İrəvanın konstitusiya sınağı: sülh, yoxsa köhnə iddialar? Gündəm

İrəvanın konstitusiya sınağı: sülh, yoxsa köhnə iddialar?

Cənubi Qafqazda sülh gündəliyinin mühüm mövzularından biri Ermənistanın konstitusiya islahatı məsələsidir. Ermənistanın hakim “Mülki Müqavilə” partiyasının iclasında yeni konstitusiya layihəsinin müzakirəyə çıxarılması bu mövzunu yenidən regional siyasi gündəmin mərkəzinə gətirib. Xüsusilə də sənəddə Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılıb-qaldırılmayacağı məsələsi Azərbaycan-Ermənistan sülh prosesinin gələcək taleyi baxımından xüsusi əhəmiyyət daşıyır.

Ekspertlər qeyd edir ki, Ermənistan konstitusiyasında mümkün dəyişikliklər təkcə ölkənin daxili siyasi sisteminə deyil, eyni zamanda regionda formalaşan yeni geosiyasi reallıqlara və Azərbaycanla münasibətlərin normallaşması prosesinə də təsir göstərə bilər. Bu baxımdan konstitusiya islahatlarının məzmunu və hansı istiqamətdə həyata keçiriləcəyi regionda sülh və sabitliyin təmin olunması üçün mühüm amillərdən biri kimi qiymətləndirilir.

“Konstitusiya dəyişərsə…”

Milli Məclisin deputatı Hikmət Babaoğlu “Xalqcəbhəsi”nə açıqlamasında bildirib ki, Ermənistanda konstitusiyada ediləcək dəyişikliklərin mart ayında yekunlaşdırılacağı əvvəlcədən proqnozlaşdırılırdı və yeni konstitusiya layihəsinin ictimaiyyətə təqdim olunacağı gözlənilirdi.

Deputatın sözlərinə görə, hakim “Mülki müqavilə” partiyasının iclasında bu məsələnin müzakirəyə çıxarılması onu göstərir ki, konstitusiyanın yekun variantı artıq hazırlanıb və yaxın zamanda ictimai müzakirəyə təqdim ediləcək: “Bu, onu göstərir ki, layihə üzərində əsas işlər tamamlanıb və növbəti mərhələdə cəmiyyətin müzakirəsinə çıxarılması nəzərdə tutulur”.

H.Babaoğlu hesab edir ki, yeni konstitusiyada Ermənistanın siyasi sistemi ilə bağlı kardinal dəyişikliklərin olacağı gözlənilmir: “Mən düşünmürəm ki, Ermənistan yenidən prezident üsul-idarəsinə qayıtsın. Çox güman ki, mövcud parlament idarəetmə modeli saxlanılacaq və dəyişikliklər daha çox digər siyasi və hüquqi məsələləri əhatə edəcək”.

Deputat vurğulayıb ki, Azərbaycan üçün əsas məsələ Ermənistan konstitusiyasında yer alan və müstəqillik bəyannaməsinə istinad edən, Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılmasıdır: “Əgər həmin müddəalar konstitusiyadan çıxarılarsa, bu, sülhə gedən yolda ən ciddi hüquqi maneələrdən birinin aradan qalxması demək olacaq. Azərbaycan haqlı olaraq fundamental və hüquqi əsaslara söykənən, cəmiyyət tərəfindən qəbul edilə biləcək sülh istəyir. Əgər konstitusiya referendum yolu ilə dəyişdirilərsə və yeni sənəddə Azərbaycana qarşı ərazi iddiaları yer almazsa, bu, həm də Ermənistan cəmiyyətinin Azərbaycanla sülhə hazır olduğunun göstəricisi kimi qiymətləndirilə bilər. Bu halda regional sülh üçün ciddi maneələrin aradan qalxdığını söyləmək mümkün olacaq”.

Sülh üçün əsas şərt

Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı qeyd edib ki, Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü əsas tələblərdən biri Ermənistan Konstitusiyası və qanunvericilik aktlarında Azərbaycana və qardaş Türkiyəyə qarşı ərazi iddialarının aradan qaldırılmasıdır.

Deputat qeyd edib ki, bu məsələ artıq ən yüksək səviyyədə – Azərbaycan Prezidenti tərəfindən dəfələrlə səsləndirilib: “Rəsmi Bakı haqlı olaraq hesab edir ki, Ermənistan Konstitusiyası dəyişməzsə, gələcəkdə hakimiyyətə gələ biləcək revanşist qüvvələr yenidən Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edə bilərlər. Ermənistan tərəfi konstitusiya dəyişikliklərinə gedərsə və bu sənəddən Azərbaycana qarşı ərazi iddiaları çıxarılarsa, bu müsbət addım kimi qiymətləndirilə bilər. Bu, o demək olacaq ki, rəsmi İrəvan doğrudan da konstruktiv mövqeyə gəlmək niyyətindədir”.

