
Azadlıq meydanında Azərbaycanın böyük Zəfərinin 5-ci ildönümünə həsr edilmiş hərbi parad ilə ölkəmiz öz nüfuzunu bir daha bütün dünyaya göstərdi. Hərbi parad zamanı Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin çıxışı dünyaya bu üç ölkənin birliyini, qardaşlığını nümayiş etdirmiş oldu. Prezident İlham Əliyev paradda çıxışı zamanı 44 gün davam edən II Qarabağ müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığından danışdı, qələbəyə qədər olan çətin və şəfərli yolu parad iştirakçılarının diqqətinə çatdırdı.
Baş tutan möhtəşəm hərbi parad, eləcə də ölkə başçısının çıxışında toxunduğu bir çox məsələlərlə bağlı millət vəkilləri “Xalq Cəbhəsi”nə danışıblar.
“Bütün bunlar böyük qürur qaynağı idi”
Milli Məclisin deputatı Jalə Əliyeva noyabrın 8-də Azadlıq meydanında Zəfərimizin 5-ci ildönümünü böyük təntənə ilə qeyd etdiyimizi deyərək əlavə edib ki, hərbi parad, ordu bölüklərinin keçidi, hərbi texnikamızın nümayişi, gələn qonaqlar, bütün bunlar böyük qürur qaynağı idi: “Cənab Prezident İlham Əliyevin Zəfərimizin yubiley çıxışında qeyd etdiyi fikirlərin, toxunduğu məsələlərin hər biri bu günümüzün reallıqlarını əks etdirməklə bərabər, Azərbaycanın yaxın gələcəyinin və perspektivdəki dönəmin yol xəritəsini ortaya qoyurdu. Cənab Prezident ali tribunadan - Azadlıq meydanından bütün dünyaya səslənərək Azərbaycanın bugünkü gücünü, eyni zamanda, mövqeyini bir daha açıqladı, Azərbaycanın gələcəyə baxışlarını, gələcəklə bağlı həyata keçirməyi planlaşdırdığı layihələri bir daha gözlər önünə sərdi. Cənab Prezident həmçinin Azərbaycanın hər zaman olduğu kimi yenə də sülh tərəfdarı olduğunu, sadəcə ölkəsində deyil, bölgədə, dünyada sülhün bərqərar olması üçün bütün addımları atmağa hazır olduğunu bir daha bəyan etdi”.
Dünyaya mesaj
Deputatın sözlərinə görə, cənab Prezidentin çıxışında toxunduğu çox sayda əhəmiyyətli məqamlar vardı ki, bunların hər biri dünyaya mesaj və Azərbaycanda həyata keçirilən və keçiriləcək olan daxili və xarici siyasətin konturlarıdır: “Prezident bütün parad iştirakçılarının, ümumiyyətlə, haqqın, ədalətin, Azərbaycanın yanında olan hər bir kəsin ürəyindən xəbər verən kəlmələr işlətdi. Onlardan biri də ondan ibarət idi ki, bəli, Ermənistan rəhbərliyi Bakıya tanklarla gələcəyik deyirdilər, illərdən bəri bizi təhdid edirdilər. Onların bu istəkləri reallaşdı, Ermənistan tankları, erməni texnikası Azərbaycana gəldi, lakin məğlub bir ölkənin hərbi texnikasının nümayiş etdirildiyi Hərbi Qənimətlər Parkına qoyulmaq üçün gəldi. Yəni bizim Zəfərimizi bir daha dünyaya nümayiş etdirmək üçün gəldi. Eyni zamanda, onlar bizi təhdid edərək Azərbaycanda, Bakıda çay içəcəklərini, süfrələr açacaqlarını bəyan edirdirlər, bu da oldu, lakin nə şəkildə oldu? Qanı azərbaycanlıların, milyonlarla insanın qanına batan, bizlərə talehsizlik yaşadan işğalçı ordunun, işğalçı siyasətin rəhbərlərinin bu gün Azərbaycanda məhkəmələri gedir. O insanlar qanuna uyğun bir şəkildə təcridxanalardadırlar. Orada onlara yemək, çay verilir və onlar Azərbaycan çayı içirlər. Bəli, bu xəbərdarlıqları da həyata keçdi. Lakin bu şəkildə həyata keçdi. Əlbəttə, Prezidentin bu fikirlər həm qürurverici idi, həm də eyni zamanda, birmənalı olaraq demək lazımdır ki, Azərbaycan bu kəlmələrlə, ifadələrlə heç də aqressiya nümayiş etdirmir.Tam tərsinə, bu kəlmələrlə Azərbaycan öz haqqını, ədalətini bir daha dünyaya bəyan edir. Yəni bizim bu haqlı mövqeyə gəlib çıxmaq üçün çəkdiyimiz əziyyətləri, qarşılaşdığımız problemləri bir daha gözlər önünə sərir”.
Azərbaycanın sarsılmaz mövqeyinin dünyaya nümayişi
J.Əliyeva bildirib ki, eyni zamanda, Azərbaycan elə qəbələdən dərhal sonra dekabr ayında keçirilən paradda da olduğunu kimi və cənab Prezidentin orada da qeyd etdiyi kimi yenə də bölgədə sülhün yaranması üçün, bölgənin iqtisadi inkişafının daha da sürətlə getməsi üçün Ermənistanın da layihələrdə iştirakına, bu quruculuq işlərindən kənarda qalmamasına tərəfdar olduğumuzu bir daha öz ifadələri ilə bəyan etdi: “Ümumilikdə, cənab Prezidentin dəyərli, məzmunlu nitqi başdan sonuna qədər Azərbaycanın ilk növbədə hər zaman ədalət prinsiplərinə istinad edən daxili və xarici siyasətini, insan amilini, bölgədə, dünyada sülhyaratma prosesində yaxından iştirak etmək istəyini, bölgənin, dünyanın iqtisadi inkişafının təməlinin qoyulmasında söz və ev sahibi olduğunu, eyni zamanda, qalib ölkə olmasına baxmayaraq yenə də Ermənistana öz əlini uzatmağa hazır olduğunu vurğulamış oldu. Həmçinin bir daha Azərbaycanın sarsılmaz mövqeyini dünyaya nümayiş etdirdi”.
