12:34
504
“ABŞ ilə Ukrayna arasında nadir torpaq elementlərinin istismarı və gəlirlər üzrə anlaşma əldə edilməsi, əlbət ki, ABŞ-nin bu prosesdə daha aktiv iştirakı üçün müəyyən stimul ola bilər. Amma nəzərə almaq lazımdır ki, Ukraynada savaşın bitməsi yalnız ABŞ və Ukrayna tərəfindən asılı deyil. Burada Rusiyanın da marağı olmalıdır”.
Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Politoloq əlavə edib ki, bu baxımdan əsas maneə məhz Rusiyanın işğal siyasətini və savaşı davam etdirmək cəhdləridir: “Əlbəttə, ABŞ, Donald Tramp Rusiyaya daha ciddi təzyiqlər edərsə, o zaman savaşın dayanma ehtimalı daha yüksək ola bilər. Əks halda, bu proses davam edəcək. Eyni zamanda, nəzərə almaq lazımdır ki, Rusiya-Ukrayna savaşı yalnız iki tərəf arasında deyil, həm də qlobal güclərin, yəni ABŞ-nin və Çinin də mövqeyindən ciddi şəkildə asılıdır. O baxımdan yaxın dövr üçün bu savaşın bitmə ehtimalı real görünmür. Ən azı bu savaşın bitməsi üçün aylarla vaxta ehtiyacı olduğu düşünülür. Reallıq da belədir. Çünki bir daha qeyd edirəm ki, Rusiyanın savaşı dayandırması üçün həm ABŞ, həm də Çin tərəfindən təzyiqlərin artırılması vacibdir”.
Röya İsrafilova