
Tarix elmləri üzrə fəlsəfə doktoru Dilarə Nağıyeva APA-nın “Əsrin yaşıdı” layihəsində
Layihənin onuncu yazısı
Dosye: Milyonçu Ağamusa Nağıyevin nəvəsi Dilarə Nağıyeva 1940-cı ildə Dərbənddə anadan olub. O, daha sonra ailəsi ilə birlikdə Bakıya köçüb, burada təhsil alıb, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında, Azərbaycan SSRİ dövründə Ticarət Nazirliyində çalışıb. Hazırda Musa Nağıyev irsinin araşdırılması ilə məşğuldur. 10-a yaxın kitabın müəllifidir.
Atam İsveçrə bankından gələn pulu SSRİ-yə bağışlayıb
- Dilarə xanım, mən bilirəm ki, sizin atanızın başı milyonçu Ağamusa Nağıyevin varisi kimi çox bəlalar çəkib, doğma şəhərindən dərbədər düşüb. Siz də buna görə, Bakıda yox, Dərbənddə anadan olmusunuz.

- Düzdür, 37-ci illərin repressiyası dövründə atamı da təhlükə gözləyirdi. Ona görə necə deyirlər, gözdən uzaq olmaq üçün Bakıdan çıxmağa məcbur qalmışdı.
- Atanız sürgün edilmişdi?
- Yox, sürgün edilməmişdi, sadəcə bolşeviklər onu aradan çıxarmışdılar ki, ziyan dəyməsin.
- Bolşeviklərin arasında dostları var idi?
- Orasını bilmirəm. Atam o vaxt Qazaxıstana, ordan da Aşqabada gedib, orada bir qardaşım və bir bacım olub. Sonra Aşqabaddan Dərbəndə köçüb, Dərbənddə mən anadan olmuşam. Sonra biz köçdük Nuxaya, bir qardaşım Nuxada anadan oldu, axırda təzədən Bakıya qayıtdıq, bir qardaşım da Bakıda anadan oldu.
- Maşallah. Atanız elə bir dəfə evlənib?
- Bəli, Zəhra olub anamın adı. O da varlı ailədən olub. Amma ərə gələndə atamın var-dövləti əlindən çıxmışdı.

- Ananız kimlərdən idi?
- Anam İçərişəhərdən, ağşalvarlılardan idi.
- Yəqin sovet dövründə onlar da var-dövlətlərini itirmişdilər.
- Yox, anamgil tərəf varlı idi. Donlarının ətəklərinə qızıl beşliklər tikib gəzirdilər.
- Elə hər yerə onu geyinirdilər, yoxsa ancaq toya-bayrama?
- Yox, əlbəttə toya-bayrama (gülür). Anamın dörd yaşında şəkilləri var ki, donunun kənarının hamısı beşliklərdir. Lak çəkmə o vaxtı əlçatmazdı. Amma anamın ayağında vardı. Başlarında bəzəkli taclar olurdu, gəzməyə gedəndə taxırdılar.
- Nə əcəb Sovet hökuməti əllərindən almırdı, rahat geyib gəzirdilər?
- Bunun cavabını verməkdə çətinlik çəkərəm, amma anamgil tərəf dediyim kimi, kökdən varlı olublar, anam da gəlib düşüb Musa Nağıyevin ocağına.

- Atanız evlənən zaman bütün var-dövlət artıq əlindən getmişdi, düzdür?
- Getmişdi, bəli. Atamın hər şeyi əlindən alınmışdı. 1938-43-cü illərdə atam Bakıdan kənarda olduğu vaxt onu DTK-ya çağırırlar, bildirirlər ki, İsveçrə bankından adına pul baratı gəlib. İstəsə, ala bilər, əlbəttə pulu götürmək böyük cürət tələb edirdi. Ona görə də atam pulu SSRİ-yə bağışlayır, daha doğrusu yetimxanalara keçirir.
- Nə qədər pul olub?
- 413 milyon rubl. Atamın öz dəsti-xətti ilə yazılmış sənəd arxivdədir.
- Bu babanızın İsveçrə banklarında olan vəsaiti idi?
- Yox, çox güman ki, həmən vəsaitin faizi olub. Atam bunlar barədə danışmağa qorxurdu. Evimizdə patefon fason qara radiolardan var idi, divardan asılmışdı. Biz Ağamusa Nağıyevin var-dövləti haqqında danışanda, yaxud artıq-əskik sual verəndə atam əli ilə radioya işarə edirdi ki, danışmayın, susun.

- Nə əcəb ananızı atanıza veriblər? Çünki atanız artıq müflisləşmişdi, yəqin ad-sanına görə?
- Yox, deyərəm indi. Atamla anamın izdivaclarının maraqlı tarixçəsi var. Anamgil səkkiz qız olublar, ən kiçiyi anam olub. Anamın dörd yaşı olanda atamın anasının gözləri tutulur. Anamın nənəsi isə o vaxtı dava-dərmanla kor gözləri açırdı. Atamın anası gəlib onu tapır, anamın nənəsi onu müalicə edir. Nənəmin gözləri açılandan sonra deyir səndən əl çəkmərəm, nə qəşəng qızların var. Atamın da onda 12 yaşı varmış. Məsməxanım nənəm də qızlarını düzür, deyir, hansını istəyirsən seç, atam da anamı seçir. Neçə il nişanlı qalıb, sonra evləniblər. 1928-ci ildə artıq Ağamusa yox idi, amma onun atama bağışladığı zinət əşyaları cehiz kimi anama qismət olmuşdu.
Ağamusa ölən kimi arvadları məhkəməyə müraciət edirlər
- Bəs Ağamusa Nağıyev 1919-cu il, martın 4-də rəhmətə gedəndə bütün mülkü atanıza qalmamışdı?
- Yox, yox. Mən sizə deyim də. Ağamusa Nağıyevin İsmayıl və Ümmülbanu adından iki övladı vardı. Ümmülbanu 1905-ci ildə doğuş üstündə, İsmayıl isə 1906-cı ildə vərəmdən ölür. Bundan sonra Ağamusa qardaşı Ağəlinin iki aylıq oğlu Ələsgəri, yəni mənim atamı övladlığa götürür, adını da dəyişib Fərəc qoyur.

