“Azərbaycan çalışır ki, bu prosesdə qonşu dövlətlər zərər görməsin” Gündəm

“Azərbaycan çalışır ki, bu prosesdə qonşu dövlətlər zərər görməsin”

“Cənab Prezident İlham Əliyevin daxili və xarici siyasəti müstəqil siyasətdir və burada əsas məqam dövlətimizin suverenliyi, müstəqilliyin qorunması və hər bir Azərbaycan vətəndaşının rifahıdır. Bugünkü müharibə demək olar ki, Azərbaycanın sərhədlərinə çox yaxın ərazidə gedir”.

Bunu Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

A.Nağıyev bizim həm İsrail, həm də İranla normal münasibətlərimiz olduğunu vurğulayıb: “Lakin uzun bir sərhəd İran və Azərbaycanı ayırır, eyni zamanda, orada baş verən hər bir hadisə bu və ya digər şəkildə bizə təsir göstərə bilər. Hər hansı bilməzdən atılan raket Azərbaycan ərazisinə və ya bizim boru kəmərlərimizə, digər infrastrukturlarımıza müəyyən qədər təsir göstərsə, bu artıq beynəlxalq səviyyədə hansısa proseslərin qızışmasına gətirib çıxara bilər. Yəni bu, bizə çox yaxında gedən müharibədir”.

Deputatın bildirdiyinə görə, son zamanlar müxtəlif dövlətin vətəndaşlarının Azərbaycana Beləsuvar və Astara sərhəd məntəqələrindən keçirilməsi dolayı da olsa bizə təsir edən amillərdən biridir: “Ona görə də Azərbaycan çağırış edir, sülhün bərqərar olması üçün addımlar atır ki, bu prosesdə qonşu dövlətlər zərər görməsinlər. Düşünürəm ki, bu təsir mümkündür. Ona görə də hüquq mühafizə orqanları, xüsusi xidmət orqanları və digər qurumlar koordinasiyalı şəkildə bu istiqamətdə öz addımlarını atırlar və demək olar ki, baş verə biləcək hər hansı bir problemin qarşısını almağa hazırıq”.