Qürurverici anlar
Milli Məclisin deputatı Pərvanə Vəliyeva söyləyib ki, möhtəşəm və yüksək peşəkarlıqla təşkil edilmiş parad xalqımıza bir daha qürurverici anlar yaşatdı: “Qazandığımız bu zəfər həm də ədalətin, əzmin və güclü iradənin zəfəridir. Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə bağlılığı, yüksək vətənpərvərlik hisləri olan, vətənə sevgini anaya sevgi ilə bir tutan və torpaq üçün candan keçən xalq kimi dünya xalqları içərisində seçilir, buna görə də daim qələbələr qazanmağa layiqdir. Azərbaycan son 80 ildə dünyada tam və mütləq qələbə qazanan yeganə ölkədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında bir daha vurğuladı ki, İkinci Qarabağ müharibəsində qazanılan möhtəşəm Qələbə yalnız hərbi gücün deyil, həm də milli birlik, siyasi iradə və beynəlxalq həmrəyliyin nəticəsi olub. Bu Qələbənin arxasında illərlə aparılan məqsədyönlü siyasət, xalq-iqtidar birliyi və qardaş ölkələrin dəstəyi dayanır. Paradda dost və qardaş ölkələrin rəhbərləri - Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif də iştirak etdi. İlk dəfə olaraq Pakistan hərbi qüvvələri Bakıda parad heyətinə qoşuldu. Prezident öz çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarından göstərdiyi dəstəyin əhəmiyyətini xüsusi vurğuladı. “Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır!” – bu sözlər müharibə dövründə həm xalq, həm də ordu üçün mənəvi dayağa çevrildi. Qardaş Türkiyə xalqının dəstəyi Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu. Zəfərdən sonra imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətləri yeni mərhələyə – müttəfiqlik səviyyəsinə qaldırdı. Hərbi paradda Türkiyə hərbçilərinin iştirakı bu birliyin canlı təcəssümüdür”.
“Azərbaycan işğalla heç vaxt barışmadı”
P.Vəliyeva qeyd edib ki, Prezident İlham Əliyev Pakistanın Baş Naziri Məhəmməd Şahbaz Şərifin iştirakını yüksək qiymətləndirdi: “Pakistanın 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana göstərdiyi həmrəylik və dəstək, bu gün Azadlıq meydanında üç qardaş ölkənin – Azərbaycan, Türkiyə və Pakistanın – hərbçilərinin çiyin-çiyinə dayanması ilə yeni rəmzi məna qazandı. 1990-cı illərin əvvəllərində Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın torpaqlarının təxminən 20 faizi işğal edilmiş, bir milyon insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. Xocalı soyqırımı, etnik təmizləmələr, hərbi cinayətlər xalqımızın yaddaşında dərin izlər buraxıb. Prezident Əliyev xatırlatdı ki, Azərbaycan işğalla heç vaxt barışmadı. Əgər sülh danışıqları nəticə verməsəydi, Vətən torpaqları hərbi yolla azad ediləcəkdi – bu, dövlətin və xalqın qəti mövqeyi idi. Uzun illər davam edən danışıqlar nəticəsiz qaldı, çünki Ermənistan işğal etdiyi əraziləri geri qaytarmaq niyyətində deyildi. Buna baxmayaraq, Azərbaycan iqtisadi və siyasi gücünü artırdı, beynəlxalq müstəvidə ədalətli mövqeyini müdafiə etdi və güclü ordu qurdu. Bütün bu hazırlıqlar 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində tarixi Zəfərin əsasını qoydu”.
Azərbaycan dövlətinin hərbi qüdrəti
Milli Məclisin deputatı Müşfiq Cəfərov söyləyib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin 5-ci ildönümünə həsr olunmuş möhtəşəm hərbi paradın keçirilməsi Azərbaycanın şanlı Qələbəsinin növbəti əzəmətli və təntənəli nümayişi oldu: “Bu paradın ənənəvi olaraq keçirilməsi Rəşadətli Ordumuzun, qazandığı böyük qələbə, müasir Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminin əyani təsdiqidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin paradda iştirak etməsi və çıxışları Azərbaycan–Türkiyə–Pakistan dostluğu və qardaşlığı sarsılmaz, əbədi və strateji təməllər üzərində qurulmasının nümayişi idi. 44 günlük Vətən müharibəsinin ilk günündən son gününədək Türkiyə və Pakistan Azərbaycanın yanında oldu, haqq səsimizə dəstək verdi. İstər Rəcəb Tayyib Ərdoğanın qətiyyətli çıxışları, istərsə də Türkiyənin digər rəsmi şəxslərinin Vətən müharibəsi zamanı etdiyi çıxışlar bizə əlavə ruh və güc verdi. Dövlətimizin başçısı çıxışı zamanı da bu məsələyə toxunaraq qeyd etdi ki, Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq”.
Röya İsrafilova