- Oğulluğa götürmüşdüsə, bəs Ağamusa Nağıyev öləndə mülkləri atanıza niyə qalmadı?
- Ağamusa öləndən sonra onun var-dövlətinə şərik çıxan çox olur. Dörd qardaşı vardı. Onlar da pay istəyiblər. Ağamusanın arvadı Ümməsəlimə xanım məhkəməni udan anda ikinci həyat yoldaşı Yelizaveta Qriqorevna Cankorova, yəni Liza ortaya çıxır. Sən demə, Ağamusa onunla da kəbin kəsdiribmiş. Beləliklə, var-dövlətin bir hissəsi arvadlar arasında bölünür, qalanı da dövlətə gedir, atama heç nə çatmır.
- Məhkəmə Sovet hökuməti qurulan zaman baş verib, yoxsa elə 1919-cu ildə - Azərbaycan Xalq Cümhuriyyəti dövründə olub?
- 1919-cu ildə. Məni həmişə ağrıdan da bu olub. Ölənə heç olmasa 40 gün yas saxlayarlar. Ümməsəlimə ilə Yelizaveta isə martın 7-də məhkəməyə baş çəkiblər.
- Deməli, varidatın bir hissəsi arvadların arasında bölünüb, bir hissəsi dövlətə gedib, bəs atanıza nə qalıb?
- Heç nə. Bir dənə indiki Şamil Əzizbəyov küçəsi 28-dəki mərtəbə yarımlıq bina qalıb. Qabaq ora Verxniy Priyutskiy deyirdilər, sonradan Ketsaveli oldu, indi Şamil Əzizbəyovdur. O mülk 1928-ci ilə kimi atamda olub, amma 1928-ci ildə dövlətə keçib, atama 18 kvadrat metrlik balaca otaq verilib. Amma o bina vaxtikən bizim olub, hətta üzbəüzdəki bina var, o da babamın olub. Bu gün mən həmin ünvanda qeydiyyatdayam.

- Ağamusa Nağıyev öləndən sonra atanız qayıdıb öz doğma ailəsinin yanına?
- Hə, əlbəttə.
- Sovetlər gələndən sonra da Ümməsəlimənin var-dövləti əlindən alınıb?
- Bəli-bəli.
Arvadı Yelizaveta onun pullarını bəhailiyə yönləndirib
- Bəs Lizanın sonrakı taleyi necə olub?
- Liza Gürcüstan yəhudisi idi. 16 yaşında Bakıya gəlib, burada Ağamusaya rast gəlmişdi. O qız bəhai dininə xidmət edirdi. Bakıda Musa Nağıyevlə tanış olur və onun pullarını bəhai təşkilatı üçün xərcləməyə başlayır. Ümumiyyətlə, Musa Nağıyev xeyriyyəçiliklə böyük işlər görürdü. Liza da onu bu işlərə cəlb edir.

- Deməli, xəsis adı ilə tanınan Ağamusa Nağıyev Lizanın hesabına bəhailiyə himayəçilik edirmiş?
- Bəli. Ağamusa rəhmətə gedəndən sonra Lizanın qardaşları görür ki, bacıları varlanıb, onun arxasınca Bakıya gəlir, götürüb aparırlar Gürcüstana. Orada Lizanı özləri qarət edirlər. Qara qəpiksiz qalan Liza Bakıya qayıdır, dəmir yolu vağzalında dörd gün gecələyir. Vağzalın cuhud kassiri Abraham Tumanovun ona yazığı gəlir. Liza ona öz taleyini danışır. Muxtadırda Tumanovun evi olur. Lizanı ora aparır. Evlənirlər. Tumanov Lizadan iki yaş kiçik olur, amma Liza özü Ağamusadan təxminən 20 yaş kiçik idi. Çox gözəl həyat sürürlər, ömürlərinin axırına kimi bir yerdə yaşayırlar. 1966-cı ildə Tumanov, 1968-ci ildə isə Liza rəhmətə gedir, ikisini də Yasamal qəbiristanlığında basdırırlar. Altı-yeddi il əvvəl bacım oğlu onların qəbirlərini tapdı. Qəbirlər pis vəziyyətdə idi. Sağ olsun, Azər Xudiyev adlı xeyriyyəçi mənə kömək elədi, o qəbirləri abadlaşdırdıq.
- Ağamusa Nağıyevin bəhai dinini qəbul etməyi düzdür?
- Mən o mövzunu çox araşdırmışam. O, bəhailiyi qəbul etməyib.
- Amma belə bir fikir də var ki, o dövrdə Bakıda varlılar içində bəhailiyi qəbul edən və ona himayədarlıq edən Ağamusa Nağıyev olub.
- Ağamusa Nağıyev dini qəbul eləməyib. Yüz faiz sizə deyirəm, bu haqda arxivdə də məlumatlar var. Sadəcə arvadı Yelizaveta onun pullarını bəhailik üçün yönləndirib.

Atam Səməd Vurğunla dostluq edib, Süleyman Rüstəmi sevmirdi
- Deyirlər, guya İsmailiyyə binasının zirvəsində də dinin yaradıcısı Bəhaullahın heykəli olub.
- Xeyr, o Musa Nağıyevin heykəli olub. Yanında da iki mələk təsvir edilib. O mələklərin də mənası odur ki, yəni oğlum İsmayıl sağ olsaydı, nəvə-nəticə məni də basardı. Bunu mənə atam da danışıb. Düzdür, atam çox az danışırdı.
- Yeri gəlmişkən, Hüseyn Cavidin də bəhailiyi qəbul etdiyi deyilir.
- Onu bilmirəm. Amma atamın Hüseyn Cavidlə münasibəti çox yaxşı olub, əsərlərini əzbər bilirdi. Cəfər Cabbarlı ilə də dost idi. Onun əsərlərindən də xoşu gəlirdi, ona görə mənim adımı Dilarə qoyub. Səməd Vurğunla da dostluq edib, amma Süleyman Rüstəmi heç sevmirdi.
- Nə əcəb?
- Bilmirəm.

