

“ABŞ Prezidenti Donald Trampın İranın nüvə obyektlərinə hərbi zərbələr endirildikdən sonra Tehran ilə danışıqlar aparıldığı barədə bəyanatı beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib. "Fox News" telekanalına verdiyi müsahibədə Tramp bildirdi ki, zərbələrdən sonra İran "çox fərqli" ölkəyə çevrilib və indi razılaşma imkanları müzakirə olunur. 2025-ci ilin əvvəlindən başlayan ABŞ-İran nüvə danışıqlarının beş raundu heç bir konkret razılaşma olmadan başa çatıb. Lakin iyun ayında baş verən hərbi əməliyyatlardan sonra vəziyyət yeni mərhələyə qədəm qoyub”.
Bu sözləri “Xalq Cəbhəsi”nə açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev söyləyib.
Deputat qeyd edib ki, Trampın bəyanatlarına görə, həyata keçirilən zərbələr İranın nüvə proqramını ciddi şəkildə zədələyib və Tehran indi danışıqlara daha açıq mövqe nümayiş etdirir: “Prezident razılaşmanın detallarını açıqlamasa da, prosesdə "bəzi başqa adamlar"ın da iştirak etdiyini qeyd edib ki, bu da beynəlxalq vasitəçilərin roluna işarə edir”.
N.Həmzəyevin sözlərinə görə, BMT Baş katibi hərbi zərbələri "təhlükəli eskalasiya" adlandıraraq tərəfləri təcili diplomatiya yoluna çağırıb: “Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) və digər beynəlxalq təşkilatların nəzarəti prosesində mühüm rol oynayır. Regional güclər və qlobal aktorlar münaqişənin diplomatik yolla həllinə maraq göstərirlər. Çünki Yaxın Şərqdə yeni böhran bütün regionu təhlükə qarşısında qoya bilər”.
Röya İsrafilova