“Saziş iki qardaş ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın hüquqi əsaslarını möhkəmləndirir”-Elçin Mirzəbəyli Gündəm

“Saziş iki qardaş ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın hüquqi əsaslarını möhkəmləndirir”-Elçin Mirzəbəyli

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təqdimatı ilə Milli Məclisə daxil olmuş “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Sazişin” təsdiqinə dair qanun layihəsi üzvü olduğum Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin genişləndirilmiş iclasında müzakirə edilib və plenar iclasa tövsiyə olunub.
Sözügedən Saziş iki dost və qardaş ölkə arasında aqrar sahədə strateji əməkdaşlığın genişləndirilməsi baxımından önəm daşıyır və kənd təsərrüfatı sahəsində əməkdaşlığın hüquqi əsaslarını möhkəmləndirir”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədr müavini, millət vəkili Elçin Mirzəbəyli parlamentin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsini təqdim edərkən deyib.
Onun sözlərinə görə, Sazişin predmeti kənd təsərrüfatı bitkiləri, bitki mənşəli məhsullar, torpaq və qablaşdırma materialları da daxil olmaqla zərərli orqanizmlərin daşınma riski daşıyan bütün obyektləridir: “Sazişin əsas məqsədi bitki xəstəlikləri və zərərvericilərə qarşı birgə mübarizə aparmaq, zərərli orqanizmlərin yayılmasının qarşısını almaqla kənd təsərrüfatı məhsullarının təhlükəsiz dövriyyəsini və ərzaq təhlükəsizliyini təmin etməkdir.
Bu sənəd həm Beynəlxalq Bitki Mühafizəsi Konvensiyasına, həm də Dünya Ticarət Təşkilatının Sanitariya və Fitosanitariya Sazişinə tamamilə uyğundur. Eyni zamanda, Saziş beynəlxalq sənədlərin ikitərəfli səviyyədə tətbiqi üçün də etibarlı hüquqi baza yaradır.
Saziş, idxal olunan məhsullarla ölkəyə zərərli orqanizmlərin daxilolma riskinin qarşısının alınması üçün hüquqi çərçivə formalaşdırır.

Sənəd Azərbaycan ilə Pakistan arasında uzunmüddətli, etibarlı tərəfdaşlığın daha da möhkəmlənməsinə, siyasi və iqtisadi əməkdaşlığın dərinləşməsinə xidmət edir.
Saziş biosanitar təhlükəsizliyin təmin olunmasına xidmət edən mühüm normativ akt kimi də əhəmiyyətə malikdir”.