mraqları nəyi diktə edir?

Siyasi şərhçi Şəhla Cəlilzadə qeyd edib ki, Trampın yenidən Prezident seçilməsi Bayden dövründə ABŞ ilə münasibətləri pisləşən dövlətlər üçün ikitərəfli münasibətləri bərpa etmək ümidini artırıb: “ABŞ ilə münasibətləri qoruyub saxlamaq Azərbaycan üçün olduğu kimi Gürcüstan üçün də vacibdir. Bu, xüsusilə getdikdə artan qlobal gərginlik fonunda xarici siyasəti balanslaşdıraraq milli maraqları qorumaq baxımından lazımlıdır. Bilirik ki, Gürcüstanda ötən il gərgin hadisələr yaşandı. Xüsusilə “xarici agentlər haqqında” qanun qüvvəyə mindikdən sonra ABŞ və Avropa İttifaqının bir sıra ölkələri Gürcüstan hakimiyyətinə təzyiqlər etdilər. Hakimiyyət nümayəndələrinin Şengen zonasına vizasız hərəkət imkanları məhdudlaşdırıldı, Gürcüstanın Aİ üzvlüyü prosesi dayandırıldı, Qərb hakim “Gürcü Arzusu” partiyasını Rusiya yönümlülükdə ittiham etdi, oktyabrda keçirilən parlament, dekabrda isə prezident seçkilərini saxtalaşdırdığı iddiası ilə hakimiyyət dəyişikliyinə açıq çağırışlar səsləndirildi, hətta bir neçə Aİ ölkəsinin xarici işlər naziri Gürcüstandakı etiraz aksiyalarında şəxsən iştirak etdilər. İş o yerə çatmışdı ki,Avropa Parlamenti qətnamə qəbul edərək Gürcüstanın yeni seçilmiş hökümətini qeyri-legitim adlandıraraq ötən ilin dekabrında prezident vəzifəsini tərk etmiş Salome Zurabişvilini Prezident olaraq tanıdıqlarını bəyan etdilər”.

O əlavə edib ki, lakin 2025-ci ildə yaşanan qlobal hadisələr, o cümlədən Trampın hakimiyyətə qayıdışı fonunda ABŞ və Aİ-dən gələn təzyiqlər azaldı: “Elə buna görədir ki, Baş nazir İrakli Kobaxizde 16 mayda Avropa Siyasi Birliyinin toplantısına dəvət aldı və bu, Avropanın Gürcüstan hakimiyyətinin legitimliyini şübhə altına alan qətnaməsinin və müvafiq çağırışların gündəmdən düşdüyünü göstərir. Bu, Gürcüstan hakimiyyətində ABŞ ilə münasibətlərin də bərpa olunacağına ümidi artırır. ABŞ Gürcüstanda hökümət çevrilişi etmək üçün sponsor olduğu təşkilatlara maliyyə dəstəyini USAİD və digər qurumlar vasitəsilə çatdırırdı. Lakin Trampın USAİD-in fəaliyyətini dondurması Gürcüstanda ABŞ ilə münasibətlərin bərpası üçün mühüm stimul yaradıb”.

“ABŞ-dən Gürcüstanla bağlı müsbət siqnal yoxdur”

Ş.Cəlilzadənin sözlərinə görə, bununla yanaşı, qeyd etmək lazımdır ki, ABŞ-dən hələ ki, Gürcüstanla bağlı müsbət siqnal yoxdur: “Əksinə, Tramp administrasiyası ötən ay bəyan edib ki, Gürcüstan hakimiyyəti anti-demokratik davranışlara davam edərək müxalifət nümayəndələrini (həmçinin Saakaşvili nəzərdə tutulur) həbsdə saxladığına görə, Gürcüstanla münasibətlərini hələ ki, qiymətləndirmə prosesindədirlər. Başqa ifadə ilə, 2003-cü ildə Gürcüstanda baş verən “Qızılgül inqilabı”nın Qərbə qazandırdığı üstünlüyü son illərdə itirən ABŞ, Gürcüstan hakimiyyətinə münasibətini öz maraqları prizmasından formalaşdıracaq. Belə ki, biz Gürcüstanda son bir neçə ildə Rusiyanın artan təsir gücünü müşahidə edə bilərik. Bunu Azərbaycan da rahatlıqla hiss edir. Məsələn, 2008-ci ildən bəri Rusiyadan qaz idxalını dayandıran Gürcüstanın əsas qaz təminatçısı Azərbaycan idi, lakin 2021-ci ildən Gürcüstan Rusiyadan qaz idxalına başladı və ilbəil həcmi artırır. Bu, sadəcə enerji sektorunda müşahidə olan Rusiyanın təsiridir. Təbii ki, burada toqquşan regional geosiyasi maraqlardan bəhs olunur və odur ki, Gürcüstan hakimiyyəti ABŞ-nin regional maraqlarına cavab verdiyi, yaxud tərəflər arasında praqmatik balanslaşma apara bildiyi dərəcədə münasibətlərin bərpasına ümid bəsləyə bilər”.