- Deyirsiniz atanıza Ağamusa Nağıyevdən bircə evlənəndə ananıza verdiyi zinət əşyaları qalmışdı?
- Bir də dediyim kimi, Şamil Əzizbəyov küçəsində müsadirə edilmiş binadan 18 kvadrat metrlik otaq.
- O zinət əşyaları durur?
- Yox, Ağamusa Nağıyevin qəbri 4 dəfə dəyişdirilib. Onlardan biri də 1938-ci ildə olub. Həmən vaxt anam o zinət əşyalarını “Torqsentr”də satdırıb, onun puluna Musa Nağıyevin nəşini qəbirdən çıxartdırıb...
- Çəmbərəkənddən aparıb Biləcəriyə?
- Yox, yox ondan əvvəl artıq Biləcəriyə aparılmışdı. Deməli 1919-cu il martın 4-də doğma babam, atamın əsl atası Ağəli qardaşını Çəmbərəkənddə əmanət qəbirdə basdırır ki, bir müddət sonra nəşi Kərbəlaya göndərsin. Çünki Ağamusanın oğlu İsmayılın qəbri də Kərbəlada olub və o, Kərbəlada oğlunun yanında dəfn olunmağı vəsiyyət etmişdi.

Ağamusa Nağıyev ölən kimi var-dövlətini müsadirə etmişdilər
- Elə buna görə şübhələnirəm ki, Kərbəlada basdırılmasını arzu edən adam bəhai ola bilməz.
- Bəli, düz deyirsiniz. Bəhailik islamın qoludur.
- Yox, İslamın qolu deyil, amma İslamdan çıxmış dindir.
- Musanın dəfninə Təzə Pirdən 70 molla gəlibmiş. Yəni hər adama belə ehtiram göstərilmir. Deməli 1919-cu ildə Çəmbərəkənddə əmanət qəbirdə basdırırlar ki, pul olanda aparıb Kərbəlada dəfn edərlər.
- Mənim bildiyim qədəri ilə onu pul üçün eləmirlər. Yol uzaqdır deyə, gözləyirlər ki, nəşi çürüsün, sonra qalıqları aparsınlar.
- Yox, yox, yox, əvvəldən, əvvəldən göndərməyiblər ki, pul yoxdur. Onu deyirəm.

- 1919-cu ildə Ağamusa Nağıyevin pulu var idi ki?
- Hardan pulu var idi? Ölən kimi o dəqiqə müsadirə eləmişdilər. Gecə ilə hər şey müsadirə edilib, müflisləşib.
- 1919-cu ildə Azərbaycanda hələ AXC idi, o vaxtı Ağamusa Nağıyevin varidatını dövlət necə müsadirə edə bilərdi?
- 1917-ci ildə inqilab olmadı?
- İnqilab Rusiyada oldu. Bizdə isə o dövrdə Azərbaycanda Məmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski hakimiyyətdə idi.
- Mən atamın danışığından bilirəm ki, o qədər kasıblayıbmışlar ki, hətta Ağamusanın qəbrini də Kərbəlaya aparmaq imkanları olmayıb. Bunu mən sizə yüz faiz deyirəm. Onu bilirəm Ağamusanın varidatı arvadları arasında bölünəndən sonra atama bir qəpik də düşməyib. 1938-ci ildə atam Bakıda olmayanda ona çatdırırlar ki, Çəmbərəkənd qəbiristanlığı dağılır, orada Kirov adına park salınacaq, gəlin Ağamusanın qəbrini çıxarıb aparın. Atamda pul hardaydı? Heç özü gəlmir. Anamı gizli yollarla Aşqabaddan Bakıya göndərir. Anam zinət əşyalarını satır, o pula Ağamusanın cənazəsinin qalıqlarını aparıb Biləcəridə basdırır. Heç o dövrdə kəfən də tapılmır, anam onun sümüklərini balış üzünə yığır. 1938-ci ildə yenə atama xəbər gəlir, artıq atam Dərbənd tərəfdə idi.

- 1938-ci ildə yox. 1948-ci ildə.
- Yox e, 38. Dayan görüm, çaşdırdın məni. 1931-ci ildə xəbər çıxır ki, Çəmbərəkənd tərəfdəki qəbiristanlığını söküb yerində park salırlar. O vaxtı doğma babam Ağamusanın sümüklərini çıxarır, gətirir evə. Lakin həm pul, həm də gediş-gəliş olmadığı üçün sümükləri Kərbəlaya yollaya bilmir. Onun üçün sümüklər bir aydan çox evdə qalır. Axırı mollalar deyirlər ki, sümükləri o cür saxlamaq düzgün deyil. Ondan sonra Ağamusa Nağıyevin sümüklərini aparıb Biləcəridə basdırırlar. 38-də Biləcəridəki həmin qəbiristanlıq sökülüb yerində depo tikiləndə artıq Ağamusanın qardaşlarının heç biri həyatda olmadığına görə atama xəbər verirlər. Atam da Aşqabaddan anamı göndərir. Anam da qalıqları çıxartdırıb Biləcəridə başqa qəbiristanlıqda basdırır. 1992-ci ildə anam bizi qəbri ziyarət etməyə aparanda – o vaxta kimi mən partiya üzvüydüm, dövlət qulluğundaydım, qardaşlarımın da işi-gücü vardı deyə bu işin üstünə düşmürdük. Biz 1992-ci ildə ilk dəfə bacı-qardaşlarımızla o qəbri ziyarət etdik. Qəbir ayaq altında, yöndəmsiz yerdə idi, üstünə ad-familiya yazılmış balaca daş qoyulmuşdu. Həmən vaxtı təsadüfən Xırdalan məscidinin axundu ilə rastlaşdıq, o mənə dedi ki, qəbri yaxşı bir yerə köçürmək istəyir. Beləliklə, bizə o vaxtı Biləcəri qəbiristanlığında yer verildi, onun qəbrinin yerini təzədən dəyişdik.
Qorxdum ki, Ağamusanı aparıb Kərbəlada basdırsaq, təmiz unudular
- Dilarə xanım, mənə elə gəlir ki, o kişinin ruhu vəsiyyətinə uyğun olaraq aparılıb Kərbəlada dəfn edilməyib deyə narahatdır, onun üçün də qəbrinin yeri dörd dəfə dəyişdirilib.
- Görün mən neylədim! Mən onun ruhunu sakitləşdirmişəm. 2011-ci ildə bir hacıxanım Kərbəlaya gedirdi. Mən Ağamusanın qəbrinin torpağından ona verdim ki, aparıb Kərbəlada səpsin. Beləcə Ağamusa oğlu İsmayılla qovuşdu, o gündən mən rahatam.

