“Azərbaycanda məzuniyyət sisteminin dəyişdirilməsi nəzərdə tutulur” Gündəm

“Azərbaycanda məzuniyyət sisteminin dəyişdirilməsi nəzərdə tutulur”

Vüqar Bayramov: “Bu dəyişikliklərdən biri də atalara 14 günlük məzuniyyətin verilməsidir”

Uşağı doğulan kişilərə 14 gün ödənişli məzuniyyət veriləcək. Bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən uşağının dünyaya gəlməsi ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və sonra olan dövrdə 14 təqvim günü müddətində ödənişli məzuniyyət veriləcək.

“Xalq Cəbhəsi” məsələ ilə bağlı millət vəkilləri və hüquqşünasların fikirlərini öyrənib.

“Təkliflər plenar iclasa tövsiyə edildi”

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov söyləyib ki, Beynəlxalq Əmək Təşkilatının tövsiyələrinə uyğun olaraq Azərbaycanda məzuniyyət sisteminin dəyişdirilməsi nəzərdə tutulur: “Bununla bağlı təkliflər artıq Milli Məclisin Əmək və sosial siyasət komitəsində müzakirə olunub və birinci oxunuşda qəbul olunaraq plenar iclasa tövsiyə edildi. Bu dəyişikliklərdən biri də məhz atalara 14 günlük məzuniyyətin verilməsidir”.

“Bu, anaların məzuniyyət hüququna təsir göstərməyəcək”

Deputat qeyd edib ki, söhbət ödənişli məzuniyyətdən gedir: “Belə bir hüquq əksər inkişaf etmiş ölkələrdə var və bu, anaların məzuniyyət hüququna təsir göstərməyəcək. Yəni analar əvvəlki qaydalarla məzuniyyət götürmək hüququna malikdirlər və bu, davam etdiriləcək”.

“Atalar ödənişli məzuniyyətə çıxa biləcək”

V.Bayramovun sözlərinə görə, yeni qaydalar imkan verəcək ki, atalar bu məzuniyyətdən istifadə etməklə ödənişli şəkildə məzuniyyətə çıxa bilsinlər: “Bu da həm gender baxımından, həm də Azərbaycan qanunvericiliyinin beynəlxalq standarta uyğunlaşdırılması baxımından vacib addım hesab olunur”.

“Mütləq şəkildə ödənişli əsasla məzuniyyətin verilməsi şərtdir”

Hüquqşünas Ramil Süleymanov bildirib ki, bununla bağlı zaman-zaman müzakirələr gedib, amma ilkin təkliflər ondan ibarət idi ki, atalıq məzuniyyəti deyilən bir anlayış əgər Əmək Məcəlləsinə əlavə olunacaqdısa, bu, ödənişli olmayacaqdı: “Amma sonra bununla bağlı müzakirələr zamanı bildirildi ki, burada hər hansı bir ayrı-seçkiliyin olunması yol verilməzdir. Çünki bir halda ki, əgər cəmiyyətin özəyini ailə institutu təşkil edir və ailə də konstitusion olaraq dövlətin qoruması altındadır, o zaman vətəndaş atalıq məzuniyyətindən istifadə etmək istədikdə ona mütləq şəkildə ödənişli əsasla məzuniyyətin verilməsi şərtdir”.

“14 gün kifayət qədər az müddətdir”

Hüquqşünas hesab edir ki, 14 gün kifayət qədər az müddətdir: “Atalıq məzuniyyətinin 7 gün doğuşdan öncə və yaxud birdəfəlik 21 gün və ya 1 ay müddətində ödənişli əsaslarla verilməsi daha doğru olar. Bu səbəbdən də bir müddətdən sonra hətta bu hüquqdan istifadə etməkdən imtina edən valideynlərə belə istifadə etmədiyi məzuniyyət müddətinin ödənişinin verilməsinin qanunvericiliyə əlavə olunması şərtdir. Eyni zamanda, vətəndaşın atalıq hüququndan istifadəsini onun ümumi əmək məzuniyyəti ilə birgə götürülməsi barədə də qanunvericiliyə əlavənin və ya düzəlişin olunmasını bir hüquqşünas olaraq məqbul hesab edirəm”.

“Bu, sahibkarlıq subyektləri üçün əlavə bir yükə çevrilə bilər”

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov söyləyib ki, layihədə ödənişli məzuniyyət üçün ödənişin kim tərəfindən həyata keçirilməsi göstərilmir: “Yəni qadınlar doğuşa və hamiləliyə görə məzuniyyətə getdikdə, qismən ödənişli sosial məzuniyyətə çıxdıqda onlar üçün bu vəsaiti Dövlət Sosial Müdafə Fondu ödəyir. İndi bu halda hansı fond və haradan ödəniləcək? Əgər bu, işəgötürənlərin üzərinə qoyulacaqsa, layihədən də belə görünür ki, məhz belə olacaq, o zaman bu, sahibkarlıq subyektləri üçün əlavə bir yükə çevrilə bilər. Çünki indi araşdırmaya görə həmin 14 gün ödənişsizdir və bundan çoxları istifadə etmir”.

“Lüzum oldu-olmadı bu məzuniyyətdən istifadə ediləcək”

S.Məmmədov əlavə edib ki, amma ödənişli olandan sonra lüzum oldu-olmadı, evində uşaqlara baxan oldu-olmadı, hamı bu məzuniyyətdən istifadə edəcək: “Əslində, bu məzuniyyətin nəzərdə tutulması nəyə görə lazımdır? Elə ailələr var ki, evdə körpə uşaqları var, digər ailə qayğıları var. Qadın doğuşa gedərkən evdə olan körpə uşaqlara baxmaq zərurəti yaranır. Uşaqları məktəbə aparmaq və s. digər məişət işlərini görmək tələb olunur. Bu zaman ailədə başqa kəs yoxdursa, ər müvafiq arayışı təqdim etməklə bu məzuniyyət hüququndan istifadə edə bilər”.

Röya İsrafilova