“Hörmüz boğazı qlobal sabitliyin əsas açar nöqtəsidir” Gündəm

“Hörmüz boğazı qlobal sabitliyin əsas açar nöqtəsidir”

“Hörmüz boğazı ətrafında yaranmış gərginlik dünya gündəminin əsas mövzularından biri olaraq qalır”.

Bu fikirləri politoloq Elçin Xalidbəyli “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib.

O qeyd edib ki, bu strateji su yolunda baş verən proseslər artıq qlobal iqtisadiyyata ciddi təsirlər göstərməkdədir:
“Hörmüz boğazı dünya enerji daşımalarının mühüm hissəsini öz üzərində cəmləşdirir.
Bu marşrut vasitəsilə dünya üzrə enerji məhsullarının təxminən 20 faizi daşınır. Bu isə o deməkdir ki, burada yaranan hər hansı gərginlik avtomatik olaraq qlobal iqtisadi sistemə sarsıdıcı təsir göstərir. Artıq bunun ilkin nəticələri də müşahidə olunur – enerji resurslarının qiyməti sürətlə artmaqdadır.
Enerji qiymətlərindəki artım zəncirvari şəkildə digər sahələrə də təsir edir.
Enerji qiymətlərinin yüksəlməsi istehsal xərclərini artırır, bu isə ümumi bahalaşmaya səbəb olur. Nəticədə qlobal miqyasda inflyasiya təzyiqləri güclənir və iqtisadi böhran riskləri artır. Bu proses təkcə iqtisadi deyil, eyni zamanda sosial və siyasi nəticələr də doğura bilər.Enerji böhranı zamanla ərzaq böhranına qədər dərinləşə bilər. Bu isə müxtəlif ölkələrdə sosial narazılıqları artıraraq siyasi sabitliyi poza bilər. Belə hallarda vətəndaş-hakimiyyət qarşıdurmaları üçün münbit şərait yaranır.Hörmüz boğazı faktiki olaraq dünya iqtisadiyyatının “nəfəsliyidir”:
“Əgər bu strateji xəttin fəaliyyəti məhdudlaşarsa, qlobal iqtisadiyyatda ciddi kiçilmə baş verə bilər. Bu isə həm iqtisadi, həm sosial, həm də siyasi böhranların geniş miqyas almasına səbəb olar”.

Sonda o əlavə edib ki, Hörmüz boğazının açıq qalması bütün dünya üçün həyati əhəmiyyət daşıyır:
“Bu məsələ təkcə enerji ixrac edən ölkələrin marağı deyil. Hörmüz boğazının fasiləsiz fəaliyyəti qlobal sabitliyin qorunması baxımından əsas şərtlərdən biridir və beynəlxalq ictimaiyyət bu məsələni xüsusi diqqətdə saxlamalıdır”.

Günel Elxan