- Nə əcəb vəsiyyətinə əməl etmək istəmirsiniz?
- Mən istəmədim. Onsuz bütün Bakıda həmişə deyirdilər ki, Musa Nağıyev xəsis olub, pul xərcləyən olmayıb, heç kəs onun tikdirdiyi 98 binanı hesaba almırdı. Onun üçün qorxdum ki, meyitinin qalıqlarını aparıb Kərbəlada basdırsaq, təmiz unudular.
- Deyirsiniz Bakının yaddaşından izi silinər?
- Bəli. Qorxuram. Xırdalanın axundu mənə təklif eləmişdi ki, istəyirsən qəbri Kərbəlaya aparaq, mən imtina eləmişdim. Pis eləmişəm?
- Mənə görə vəsiyyətə əməl olunmalıydı. Amma siz nəvəsiniz, yaxşısını siz bilərsiniz. Atanız xaricdə yaşayarkən nə işlə məşğul olurdu?
- Atam teatr xadimi idi, oralarda da teatr sahəsində çalışırdı. Aşqabadda və Dərbənddə dram teatrının təməlini atam qoyub. Qaravəlli xalq meydan oyunlarının dirçəlişinə atam səbəb olub.

- Siz özünüz 1952-ci ildə Bakıya gəldiniz və burada böyüdünüz.
- Burada institutu bitirmişəm, sonra da Ticarət Nazirliyində kadrlar üzrə rəis işləmişəm.
- Ömür boyu orada işləmisiniz?
- 43 il orada işləmişəm. Ondan əvvəl isə yeddi il Kinostudiyada Kadr siyasəti üzrə direktor müavini işləmişəm. Adil İsgəndərovun vaxtında.
Rasim Balayev mənim yetirməmdir
- Adil İsgəndərovla yola gedirdiniz?
- Bilirsiniz necə insan adam idi? Hamı ondan qorxurdu, o cümlədən mən. İnsanı cızığından çıxmağa qoymurdu. Adil müəllim çox xeyirxah adam idi. Ezamiyyətə gedirdi, qayıdanda hamı üçün hədiyyə alıb gətirirdi.

- Aktyorları da siz işə götürürdünüz?
- Mən deyərdim ki, Rasim Balayev mənim yetirməmdir, İlham Namiq Kamal mənim yetirməmdir, Həsən Turabov mənim yetirməmdir.
- Yəni sizin vaxtınızda işə qəbul olunublar?
- Bəli. Şəxsən mənim xahişimlə Adil İsgəndərov onları ştata götürüb. Kinostudiyada yaradıcılıq mərkəzi açılmışdı. Onları ora ştata götürdü, Rasim də Nəsimi roluna oradan getdi. Rasim həmişə mənə deyir ki, mən sizə borcluyam. Əgər bir adam Adil İsgəndərovun gözündən düşürdüsə, vay o adamın halına. Onu çürüdürdü.
- Tanınan adamlardan kim elə gözündən düşmüşdü?
- Bir Yusif Vəliyev, bir də Hüseyn Seyidzadə ilə yola getmirdi.
- Kinostudiyada işlədiyiniz dövrdə nə əcəb filmə çəkilməmisiz?
- Yox, yox, elə şey olmayıb.
Biz ərə gedəndə atam sevinirdi ki, Nağıyeva familiyasından çıxırıq

- Siz Azərbaycanın ən varlı milyonçusunun ailə üzvü olmusunuz. Sizi Sovet dövründə təqib etmirdilər?
- Eləyirdilər.
- Necə təqib edirdilər ki, Ticarət Nazirliyində kadrların rəisi olmusunuz?
- Yox, o barədə yox, savadlı adama qiymət verirdilər. İndi heyf ki, o tendensiya yoxdur. Pulun var, adamın varsa, qabağa çəkirlər. Amma qabaqlar elə şeylər yox idi. Mən kim idim? Adi laborant idim. Adil İsgəndərov bacarığımı görüb məni kadrlar şöbəsinə apardı. O məni elə-belə götürdü işə, çəkdi qabağa.
- Yəqin ki, Ağamusa Nağıyevin nəvəsi olduğunuzu etiraf etməyə qorxurdunuz.
- Bilirdi, atamı yaxşı tanıyırdı. Amma atam mənlə bacım ərə gedəndə sevinirdi ki, Nağıyeva familiyasından çıxırıq. Çünki bizə çox maneçilik törədilirdi.
- Deməyim odur ki, nə vaxtdan Ağamusanın nəvəsi olduğunuzu etiraf etmisiniz?
- Mən özüm onu etiraf etməkdən qorxurdum, çünki partiya sıralarında idim. Kinostudiyada işləyəndə məni Mərkəzi Komitəyə çağırdılar. Haqqımda anonim məktub yazılmışdı. O vaxt Svetlana Çingizovna orada katib idi, sonradan ticarət naziri oldu, məni o, nazirliyə işə götürdü. O məni çağırdı, dedi, məktubda yazılıb ki, siz partiya sıralarına soxulmusunuz, Nağıyevin nəvəsiniz. Mən də ona izah elədim ki, partiyaya girəndə mən hələ ərə getməmişdim, qızlıq familiyam anketdə qeyd olunmuşdu. O da mənə inandı.

