11:05
1 393
“ABŞ vitse-prezidenti Ceyms Devid Vensin bu gündən başlayan Cənubi Qafqaz səfəri Vaşinqtonun regiona baxışında baş verən ciddi dəyişikliklərin göstəricisi kimi dəyərləndirilir”.
Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib.
O bildirib ki, səfərin marşrutunun əvvəlcə İrəvan, ardınca Bakı üzərindən qurulması ABŞ-nin artıq ənənəvi Tbilisi mərkəzli yanaşmadan uzaqlaşdığını və regionun taleyini müəyyən edən əsas xəttin Azərbaycan–Ermənistan oxu olduğunu qəbul etdiyini göstərir: “Vaşinqton üçün prioritet məsələ sülh prosesinin real məzmuna keçməsi və bu prosesin regional kommunikasiyalarla, xüsusilə də Zəngəzur istiqaməti ilə bağlanmasıdır. ABŞ anlayır ki, davamlı sabitlik yalnız siyasi razılaşmalarla deyil, iqtisadi və nəqliyyat asılılıqları ilə mümkündür”.
Z.Qarayeva əlavə edib ki, Vensin Bakıya gəlişi, eyni zamanda, ABŞ-nin regionda geosiyasi mövcudluğunu praktik səviyyəyə daşımaq niyyətindən xəbər verir: “TRIPP marşrutu və Orta Dəhliz ABŞ üçün təkcə iqtisadi layihə deyil, Rusiyanın və İranın təsir imkanlarını balanslaşdırmaq baxımından strateji alətdir. Bu kontekstdə Azərbaycan əsas tərəfdaş kimi çıxış edir və Vaşinqton Bakının regional rolunu daha geniş çərçivədə görməyə çalışır. Səfərdən sonra sülh gündəliyi ilə yanaşı, tranzit, investisiya və təhlükəsizlik sahələrində konkret addımların müzakirə olunması ehtimalı yüksəkdir. ABŞ bu səfərlə açıq mesaj verir ki, Cənubi Qafqaz artıq kənardan izlənən məkan deyil, birbaşa maraqların cəmləşdiyi strateji bölgədir”.
Röya İsrafilova