22:38
357
"Ukrayna–Rusiya müharibəsinin dayandırılması ilə bağlı ABŞ prezidenti Donald Trampın irəli sürdüyü iddia olunan 28 bəndlik plan birtərəfli qaydada Kremlin maraqlarına uyğunlaşdırılıb".
Bunu politoloq Əli Orucov Xalqcebhesi.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, Vaşinqtonun Kiyevdən tələb etdiyi şərtlər qeyri-məqbul olmaqla yanaşı, faktiki olaraq Moskvanın tam istəklərini əks etdirir: "Trampın Qərbin və Ukraynanın iştirakı olmadan hazırladığı planın reallaşması inandırıcı görünmür:
“Bundan əvvəl də oxşar təkliflər tərəflərə təqdim olunmuşdu. Aİ Ağ Evin hazırladığı planı qəbuledilməz saydı, Kiyev də eyni mövqedə qaldı.
Dünən Türkiyəyə səfəri zamanı prezident Zelenski yeni həll yolları paketinin mövcudluğunu açıqlayıb və onu tərəfdaşların müzakirəsinə təqdim edib. ABŞ-ın Ukraynaya təzyiq göstərməsi və Vaşinqtonla Qərb arasında yaranan fikir ayrılıqları Kremlin xeyrinə işləyir.
Rusiyaya qarşı bir cəbhədə olan kollektiv Qərbin daxilində yaranmış ixtilaflar Putinə əlavə imkanlar yaradır. Kreml bu boşluqlardan maksimum istifadə edir və edəcək. Amma Vaşinqtonun iştirakı olmadan müharibəni dayandırmaq, sülhə nail olmaq da asan deyil".
Əli Orucov hesab edir ki, Kremlin yaxın hədəfi Qərblə ABŞ arasında, həmçinin ABŞ-la Ukrayna arasında ixtilafları dərinləşdirmək və Birləşmiş Ştatları neytrallaşdırmaqdır:
“Moskva bu strategiyada mərhələli şəkildə irəliləyir. Trampın bəzi açıqlamaları isə sanki Ukraynanın haqsız olduğu və ən sərt güzəştlərə getməli olduğu görüntüsünü yaradır ki, bu da Kremlin maraqlarına tam uyğundur.Moskva hətta müvəqqəti atəşkəsə belə razılıq vermir. Son dönəmlərdə Putinin özünə güvəninin artması həm diplomatik davranışlarda, həm də cəbhədə hiss olunur. Hazırkı şəraitdə müharibənin real həlli yolu yalnız Rusiyaya təzyiqlərin artırılmasından keçir.Kremlə təsir göstərə biləcək yeganə yol təzyiq mexanizmlərinin gücləndirilməsidir. Əks halda Moskva nə güzəştə gedəcək, nə də sülhə yaxınlaşacaq".
Günel Elxan