- Ağamusanın nəvəsi olduğunuza görə sizə bir söz demədi?
- Yox, mən onlara neyləmişdim? Ya babam onlara nə etmişdi? Əksinə mülkləri qalıb. Dövlətə 98 bina verib. O vaxtkı Şaumyan, indiki OMD xəstəxanası onundur, Sabunçu xəstəxanası onundur, “Semaşko” onundur.
- Sabunçu xəstəxanasını Aşurbəyovlar tikdirməyib?
- Xeyr. Musa Nağıyevindir, hamısının da sənədi var.
- “Semaşko” nə vaxt tikilib?
- 1913-cü ildə.
- Dövlət xəstəxanası idi, özəl?
- Yox, dövlət xəstəxanası idi. Musa Nağıyev tikdirib, verib ki, xalq istifadə eləsin, pulsuz-parasız.
- Yəni Sovet hökuməti gəlməsəydi, bu mülklər elə sizin özünüzə qalacaqdı, düzdür?
- 1924-cü ildə milliləşdirilib. Əlbəttə bizim olacaqdı.

- Əgər Azərbaycanda Sovet hökuməti qurulmasaydı, Tağıyevin mülkləri, varidatı övladlarına, Ağamusanın varidatı sizə...
- (Sözümü kəsir) hamısı bizə qalacaqdı.
- O baxımdan Sovet hökumətinin gəlişi biz xalqa sərf edir, siz varlılardan alıb bizə verib (ikimiz də gülürük). Siz indi varlı sinfini, mən də xalqı təmsil edirəm. Sizdən alıb bizə verilməsəydi, o mülklərdə yağ-bal içində yaşayacaqdınız. Təbii ki, bunlar zarafatdır.
- Düzdür, düzdür. Bəlkə mən də babam kimi xeyriyyəçi olardım, kiməsə bina bağışlayardım, kiməsə yaxşılıq edərdim.
- İndi şəhərdə “Limuzin”lərdə gəzərdiniz.
- (Uşaq kimi sevinclə) bəli, avtobusa minib bura gəlməzdim.
- Yəqin sizin də ehtiyac içində yaşadığınız dövr olub.
- Əlbəttə olub.
- Elə bil siz varidatını itirmiş şahzadəsiz.
- Bəli, bəli (gülür).

- Heç fikirləşmisiniz ki, kaş Sovet hökuməti qurulmazdı, babamın bu mülkləri getməzdi?
- İnanırsınız, heç fikirləşməmişəm. Çünki Sovet dövründə yaşayışımız pis deyildi. Aldığımız bizə çatırdı. Ümumiyyətlə Sovet dövründə qayda-qanun çox yaxşı idi. Doqquz ay ərzində yığdığımızı üç ay yay tətilində rahat xərcləyirdik, harasa gedirdik. İndi nə maaş bəs edir, nə pensiya. İkincisi, mənim uşaq vaxtı həyatım çox ağır keçib. 1941-45 müharibəsinin acılarını mən də yaşamışam. Biz beş uşaq idik, anamgil “payok” alırdılar. Hamısından kəsib mənə verirdilər, mən doymaq bilmirdim, elə acırdım. Anam əlimə verdiyi çörəkdən bir tikə kəsib o biri əlimə qoyurdu ki, pendirdir. Və mən onu pendir dadı ilə yeyirdim. 40-50-ci illər çox ağır dövr idi, çörəyi talonla alırdıq.
- Sonrakı dövrlər necə idi?
- Maaş bütün aya bəs edirdi. Sovet dövründən şikayətçi deyiləm.
- O dövrdə qızların əyləncəsi nə idi? Baxın indi kafedəyik, ətrafımızda qızlarla oğlanlar rahatca oturub söhbət edirlər. O dövrdə belə şeylər var idimi?
- Mən buna pis baxıram, ədəb-ərkan itib gedir. O dövrdə belə deyildi. Mən yoldaşımla 1962-ci ildə rastlaşmışam. Mən də həyalı, uzun saçlı adi qız idim. Sovetski tərəfdə dörd-beş məhəllə aramız var idi. Xoşum gəldi ondan. Həmişə uşaqlarıma da deyirəm ki, atanız çox yaraşıqlı idi, mən yox, mən kifir idim (gülür). Ərəb oğlanlarına oxşayırdı. Sözüm onda deyil. O mənim əlimi tutmağa ürək etmirdi, mən də elə. Məni instituta yola salırdı, çıxanda da məni qardaşlarım qarşılayırdı, mən nə karə idim harasa gedim.

