“Moskva üç əsas cəbhədə təsirini itirir” Gündəm

“Moskva üç əsas cəbhədə təsirini itirir”

“Rusiyalı teleaparıcı Vladimir Solovyovun səsləndirdiyi sərt və təhdidedici bəyanatlar təkcə bir teleaparıcının emosional ritorikası kimi deyil, Rusiyanın postsovet məkanında mövqelərinin zəifləməsinə verdiyi simvolik və ideoloji reaksiya kimi qiymətləndirilməlidir. Vladimir Solovyov Rusiyada sadəcə jurnalist deyil o, Kremlin qeyri-rəsmi ideoloji tribunasının səsi funksiyasını, yəni ruporu rolunu yerinə yetirir”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi ekspert Elnur Ənvəroğlu söyləyib.

E.Ənvəroğlu deyib ki, Solovyovun “beynəlxalq hüquqa tüpürmək”, “xüsusi hərbi əməliyyatları genişləndirmək” kimi ifadələri Rusiyanın geosiyasi uğursuzluğunun göstəricisidir: “Konkret qeyd etmək olar ki, Moskva üç əsas cəbhədə təsirini itirir: Cənubi Qafqazda, Mərkəzi Asiyada və Şərqi Avropada. Cənubi Qafqaza gəlincə bunu Ermənistanın Qərbə doğru meyillənməsi, Azərbaycanın suverenliyini tam bərpa etməsi və Rusiyanın “vasitəçi” rolunun de-fakto sıradan çıxması kimi səciyyələndirmək olar. Mərkəzi Asiyanı isə türk dövlətləri arasında inteqrasiyanın dərinləşməsi, Çinin iqtisadi çəkisinin artması və Qərbin alternativ əməkdaşlıq formatları kimi və ən nəhayəti, eləcə də Rusiyanın bütün resurslarını sərf etdiyi Ukraynada uzanan müharibə fonunda Rusiyanın hərbi və iqtisadi resurslarının tükənməsi kimi. Bu fonda Kremlə yaxın fiqurların aqressiv ritorikası reallığı dəyişmək gücünə malik olmayanların səsli hədəsi təsiri bağışlayır: “

Ekspert əlavə edib ki, Rusiya tərəfindən Cənubi Qafqaz və Mərkəzi Asiya üçün real risk strateji miqyasda yox, taktiki və hibrid səviyyədə mümkündür: “Necə ki, buna qədərində olub. Strateji miqyasda ona görə mümkün deyil ki, Rusiya bu mərhələdə yeni genişmiqyaslı hərbi macəralara başlamaq gücündə deyil. Yəni Qərb cəbhəsi ilə burun-buruna daynan Moskva özünə bir neçə cəbhə yaratamq istəməz. Lakin informasiya müharibəsi, daxili destabilizasiya cəhdləri, iqtisadi təzyiq, enerji və nəqliyyat alətləri vasitəsilə təsir göstərməyə çalışa bilər. Solovyovun ritorikası da məhz bu hibrid mühit üçün psixoloji zəmin yaratmaq məqsədi daşıyır”.

Röya İsrafilova