“Səfərin nəticələri Azərbaycan diplomatiyasının uğurlu xəttini təsdiqlədi” Gündəm

“Səfərin nəticələri Azərbaycan diplomatiyasının uğurlu xəttini təsdiqlədi”

“Prezident İlham Əliyevin Nyu-Yorka səfəri həm də Ermənistanla danışıqlar prosesinə dolayı təsir göstərən siyasi mesajlar verdi. Azərbaycan liderinin çıxışları və mövqeyi dünyada ədalətli yanaşma çağırışını özündə əks etdirdi”.

Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Tural İsmayılov deyib.

T.İsmayılov qeyd edib ki, Prezidentin qlobal auditoriyaya təqdim etdiyi ideyalar inkişaf etməkdə olan ölkələrin maraqlarını da ifadə edirdi: “Səfərin ən vacib məqamlarından biri də Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında məsul tərəfdaş imicini möhkəmləndirməsidir. Prezident İlham Əliyev Nyu-Yorkda həm iqtisadi, həm siyasi, həm də humanitar gündəliyi paralel şəkildə önə çıxardı. Bu, Azərbaycanın çoxşaxəli siyasət yürütmə qabiliyyətinin nümunəsidir. Azərbaycanın yeni təşəbbüsləri beynəlxalq aləmdə maraqla qarşılandı. İlham Əliyevin ABŞ Prezidenti ilə görüşü isə strateji tərəfdaşlığın daha da dərinləşdiyinin əlamətidir. Bu görüşdə enerji, təhlükəsizlik və sülh mövzuları prioritet təşkil etdi”.

Onun sözlərinə görə, səfərin nəticələri Azərbaycanın diplomatiyasının uğurlu xəttini təsdiqlədi: “Bütün bunlar göstərir ki, Azərbaycan regionda və qlobal səviyyədə önəmli oyunçu olaraq mövqelərini möhkəmləndirməkdədir. Prezident İlham Əliyevin Nyu-York səfəri həm siyasi, həm də iqtisadi nəticələri ilə ölkəmiz üçün yeni imkanlar açır”.

Röya İsrafilova