- Yəni məktəbə gedib evə gəlirdiniz, ayrı əyləncəniz yox idi.
- Mən demirəm qəhrəmanlıq etmişəm, amma abır-həya var idi. Elə bütün qızlar da o cür idi.
- Bakı o vaxtı internasional şəhər sayılırdı.
- Elə dediyim o abır-həya bütün millətlərdə var idi. Bizim məhəllədə ermənilər də, cuhud da çox idi. Kimsə nə karə idi ki, kiminsə dalıyca düşüb o məhəllədən keçə. Yəni o əxlaq başqa millətlərin nümayəndələrinə də sirayət eləmişdi.
- Dilarə xanım, Ağamusanın ucsuz-bucaqsız varidatından indiyə heç olmasa simvolik olaraq olsa da, bircə üzüksə də qalıb?
- Heç nə! Babamdan bir dənə klavesin qalmışdı. Onu babama Stalin bağışlamışdı. Axı babam Stalinə çox kömək edib, inqilaba kömək edirdi, məcbur idi, etməli idi.
- Mən bilən Stalin babanızı iki dəfə oğurlatdırıb.
- Bəli iki dəfə Stalin oğurlatdırıb, babam Stalinə pul verib, amma oğurlayanlara istədikləri pulu verməyib.
- Bərk adam olub də.
- Çox qənaətcil adam olub, pulun qədrini bilib. Hamballıqdan gəlib varlı olub. Klavesin uzun illər bizim evdə idi, 2006-cı ildə mən onu Neft Şirkətinin muzeyinə verdim. Bir də sədəfdən qılıncı var idi. Türkiyədən bağışlamışdılar. Onu da atam bacımın yoldaşına bağışlamışdı, indi bilmirəm hardadır.

Ağamusanın atası kasıb olub, ona görə də Həcc ziyarətinə gedə bilməzdi
- Bayaq dediniz ki, Ağamusa öləndən sonra onun bütün varidatı müsadirə olunub. Sonra da atanız Bakıdan didərgin düşüb, bəs o klavesin günümüzə necə gəlib çıxıb? Köçəndə özü ilə gəzdirib?
- Atam Aşqabada gedəndə Şamil Əzizbəyovdakı otağın qapısını bağlayıb getmişdi, klavesin də, qılınc da başqa əşyalarımızla birlikdə orada qalmışdı. Qara qıfıl idi. Qapıda asılmışdı.
- Nə əcəb sizin yoxluğunuzda heç kəs evə girməyib!
- Nə bilim!
- Deyirsiniz, Ağamusa Nağıyev sonradan varlanıb. Atası da samançı imiş. Özü də Ağamusanın əli pula çatanda atası artıq rəhmətə getmişdi. Nədənsə atasının adı hər yerdə Hacı Əlinağı kimi qeyd olunur. Əgər atası kasıb idisə, Haca necə getmişdi?
- Onun atasının adı metirkada Hacı Nağı kimi qeyd olunub. Sizin sualınıza cavab verə bilməyəcəm. Siz dediniz, mənə də maraqlı gəldi. Ağamusanın atası kasıb olub, ona görə də Həcc ziyarətinə gedə bilməzdi.

- Ağamusa sizin doğma babanıza, qardaşlarına öz mülklərindən pay vermişdi?
- Ağəlinin adına gəmi var idi, Ağayusifin adına gəmi var idi. Ağəliyə dörd dənə hamam bağışlamışdı, atamın eşqinə tikdirdiyi binanı qardaşına bağışlamışdı, elə bil oğlunu övladlığa götürdüyü üçün onun əvəzinə vermişdi. Mirzağa Əliyev 246 ünvanındakı məscidi Musa Nağıyev tikdirib və qardaşına verib.
- Siz bir dəfə demişdiniz ki, adamlar gəlirmiş ki, borcum var, evimi gəl, sənə satım. Ağamusa da evin qiymətini öldürürmüş, yüzminlik evi 20-30 minə alırmış.
- Hə, onu deyirsiniz? Ağamusa hər axşam kazinoya gedirmiş. Onun orada özünün xüsusi otağı var imiş. Oturub gözləyirmiş. Qumar oynayanlar pulları qurtaranda, borca düşəndə, zinət əşyalarını, mülklərini satırmışlar. Mülk satanlar da Ağamusaya yaxınlaşırmış. Çünki bilirmişlər ki, Ağamusa mülk azarkeşidir. Və deyib ki, 100 bina tikdirməliyəm. Tikdirdikləri arasında belələri də olub. İndi deyəcəm sizə. Qalxır biri, deyir ki, qumar borcum var, gəl, 100 minlik evimi verim sənə, o isə həmin evi 20-30 minə alırmış. Bir də görürdün, həmən adam gedib təzədən udurdu, qayıdıb gəlirdi ki, Ağamusa, ala 30 minini, evimi qaytar! Ağamusa da deyirmiş ki, nə pul, nə ev! Həmən adam deyirmiş, indi satmadım sənə? Ağamusa da cavab verirmiş ki, o ev artıq mənimdir, özü də yüz minə yox, yüz əlli minə satıram. Bax, belə. Axmaqlara pul vermirdi. Pis edib?
- Oxşar şeyi yeri gələndə Şərurlu İsfəndiyar da edir. Amma biz ona böyük xeyriyyəçi demirik.
- Xeyriyyəçilik çox edib axı. Dörd xəstəxana tikdirib, pulsuz-parasız dövlətə verib.

- Axı belə işləri də olub!
- Neyləyəydi, qumar oynayana pul bağışlayaydı? O faizə pul verməyib, sadəcə pulunu qumara qoyan axmaq adamları bu cür cəzalandırıb.
Mən Tağıyevin qızı Sara xanımın yolunu gedirəm
- Məncə situasiyadan istifadə edib.
- Qumarbaz onsuz da pul axtarır. O da mülk azarkeşi imiş, alırmış.
- Dilarə xanım, Şollar suyunun Bakıya çəkilməsi üçün ən böyük vəsaiti Ağamusa Nağıyev qoysa da adı çox az çəkilir.
- Bəli, Şollar suyunun çəkilməsi üçün lazım olan 33 milyonun 24 milyonunu Ağamusa Nağıyev ödəyib.
- Halbuki Tağıyev də Şollar üçün vəsaiti borc verib. Amma Şollar indi Tağıyevin adına çıxılır, Ağamusanın adı çəkilmir.
- Çıxıb da indi, o da bizimdir. Eybi yoxdur.

