10:47
588
“Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri sülh prosesində çox vacib etimad quruculuğu addımları hesab olunur. Ermənistan nümayəndələrinin Bakıya gəlişi tərəflər arasında etimadın artdığını göstərir”.
Bunu xalqcebhesi.az-a açıqlamasında “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova söyləyib.
İ.Həsənova bildirib ki, ictimaiyyət nümayəndələrinin, ekspertlərin bir-birinin ölkəsinə gediş-gəlişi düşmənçilik strategiyalarının azalmasına şərait yaradır: “İki ölkənin nümayəndələrinin qarşılıqlı səfərləri sülh prosesində dönüş nöqtəsi kimi çıxış edir. Bu səfərlər qarşılıqlı etimadın artmasına və sərhəd gərginliyinin azalmasına birbaşa təsir göstərir. Sərhədlərin açılması və regional nəqliyyat dəhlizlərinin, o cümlədən Zəngəzur dəhlizinin fəaliyyətə başlaması hər iki ölkə üçün yeni imkanlar yaradacaq. Azərbaycan ilə Ermənistan xalqları arasında oxşar həyat tərzləri mövcuddur. Hər iki dövlətin məqsədi uzunmüddətli sabitliyi təmin etməkdir. Buna görə də sülhə xidmət edən təşəbbüsləri hər iki xalq dəstəkləməli və emosional deyil, məntiqli şəkildə dəyərləndirməlidir”.
Röya İsrafilova