“Ukraynanın Qərbdən aldığı resurs dəstəyi həlledici rol oynaya bilər” Gündəm

“Ukraynanın Qərbdən aldığı resurs dəstəyi həlledici rol oynaya bilər”

“Ukrayna ordusunun Donetsk vilayətində üç kəndi – Mixaylovka, Zeleniy Qay və Vladimirovkanı azad etməsi Kiyev üçün həm hərbi, həm də psixoloji baxımdan əhəmiyyətli hadisədir. Bu addım göstərir ki, Rusiya müdafiə xəttində boşluqlar mövcuddur və Ukrayna qüvvələri lokal əməliyyatlarla da olsa irəliləmək imkanına malikdir. Bununla yanaşı, Ukrayna Ali Baş Komandanı Aleksandr Sırski Pokrovsk istiqamətində vəziyyətin ağır olduğunu qeyd etməklə diqqəti ön xəttdə balansın hələ də kifayət qədər gərgin olduğuna yönəldir. Rusiya qüvvələrinin bu istiqamətə cəmlənməsi Moskvanın regionda üstünlük əldə etməyə çalışdığını göstərir”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib.

Politoloqun bildirdiyinə görə Ukrayna tərəfinin əlavə sursat, pilotsuz uçuş aparatları və elektron müharibə texnologiyaları ilə təmin olunması isə həm mövcud çətinliklərin etirafı, həm də döyüş qabiliyyətini gücləndirmək istiqamətində atılan addım kimi dəyərləndirilə bilər: “Əldə edilən uğur Ukrayna üçün motivasiyaedici olsa da, genişmiqyaslı üstünlükdən xəbər vermir. Bu daha çox lokal əks-hücum əməliyyatının nəticəsidir. Rusiya isə Pokrovsk cəbhəsində təzyiqi artıraraq Ukraynanın əldə etdiyi bu irəliləyişləri balanslaşdırmağa çalışacaq. Beləliklə, yaxın müddətdə tərəflər arasında mövqe döyüşləri davam edəcək və Ukraynanın Qərbdən aldığı texnologiya və resurs dəstəyi həlledici rol oynaya bilər”.

Röya İsrafilova