- Bəlkə Ağamusanın əlimyandıda olanlarla bu cür rəftarına, müəyyən xəsisliklərinə görə adı Tağıyevin adı kimi minnətdarlıqla çəkilmir?
- Yox, ona görə deyil. Mən 90-cı illərdən Ağamusa Nağıyevin təbliği ilə məşğulam, Tağıyevin qızı Sara xanım isə ötən əsrin yetmişinci illərindən bu yolda fəallaşmışdı. Onun gördüyü işlər də Tağıyevin adının yaşamasına kömək elədi. İndi mən də o yolu gedirəm.
- Bizim dövrümüzdə də xeyli milyonçu var, amma özləri üçün yaşayırlar. Siz fikirləşirsiniz ki, Ağamusa Nağıyev özü üçün yaşamırdı?
- Özü üçün necə yaşayırdı? İki həyat yoldaşı olub, uşaqlarını erkən itirib. Çox bədbəxt adam olub.
Heykəl məsələsi lotereya kimi Bəhram Bağırzadənin öhdəsinə düşdü
- Necə olur ki, Azərbaycanın ən varlı milyonçusu olduğu halda Tağıyevin adı daha çox çəkilir?
- Tağıyev ağsaqqal idi, üstəlik bakılılar içində ilk varlanan adam idi. Mən necə indi milyonçuların varislərini başıma yığıram, Tağıyev də onları başına yığırdı. Tağıyev əgər deyirdisə, filan məsələ üçün pul yığılmalıdır, vəssalam, yığılmalı idi, daha heç kəs onun sözünü çevirə bilməzdi.

- Tağıyevə heykəl qoyulub. Halbuki Bakıda 100-ə yaxın mülkü Ağamusa Nağıyev tikdirib və Bakının gözəlləşməsinə xidmət edib. Sizcə Ağamusa Nağıyev üçün də bir heykəl qoyulmalı, haqqında çoxseriyalı film çəkilməli deyilmi?
- Tağıyevə heykəl qoyulanda mən həm sevindim, həm də kədərləndim. Mən 13 il Tarix İnstitutunda işləmişəm, “Ağa Musa Nağıyevin xeyriyyəçiliyi, ictimai fəaliyyəti və sahibkarlığı” adlı dissertasiyamı orada müdafiə eləmişəm. O vaxtı biz Tarix İnstitutunda belə bir layihə ilə müraciət etmişdik ki, milyonçulara heykəl qoyulsun. Tağıyev otursun faytonda, faytonun sağında Ağamusa Nağıyev, solunda Şəmsi Əsədullayev, arxada Dadaşovlar, Aşurbəyovlar, Murtuza Muxtarov və başqa milyonçular olsun. Nədənsə bu heykəl məsələsi lotereya kimi düşdü Bəhram Bağırzadənin öhdəsinə, o da Tağıyevə heykəl qoyulması üçün təşəbbüs göstərdi. Amma çox kədərləndim ki, bu layihə keçmədi. Buna baxmayaraq, sevinirəm ki, Tağıyevə heykəl qoyulub, çünki o da Azərbaycanımızı təmsil edən milyonçudur. Tağıyevin də zəhməti çox olub.
- İstəyərdiniz ki, Musa Nağıyevin də Tağıyev kimi Bakıda heykəli ucaldılsın?
- Əlbəttə istəyərəm. Düzdür, qəbrinin üstündə büstü qoyulub.
- Tağıyev barəsində film də çəkilib.
- İstəyərəm ki, Musa Nağıyev barədə də film çəkilsin, əlbəttə istəyərəm.

- Dilarə xanım, yazıçı Banin sizin bibiniz qızı sayılır, elədir?
- Elədir. Ağamusanın qızı Ümülbanu Şəmsi Əsədullayevin gəlini idi. O, doğuş üstündə ölür, adını qızına verirlər. O da Fransaya gedib Banin kimi tanınır. O da çox gözəl əsərlər yazıb, vaxtilə bizi Fransada təmsil edib.
Banini düşüncələrinə görə sevmirəm
- Baninin “Qafqaz günləri” romanını oxumuşam. Azərbaycanı tərk edəndən sonra heç biri çalışmaq istəmir, apardıqları pulu yeyib sonra quru yerdə qalırlar. Romanı bitirəndən sonra qənaətim bu oldu ki, Azərbaycan varlıları o zaman pis çıxmasın, harınlıq içində yaşayıblar.
- Sənə bir etiraf edim, düzünə qalsa, mən Banini düşüncələrinə görə sevmirəm. O, indiki müasir dövrü yaşayırdı.
- Buninlə (Nobel mükafatı laureatı, rus yazıçı İvan Bunin – M.A.) də sevgili olub.
- Sevgi başqa. Buninə sevgisini qəşəng verib. Amma əsərlərində Azərbaycan xalqının mentalitetinə uyğun gəlməyən şeylər yazıb. Mən də bunu qəbul etmirəm. Onun çox böyük kitabxanası olub. Öləndə onu katolik kilsəsinə bağışlayıb. Heç olmasa, onu Azərbaycana yollayardı.

- O dövrdə əlaqələr yox idi axı.
- Niyə yox idi, 1992-ci ildə vəfat edib, əlaqələr var idi. Bakını saymırdı.
- Siz özünüz onunla görüşmüsünüz?
- Yox. Bir dənə Əsədullayevin qız nəvəsi Züleyxa Əsədullayeva gələndə bizimlə görüşürdü. Görüşürdük, amma onlar hamısı avropalı kimi idilər. Halbuki baxmayaraq, mənim 85 yaşım var, mən də müasir qadınam. Amma onunla belə, öz milli kimliyimi heç vaxt itirməmişəm.
- Yəni siz Banini bir qohum kimi qəbul etmirsiniz?
- Eləmirəm. Düzdür, o uşaq vaxtı Avropaya getmişdi və düşüncəsi orada formalaşmışdı, amma bununla belə gərək öz mentalitetini itirməyəydi.
Atam 16 il Musa ilə yaşayıb
- Nəzərə alın ki, onları böyüdən dayələr də alman, rus, fransız olurdu.
- Düzdür, orası da var.
- Təsəvvür edək ki, Sovet hökuməti qurulmayıb, Musanın varisi kimi var-dövləti atanıza qalıb, sizi də fransız bir dayə böyüdüb. Sizcə indikindən fərqli olmazdınız?
- Bu suala cavab vermək çətindir. İndi deyərəm “yox”, amma bəlkə də siz deyən kimi olsaydı, mən də dəyişərdim. Nə bilmək olar?

