
“Molla Nəsrəddin” jurnalı Azərbaycanın mətbuat tarixində xüsusi yer tutur. Xalqı maarifləndirmək xəttini əsas tutan “Molla Nəsrəddin” həm də o dövrdə bir çox mənfilikləri tənqid edirdi, insanları oyanmağa, aydınlanmağa çağırırdı. “Molla Nəsrəddin” XX əsrin ən böyük satirik jurnalı olmaqla həm də məktəb yaratmış mətbu orqan idi.
Aprelin 7-si jurnalın nəşrə başlamasından 120 il ötdü. Bildirək ki, jurnalın ilk nömrəsi 1906-cı ilin aprelin 7-də Tiflisdə “Qeyrət” mətbəəsində çap edilib. Ümumiyyətlə, jurnal müxtəlif illərdə Tiflis, Təbriz, Bakıda nəşr olunub.
Əslində, “Molla Nəsrəddin”in mübarizə apardığı bir çox problem indiki dövrdə də qalmaqdadır, aktualdır.
“Xalq Cəbhəsi” sözügedən jurnalın Azərbaycan mətbuat tarixində, milli düşüncənin formalaşmasında rolu haqqında mütəxəssislərin fikirlərini öyrənib.
“”Molla Nəsrəddin” yeni məktəbin əsasını qoymuş jurnaldır”
Bakı Dövlət Universitetinin (BDU) kafedra müdiri, professor Qulu Məhərrəmli söyləyib ki, “Molla Nəsrəddin” jurnalı bizim mətbuat tariximizin mahiyyət etibarı ilə yeni bir mərhələsidir, publisistikada yeni xəttin, yeni məktəbin əsasını qoymuş bir jurnaldır: “Mətbuat tarixçiləri onu çox işləyiblər, jurnalın ictimai-siyasi siması, milli oyanışda rolu, “Molla Nəsrəddin”in yaratdığı məktəb, qoyulan mövzular, milli ruhun dirçəldilməsi, nöqsanların tənqid olunması, savadsızlığın, geri qalmanın, avamlığın, mövhumatın kəskin bir şəkildə satira üsulu ilə tənqid olunması, əlbəttə ki, bizim o dövrkü yenidən güc alan mətbuatımızda tamamilə yeni bir istiqamət idi”.
Jurnalı populyar edən iki səbəb
Q.Məhərrəmli bildirib ki, jurnalı populyar edən iki səbəb idi: “Birincisi, onun üslubu, tərzi, xalq dilində yazması, ətrafına çox müxtəlif üslublu müəllifləri toplaması, ikincisi isə, Mirzə Cəlilin öz dili ilə desək onun şəkilli jurnal olması idi. Bu iki cəhət birləşib xüsusi bir maraq yaradırdı. Savadı olmayanlar, oxuya bilməyənlər də jurnalın şəkillərinə baxırdılar. O vaxt “Molla Nəsrəddin”in içində Əzim Əzimzadə də olmaqla, xüsusi bir karikatura məktəbi yetişmişdi. Tiflisə dəvət olunan xüsusi rəssamlar, milli portretləri, karikaturaları çox gözəl şəkildə çəkirdilər. Bunlar da auditoriyada çox geniş maraq doğururdu”.
“”Molla Nəsrəddin” mətbuat tariximizin yeni səhifəsidir”
Professor vurğulayıb ki, jurnala o dövr üçün bizim çox böyük bir müəllif qrupu toplaşmışdı: “Mirzə Cəlil, Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyli, Mirzə Ələkbər Sabirin şeirləri tənqid ruhunu genişləndirməklə yanaşı, insanlara maarifçilik havası gətirirdi. Yəni tənqid edərək, sevərək milləti maarifləndirmək, onun sinirlərinə toxunaraq inkişafın zərurətini anlatmaq, mövhumatı aradan qaldırmaq - bunlar hamısı “Molla Nəsrəddin” jurnalının əsas xətti idi. “Molla Nəsrəddin” o baxımdan bizdə təkcə satirik publisistikanın əsasını qoymadı, təkcə bir-birindən gözəl felyetonlar olmadı, həm də ictimai-siyasi mövzularda ən kəskin, ən ağrılı yazılar, yəni millətin başa düşəcəyi tərzdə materialların çap olunması o dövrün mənzərəsini real bir şəkildə əks etdirir. Bütün bu cəhətlərinə görə biz deyə bilirik ki, “Molla Nəsrəddin” bizim mətbuat tariximizin yeni səhifəsidir, bizim əsas satirik jurnalımızdır və mətbuat tariximizdə yeni bir səhifə açıb”.
