"ABŞ Çinin qarşısını almaq gücündə deyil" Gündəm

"ABŞ Çinin qarşısını almaq gücündə deyil"

Rusiya–Ukrayna müharibəsi Qərb dünyası daxilində fikir ayrılığı yaradır, parçalanmalara səbəb olur. Artıq Qərb daxilində həm Rusiya, həm də Ukraynaya qarşı tamamilə fərqli yanaşmalar var. Hətta yeni və ayrı hərbi alyansın da yaranması gündəmdədir.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Vüqar Dadaşov deyib.

O, qeyd edib ki, müharibənin uzanması Avropa İttifaqında sosial və iqtisadi böhranlar doğurur, enerji təhlükəsizliyində real çətinliklər ortaya çıxır. Məcburiyyətdən alternativ layihələr irəli sürülür – hansı ki, qısa zamanda icrası və bəhrəsi mümkün deyil. Bu da daxildə narazılıqlara səbəb olur, ictimai fikirdə radikallaşma baş qaldırır:

"Rusiya–Ukrayna müharibəsinin yaratdığı vəziyyət strateji fürsət kimi Çinin Tayvan üzərinə təzyiqlərini artırmağa imkan verir. Bu vəziyyətdə də ABŞ Asiya–Sakit Okean regionunda Çinin qarşısını almaq gücündə deyil.

Göründüyü kimi, Çin nə açıq müharibə aparır, nə də Qərblə birbaşa konfliktə girir. Ancaq fakt budur ki, Çin iştirak etmədiyi münaqişələrdən güclənərək çıxır. Bu, klassik Çin siyasi fəlsəfəsinin – “çəkilmə, müşahidə et, zəifləyəni ələ al” – real tətbiqidir. Çin üçün nə Ukraynanın ərazi bütövlüyü, nə də Rusiyanın təcridi vacib deyil. Məqsəd, dünya iqtisadiyyatında liderliyin Çinə keçməsidir. Bu isə nəticə etibarilə Çinin hərbi qələbəsidir".

Cavid