11:56
1 106
“İran mediasının ABŞ-yə məxsus kəşfiyyat təyyarələrinin, həmçinin sualtı qayıq əleyhinə patrul aviasiyası və ağır PUA-ların Hörmüz boğazı və Oman körfəzi üzərində manevrlər həyata keçirməsi haqqında məlumatı regionda hərbi-siyasi temperaturun yüksəldiyi barədə sualları yenidən aktuallaşdırır. Hörmüz boğazı qlobal enerji təhlükəsizliyinin əsas düyün nöqtəsidir. Dünya neft tədarükünün mühüm hissəsi məhz bu marşrutdan keçir. Bu səbəbdən burada istənilən hərbi aktivlik təkcə regional deyil, beynəlxalq miqyasda da ciddi rezonans doğurur”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında hərbi ekspert Anar Şuşalı söyləyib.
A.Şuşalı bildirib ki, ABŞ-nin sualtı qayıq əleyhinə təyyarələrdən istifadə etməsi isə dənizdə mümkün asimmetrik risklərin mina təhlükəsi, sürətli hücum katerləri və sualtı platformaların nəzarətdə saxlanmasına yönəlik mesaj kimi qiymətləndirilə bilər: “Mövcud vəziyyət birbaşa müharibə siqnalı olmasa da, “idarə olunan gərginlik” modelinin gücləndiyini göstərir. Vaşinqton bu aktivliklə həm İranın hərbi manevrlərini monitorinq edir, həm də regiondakı müttəfiqlərinə təhlükəsizlik zəmanəti mesajı verir. Eyni zamanda, Tehran da simvolik güc nümayişi ilə cavab verə bilər ki, bu da qarşılıqlı balansı daha həssas mərhələyə keçirə bilər”.
Ekspertin sözlərinə görə, əsas risk isə dar su məkanında təsadüfi insident ehtimalıdır: “Belə şəraitdə yanlış hesablanma və ya texniki səhv sürətlə eskalasiyaya səbəb ola bilər. Bunun fonunda enerji bazarlarında qiymət dalğalanmaları və regional təhlükəsizlik gündəminin sərtləşməsi mümkündür. Nəticə etibarilə, ABŞ aviasiyasının Hörmüz üzərində aktivliyi hazırda daha çox preventiv nəzarət xarakteri daşıyır. Lakin Yaxın Şərqdə balansın həssas olduğu nəzərə alınarsa, hərbi dinamikanın artması regionu yeni risk mərhələsinə yaxınlaşdıra bilər”.
Röya İsrafilova