- Atanız neçə yaşında Ağamusanın himayəsinə verilmişdi?
- Atam iki ay on günlük olanda Ağamusanın himayəsinə verilmişdi. 1906-cı il fevralın 16-da İsmayıl rəhmətə gedib, 1905-ci il dekabrın 5-də atam anadan olub. Atam 16 il Musa ilə yaşayıb.
- Atanız heç olmasa ailə arasında olsa da o var-dövlət içində yaşadığı dövrdən danışmırdı? Misal üçün qızıl qaşıqla yemək yeyirdim filan.
- Yox, vicdan haqqı yox. Bəs sizə demirəm, atama öyrətmişdilər ki, yaşamaq istəyirsə, sussun, danışmasın. Bayaq demirəm, evdə nəsə danışanda da radioya işarə edirdi?
Mehriban Əliyevanın sayəsində oğlum Türkiyədə müalicə olunub sağaldı
- Ağamusanın Lizadan uşağı olmayıb?
- Yox, Lizanın heç ikinci evlilikdən də övladı olmayıb.
- Ağamusa haqqında deyirdilər ki, İsmayıl xəstələnəndə müalicəsinə pul vermək istəmirmiş.
- Siz buna inanırsınız? Hansı ata övladının sağlamlığı üçün pul xərcləməz? Mənim oğlum Parkinson xəstəliyinə tutulmuşdu, Allah heç kəsə göstərməsin, gecəm-gündüzüm yox idi. Sağ olsun, Mehriban xanım Əliyeva, onun sayəsində Türkiyədə müalicəsi təşkil edildi. Bundan sonra sağaldı, indi yerişində xəstəliyinin əlamətləri azca qalıb. Demək istəyirəm ki, bu deyilənlər şayiədir. İsmayılın Fransadan məktubları var, yazır ki, atam məni belə görəndə yumağa dönür, mən də onu belə görüb daha betər oluram. Musa Nağıyev hətta onun xəstəliyinin çarəsinin tapılması üçün də maliyyə ayırıbmış.

- Dilarə xanım, ola bilsin, özünüzün bu yaşda sənəd məsələləri ilə məşğul olmaq imkanınız çətin ola, amma mən bilirəm ki, sizin övladlarınız çox savadlıdırlar. Nə əcəb onların vasitəsilə İsveçrə, Britaniya banklarında olan vəsaitin geri qaytarılması ilə ciddi məşğul olmursunuz?
- O çox çətin məsələdir. Dəfələrlə insanlar tapılıb, müəyyən faiz müqabilində köməklik etmək istəyiblər. Bu 35 il ərzində bəlkə on nəfər meydana çıxıb, hamısı mənimlə müqavilə bağlayıb, işə başlayıblar, amma nə isə alındıra bilməyiblər.
- Siz o vəsaiti özünüzə istəyirsiniz?
- Xeyr, mən demişəm ki, pullar Azərbaycana gətirilərsə, mənə çatan faizdən iki bina tikdirəcəyəm. Və Ağamusa Nağıyevin 100 bina tikmək arzusunu həyata keçirmiş olacağam.
- Bəlkə dövlətə müraciət edəsiniz? Dövlət vasitəsilə bu məsələni həyata keçirmək daha asan başa gəlməzmi?
- Dövlətə də müraciət eləmişəm. 1995-ci ildə, 2000-ci ildə müraciət etmişəm.
- Bəs nə cavab veriblər?
- Heç bir cavab yoxdur. Demişəm ki, dövlət Musa Nağıyevin İsveçrə banklarında olan vəsaitini geri qaytarsın, mənə çatan faizi özümə versin, qalanı dövlət büdcəsinə keçsin. Amma nəticəsi olmayıb.
- Yaxşı, Dilarə xanım, Musa Nağıyevin tikdiyi 98 binadan birinin sizə verilməsi imkanı olsa, götürəsiniz, yoxsa deyərsiniz dövlətə qalsın?
- Versələr, niyə götürmərəm (gülür)?

- Biz sizinlə 2025-ci ilin son iş günündə, 30 dekabrda görüşürük. Gələn il barədə arzularınız nədir?
- Mən özüm 3 müharibə görmüşəm. Onun üçün istəyərəm müharibə olmasın, dünyada sülh, əmin-amanlıq olsun. Maddi cəhətdən heç kəs əziyyət çəkməsin, çünki pul əsasdır, pul olan yerdə həyat var.
- Musa Nağıyevin nəvəsinin dilindən bu sözlər hədsiz mənalı səslənir.
- Hə, düzdür (gülür).
- Musanın adı xəsisə çıxsa da, Lizaya çox pul xərcləyib ha.
- Çox. Hər dəfə məclisə gedəndə Lizanın üstündə 700 qramlıq ləl-cəvahirat olarmış. Və sevdiyi şeylər bahalı daş-qaşdan düzəlmə böcək formasında broşlar imiş. İndi o xüsusiyyət gəlib mənim qızımda çıxıb. Mənim qızım da o cür broşlar xoşlayır. O gün də deyir ki, mama, filan yerdə “krab” görmüşəm, svarovski daşlarla işlənmiş, gedək onu alaq. Gedəcəyik ona baxmağa.
- Gedin baxın. Belə başa düşürəm, milyonçu olmasanız da, milyonçu xasiyyətiniz qalıb.
- Elədir (gülür).