"İranda rejim dəyişikliyi  ehtimalı aşağıdır" Dünya

"İranda rejim dəyişikliyi  ehtimalı aşağıdır"

Mövcud gedişat göstərir ki, İran üzləşdiyi böhrandan yalnız ABŞ-ın müəyyən şərtləri daxilində çıxış yolu tapa bilər. Əks halda ölkəni uzunmüddətli qeyri-sabitlik, iqtisadi tənəzzül və daxili qarşıdurmalar gözləyir.

Bunu İranda son günlər baş verən hadisələrlə bağlı xalqcebhesi.az-a siyasi şərhçi Mürtəza Bünyadlı deyib.

O, qeyd edib ki, bu məsələ təkcə İranın Çin və Rusiya ilə eyni cəbhədə yer alması və ya nüvə proqramı ilə bağlı deyil. Əsas amillərdən biri də ölkənin zəngin enerji və qiymətli yeraltı təbii ehtiyatlara malik olmasıdır:

"İran hadisələri bir daha sübut edir ki, Yaxın Şərqdə daxili sosial proseslər artıq yalnız milli çərçivədə formalaşmır. Bu proseslər qlobal güclərin strateji hesablamaları ilə sıx şəkildə iç-içə keçib. ABŞ-ın regiona yenidən qayıdaraq Yaxın Şərq və Avrasiya məkanında mütləq hegemonluq əldə etmək istəyi isə qarşıdakı dövrdə rəqabətin daha da sərtləşəcəyini göstərir.

Aksiyaların şiddətlənməsinə baxmayaraq, hazırkı mərhələdə İranda etirazların qısa müddətdə rejim dəyişikliyi ilə nəticələnəcəyi ehtimalı aşağı qiymətləndirilir. Bununla belə, sosial-iqtisadi böhranın dərinləşməsi, beynəlxalq təzyiqlər və regional qarşıdurmaların kəsişməsi ölkəni uzunmüddətli qeyri-sabitlik riskləri ilə üz-üzə qoyur. Bu isə İranın və bütövlükdə regionun gələcək taleyini daha mürəkkəb və proqnozlaşdırılması çətin edir".

Cavid