“F-15 insidenti gərginliyi artırır” Gündəm

“F-15 insidenti gərginliyi artırır”

“ABŞ-a məxsus F-15 qırıcısının vurulması təkcə hərbi cavab deyil, həm də simvolik siyasi mesajdır”.

Bunu politoloq Rəşad Bayramov Xalqcəbhəsi.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, ABŞ-ın Yaxın Şərqdəki hərbi mövqeyi və İranın nüvə proqramına qarşı sərt strategiyası onsuz da gərginliyi artırmışdı və belə bir insident vəziyyəti daha da mürəkkəbləşdirir:“Bu hücum ABŞ tərəfindən daha böyük və təhdidkar hərəkət kimi qiymətləndirilə, cavab zərbələrinin gücləndirilməsinə səbəb ola bilər”, – deyə politoloq bildirib. Hadisə regional təhlükəsizlik üçün ciddi xəbərdarlıqdır. Küveytin hava məkanı ABŞ və müttəfiq qüvvələr üçün strateji əhəmiyyət daşıyır. Hər hansı qəzaya yol açan insident hava nəqliyyatının təhlükəsizliyini və hərbi əməliyyatların koordinasiyasını risk altına qoyur. Yaxın Şərqdə gərginlik yalnız siyasi və diplomatik sferada deyil, həm də hərbi və texniki sahədə ciddi nəticələr doğura bilər. İnsidentin psixoloji və diplomatik təsirləri də böyükdür: “Əgər məlumatlar təsdiqlənərsə, ABŞ media və diplomatik kanallarda insidentə ciddi reaksiya verəcək və İranın məsuliyyətini vurğulayacaq. Tehran isə hərbi əməliyyatların ‘müdafiə xarakterli’ olduğunu iddia edərək məsuliyyəti ABŞ-nin üzərinə qoyacaq. Bu klassik qarşılıqlı hərbi xəbərdarlıq və psixoloji təsir kimi qiymətləndirilə bilər”.

Rəşad Bayramov qeyd edib ki, hadisə münaqişənin genişlənmə potensialını göstərir: “Hətta pilotun sağ qalması belə qarşılıqlı zərbələrin artması riskini ortaya qoyur. Bu mərhələdə hər iki tərəf üçün məsuliyyətli davranmaq, eskalasiyanın qarşısını almaq və diplomatik kanalları aktiv saxlamaq prioritet olmalıdır. Təəssüf ki, hazırda biz bunu müşahidə etmirik”.

Günel Elxan