
ranın xarici işlər naziri Seyyid Abbas Əraqçinin Azərbaycana səfəri olub. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan-İran münasibətlərinin inkişaf istiqamətləri, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Əraqçi həmçinin səfər zamanı Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. Görüşdə Azərbaycan və İran arasında əməkdaşlığın cari gündəliyi və perspektivləri haqqında söhbət aparılıb.
“Xalq Cəbhəsi” İranın xarici işlər nazirinin Azərbaycana səfərinin Azərbaycan-İran münasibətlərinin gələcək inkişafı ilə bağlı politoloqların fikirlərini öyrənib.
Səfərin mesajı ondan ibarətdir ki...
Politoloq Elman Telmanoğlu söyləyib ki, İranın xarici işlər naziri Abbas Əraqçinin Bakıya səfəri Azərbaycan–İran münasibətlərində dialoqa qayıdış və gərginliklərin yumşaldılması istiqamətində mühüm addım kimi qiymətləndirilir: “Görüşlərdə əsas diqqət iqtisadi əməkdaşlıq, nəqliyyat-tranzit layihələri, enerji təhlükəsizliyi və regional sabitlik məsələlərinə yönəlib. Səfərin mesajı ondan ibarətdir ki, tərəflər mövcud fikir ayrılıqlarına baxmayaraq münasibətləri konfrontasiya deyil, diplomatiya yolu ilə tənzimləmək xəttini seçiblər”.
Gələcək əməkdaşlıq üçün müsbət siyasi siqnal
E.Telmanoğlunun sözlərinə görə, ”3+3” formatında əməkdaşlığın vurğulanması İran və Azərbaycanın regiondakı geosiyasi proseslərə birgə yanaşma iradəsinin göstəricisi kimi çıxış edir: “Bununla belə, əməkdaşlığın real nəticə verməsi üçün iqtisadi layihələrin icrası, qarşılıqlı etimadın möhkəmləndirilməsi və üçüncü tərəflərin regiondakı təzyiqlərinin balanslı idarə olunması həlledici olacaq. Ümumilikdə, Əraqçinin səfəri Bakı–Tehran xəttində yeni diplomatik səhifənin açılması və gələcək əməkdaşlıq üçün müsbət siyasi siqnal kimi dəyərləndirilə bilər”.
“Azərbaycan Cənubi Qafqazda İran üçün əsas tərəfdaşlardan biridir”
Politoloq Tural İsmayılov bildirib ki, Əraqçinin Azərbaycana səfəri çərçivəsində əsas diqqət nəqliyyat, ticarət və sərhəd əməkdaşlığı kimi praktik sahələrə yönəlib: “Bu istiqamətlər həm Bakı, həm də Tehran üçün strateji əhəmiyyət kəsb edir. Eyni zamanda regional sabitlik və təhlükəsizlik məsələləri də müzakirələrin mühüm mövzuları sırasındadır. Azərbaycan Cənubi Qafqazda İran üçün əsas tərəfdaşlardan biri hesab olunur. Azərbaycan üçün də İranla mehriban qonşuluq münasibətlərinin qorunması və regional balansın saxlanması vacibdir”.
“Əraqçinin Bakıya səfəri mühüm siyasi addımdır”
T.İsmayılov vurğulayıb ki, səfər tərəflər arasında qarşılıqlı anlaşmanın dərinləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi məqsədinə xidmət edir: “Diplomatik təmaslar vasitəsilə tərəflər anlaşma imkanlarını genişləndirməyə çalışır, həmçinin regional layihələrdə əməkdaşlığın yeni mərhələyə keçməsi üçün zəmin yaradır. Eyni zamanda, ikitərəfli əlaqələrin institusional çərçivədə inkişaf etdirilməsi gündəmdə saxlanılır. Ümumilikdə, Abbas Əraqçinin Bakıya səfəri Azərbaycan–İran münasibətlərində dialoqun gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından mühüm siyasi addım kimi qiymətləndirilir”.
“İran Bakı ilə əlaqələrin önəmini daha dərindən anlamağa başlayır”
Siyasi şərhçi Cavanşir Abbaslı söyləyib ki, indiki şəraitdə Abbas Əraqçinin ölkəmizə səfəri ölkələrarası münasibətlərdə son illərdə yaranan soyuqluğun tam şəkildə aradan qalxmasına öz mühüm töhfələrini verəcək: “Əslində, Azərbaycan bütün ölkələrlə olduğu kimi, xüsusilə, qonşularla-İranla daim yaxın münasibətlərin olmasında maraqlı görünüb. Bunun üçün öz addımlarını da atıb. Sadəcə bəzi hallarda qarşı tərəfdən səhv münasibətlə üzləşib və bunun da qarşılığını layiqincə verib. İran da artıq son dönəmlərdə Bakı ilə əlaqələrin önəmini daha dərindən anlamağa başlayıb. Xüsusilə, Məsud Pezeşkianın prezidentliyə gəlişindən sonra yaxın əlaqələr daha sürətlə qurulmağa başlayıb”.
“İranla yaxın əlaqələr Bakının maraqlarına cavab verir”
C.Abbaslı bildirib ki, Ceyhun Bayramovla Abbas Əraqçi arasında görüşdə müzakirə edilən məsələlərə diqqət yetirdikdə, yaxın gələcəkdə dövlətlərarası əlaqələrin müsbət dinamikada olmasına tərəflərin isti yanaşdığı açıq görünür: “Dövlət başçısı tərəfindən də iranlı qonaq ən yüksək səviyyədə qəbul olundu. Azərbaycan Prezidentinin fikirlərindən bir daha aydın oldu ki, ölkəsi indiyə qədər ki, siyasətinə sadiqdir, sadəcə tərəflər gərək onunla münsibətlərdə səmimi olsunlar. İstənilən halda İran bu regionun aparıcı dövlətlərindən biridir və onunla yaxın əlaqələr Bakının maraqlarına cavab verir. Rəsmi Tehran da bu cür düşünməlidir”.
Röya İsrafilova