Deputatın sözlərinə görə, Ermənistanda yeni konstitusiya məsələsi artıq uzun müddətdir gündəmdədir: “Baş nazir Nikol Paşinyan bu mövzuya dəfələrlə toxunsa da, ölkədəki siyasi vəziyyət səbəbindən konkret addımlar atmaqdan çəkinir. Paşinyan ehtiyat edir ki, ona qarşı olan qüvvələr – o cümlədən sabiq xunta rejiminin nümayəndələri, revanşist dairələr və kilsə seçki ərəfəsində bu məsələni siyasi alətə çevirərək hakimiyyətinə qarşı istifadə edə bilərlər. Buna görə də müəyyən proseslər getsə də, hələlik konkret qərarlar verilməyib. Ermənistan rəsmiləri yeni Konstitusiya layihəsinin demək olar ki, hazır olduğunu bildirsələr də, sənədin preambulası, birinci fəsli və Baş nazirlə bağlı bəzi məsələlər hələ də müzakirə olunur. Azərbaycan üçün əsas məsələ Ermənistan Konstitusiyasının ümumilikdə dəyişməsi deyil, məhz bu sənəddə ölkəmizə qarşı ərazi iddialarının çıxarılmasıdır”.

T.Rüstəmxanlı vurğulayıb ki, belə bir referendumun keçirilməsi Ermənistan daxilində ciddi siyasi risklər yarada bilər və bu məsələdə Ermənistan cəmiyyətinin mövqeyi də mühüm rol oynayacaq: “Konstitusiya islahatı ilə bağlı referendum ideyası müsbət olsa da, bu prosesin hansı zaman çərçivəsində həyata keçiriləcəyi də xüsusi əhəmiyyət daşıyır”.

Ermənistanda yeni konstitusiya mərhələsi

Milli Məclisin deputatı Azay Quliyev vurğulayıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki Müqavilə” partiyasında yeni konstitusiya layihəsinin müzakirəyə çıxarılması ölkənin həm daxili siyasi transformasiyası, həm də regionda formalaşmış yeni geosiyasi reallıqlar fonunda atılan addım kimi qiymətləndirilə bilər.

Deputatın sözlərinə görə, müzakirələrin əsas məzmunu Ermənistanın dövlət ideologiyasının, təhlükəsizlik strategiyasının və xarici siyasət kursunun yeni konstitusiya çərçivəsində necə formalaşdırılacağından ibarətdir: “Paşinyanın tez-tez vurğuladığı kimi, burada söhbət “mifik Ermənistan”dan deyil, “real Ermənistan” konsepsiyasının qurulmasından gedir. Bu yanaşma Ermənistanın uzun illər apardığı revanşist siyasətdən imtina etməsini, o cümlədən qondarma “soyqırımı” və Azərbaycanla Türkiyəyə qarşı ərazi iddiaları kimi yanaşmalardan uzaqlaşmasını nəzərdə tutur. Yeni konstitusiyanın qəbul olunması Azərbaycan-Ermənistan münasibətlərinə və sülh prosesinə də ciddi təsir göstərə bilər. Onun fikrincə, Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün əsas şərti Ermənistan Konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə edilən istinadın aradan qaldırılmasıdır. Həmin bəyannamədə Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəalar yer aldığından bu istinad hüquqi baxımdan problem yaradır. Əgər yeni konstitusiya çərçivəsində bu məsələ öz həllini tapsa, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün hüquqi maneələr aradan qalxa bilər. Belə bir dəyişiklik iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına, diplomatik münasibətlərin qurulmasına və regionda iqtisadi, nəqliyyat və kommunikasiya əməkdaşlığının genişlənməsinə şərait yarada bilər. Bu isə bütövlükdə Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək”.

Azay Quliyev əlavə edib ki, yeni konstitusiyanın qəbul olunması üçün Ermənistanda referendum keçirilməsi tələb olunur və bu proses yalnız parlament seçkilərindən sonra baş tuta bilər: “Konstitusiyanın taleyi müəyyən mənada Nikol Paşinyanın seçkilərdə əldə edəcəyi siyasi dəstəkdən asılı olacaq. Başqa sözlə, erməni cəmiyyəti faktiki olaraq sülh və qarşıdurma, sabitlik və revanşizm arasında seçim etməli olacaq. Konstitusiya dəyişiklikləri Ermənistanın siyasi sistemində də müəyyən institusional yeniliklərə səbəb ola bilər. Bu dəyişikliklər dövlət institutlarının fəaliyyətinin daha səmərəli təşkili, parlament və hökumət arasında səlahiyyət balansının yenidən tənzimlənməsi və yeni geosiyasi reallıqlara uyğun təhlükəsizlik yanaşmasının formalaşması ilə nəticələnə bilər. Belə bir proses Ermənistanın siyasi diskursunda uzun illər dominant olmuş radikal yanaşmaların tədricən zəifləməsinə və daha praqmatik dövlət modelinin formalaşmasına gətirib çıxara bilər”.

Günel Elxan