“Gürcüstanda bəzi rəhbər şəxslər, qurumlar sanksiya siyahısındadır”

Siyasi şərhçi Turab Rzayev diqqətə çatdırıb ki, Gürcüstan əvvəllər öz yolunu, strateji inkişaf hədəflərini, gələcəyini Avropa İttifaqı və NATO-ya inteqrasiya üzərində qurduğunu elan etmişdi: “Hətta bununla bağlı Gürcüstan qanunvericiliyində də müəyyən müddəalar vardı. Ancaq Kobaxidzenin gəlməsilə daha əvvəllər başlayan Rusiya və Çinə meyillənmə getdikcə gücləndi. Hətta Kobaxidze özü inaqurasiya mərasimində açıq şəkildə artıq Rusiya və Çinlə yeni əməkdaşlığı inkişaf etdirəcəklərini bildirmişdi və Qərbi, ABŞ-ni və Avropa İttifaqını açıq şəkildə tənqid etmişdi”.

T.Rzayev bildirib ki, daha sonra seçkilər, seçkilərin nəticəsinin Qərb tərəfindən lazımi şəkildə tanınmaması və ya neqativ hallarla bağlı məsələlərin gündəmə gətirilməsi, eyni zamanda, xarici agentlər haqqında qanun, istər iqtidar-müxalifət toqquşmaları və s. münasibətləri gərginləşdirdi: "Xüsusilə Gürcüstan hökumətinin Rusiya ilə yaxınlaşması, hava sahəsini açması, gediş-gəlişi bərpa etməsi və s. bu Qərbdə çox ciddi qəbul olundu və ABŞ ilə Avropa İttifaqı bununla bağlı Gürcüstana sanksiyalar tətbiq edəcəklərini bildirdirlər. Hətta vahid müxalifət lideri kimi xanım Salome Zurabişvilini dəstəkləyirdilər. Onun rəhbərliyi ilə müxalifəti hökumətə qarşı qoymağa çalışırdılar. Bu prosesdə açıq şəkildə hökuməti hədələdilər, sanksiya tətbiq olunacaq, Gürcüstana olan maddi yardım azalacaq və Gürcüstan Avropa İttifaqına öz namizədliyini dondurduğunu bildirdi. Eyni zamanda, Gürcüstanda bəzi rəhbər şəxslər, qurumlar sanksiya siyahısındadır”.

“Gürcüstanın sanksiyalar siyahısından çıxarılmasını düşünmürəm”

Siyasi şərhçi qeyd edib ki, Kobaxidze güman edir ki, Trampın gəlişindən sonra onlar bu siyasi xətti dəyişə bilərlər və bütün bunları Bayden və onun komandasının üzərinə ata bilərlər: “Beləliklə, Tramp administrasiyası ilə uğurlu bir dialoq qura bilərlər. Yəni buna ümid edirlər. Bunun üçün ABŞ ilə münasibətlərə yenidən başlamaqla bağlı müraciət etmişdilər. Ancaq buna uyğun bir cavab almayıblar. Kobaxidze düşünür ki, buna nail ola bilər. Amma burada bir maraqlı məqam ondan ibarətdir ki, ABŞ-də əksər sahələrdə siyasətdə davamlılıq var. ABŞ-də rəhbərlərin, hakimiyyətdə olan partiyaların dəyişməsinə baxmayaraq ancaq indiki halda Gürcüstanla birdən-birə həddindən artıq yaxınlaşma olmasını, Gürcüstanın sanksiyalar siyahısından çıxarılmasını düşünmürəm”.

Röya İsrafilova