“Çox arzu olunardı ki, “Molla Nəsrəddin”in Tiflisdəki mətbəəsi muzeyə çevrilsin”
O, jurnalın 120 illik yubileyinin qeyd olunmasında bir çox kədərli nüanslar olduğunu da diqqətə çatdırıb: “Əlbəttə, arzu olunardı ki, bu yubiley çox möhtəşəm bir şəkildə qeyd edilsin. Düzdür, bəzi qəzetlər bu barədə materiallar çap edir və s. Amma çox arzu olunardı ki, “Molla Nəsrəddin” jurnalının uzun illər fəaliyyət göstərdiyi Tiflisdəki mətbəəsi yenidən qurulsun. Yəni həmin mətbəə muzeyə çevrilsin. Çünki mən təxminən 1 il əvvəl orada olanda o evə bizim çox görkəmli filosof, kulturoloq Rəhman Bədəlov ilə birlikdə baş çəkdik və çox məyus olduq. Ora demək olar ki, bəsit bir lövhə vurulub, amma ondan əlavə heç bir iş görülməyib. Ümumiyyətlə, Tiflisdə Azərbaycan mədəniyyətinin izlərinə, teatrın, mətbuat tarixinin izlərinə çox diqqətlə yanaşmalıyıq, onları yaşatmalıyıq. O cümlədən də “Molla Nəsrəddin” jurnalının, "Şərqi-rus" qəzetinin və bizim digər nəşrlərin orada izləri var. Onları tapmaq, toplamaq indiki nəslə çatdırmaq çox önəmlidir”.
““Molla Nəsrəddin” Azərbaycan cəmiyyətinin özünüdərkinə güzgü tutdu”
Beynəlxalq “ALAŞ” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı qeyd edib ki, ”Füyuzat” və o vaxtkı digər azsaylı milli jurnallarla bərabər “Molla Nəsrəddin” jurnalı da bir düşüncə məktəbi, milli oyanış tribunası idi: “Bəli, o jurnalların hərəsinin öz üslubu, kulturoloji, sosio-fəlsəfi yanaşmaları vardı. 1906-cı ildə Cəlil Məmmədquluzadənin rəhbərliyi ilə nəşrə başlayan “Molla Nəsrəddin”, əslində, Azərbaycan cəmiyyətinin özünüdərkinə güzgü tutdu”.
““Molla Nəsrəddin” dili millətin dili etdi”
O qeyd edib ki, “Molla Nəsrəddin”in ən böyük xidməti xalqı “gülərək oyatmaq” idi: “O, cəhaləti, fanatizmi, sosial ədalətsizliyi, geriliyi satira ilə ifşa edir, amma bunu yalnız tənqid naminə yox, dəyişiklik naminə edirdi. Bu baxımdan jurnal həm ədəbi hadisə, həm də ictimai-siyasi və mədəni transformasiya aləti idi. Jurnalın dili özəlliklə diqqətəlayiqdir. O, ağır, anlaşılmaz ədəbi dildən imtina edib xalqın danışıq dilinə yaxınlaşmaqla milli mətbuatın üslubunu dəyişdi. Bu, həm dilin demokratikləşməsi, həm də milli kimliyin ifadəsi baxımından önəmli addım idi. “Molla Nəsrəddin” dili, belə deyək, millətin dili etdi”.
“Onun qaldırdığı suallar yenə gündəmdədir”
Ə.Qoşalı bildirib ki, eyni zamanda, jurnal təkcə Azərbaycan içində yox, bütün Türk-İslam coğrafiyasında rezonans doğurdu: “Tiflisdən Təbrizə, Bakıdan İstanbula, Qafqazdan Türküstana qədər geniş bir məkanda oxunur, müzakirə olunur, təsir göstərirdi. Bu anlamda “Molla Nəsrəddin” həm də ümumtürk miqyasında fikir platformu idi. Bu gün biz “Molla Nəsrəddin”ə sadəcə tarix kimi baxmamalıyıq; o, hələ də güncəldir. Çünki onun qaldırdığı suallar – cəmiyyətin özünütənqidi, maariflənmə ehtiyacı, ədalət axtarışı – yenə gündəmdədir”.
“”Molla Nəsrəddin” xalqın dərdlərinin tərcümanına çevrildi”
BDU-nun Jurnalistika fakültəsinin dekan müavini, mətbuat tarixi üzrə mütəxəssis Samir Xalidoğlu bildirib ki, “Molla Nəsrəddin” jurnalı Azərbaycan milli mətbuatı tarixində əsası "Əkinçi" qəzeti ilə qoyulan maarifçilik hərəkatını bir üst mərhələyə daşıyan məcmuəmizdir: “O, həm də özündən sonra məktəb yaratmağı bacaran azsaylı mətbu orqanlardandır. “Molla Nəsrəddin” ilə əsası qoyulan eyniadlı satirik jurnalistika məktəbi milli mətbuat tariximizə onlarla azman qələm ustası-satirik, həm də gülgü jurnalları bəxş etmiş oldu. Mirzə Cəlilin təbirincə "zəmanənin özünün yaratdığı" "Molla Nəsrəddin" jurnalı xalqın dərdlərinin tərcümanına çevrildi, onun problemlərini satiranın həm yumor, həm də acı dili ilə qamçıladı, jurnalistikamıza yeni janrlar, yeni mövzular, yeni yazar ordusu, bir sözlə, yeni nəfəs gətirdi”.
Röya İsrafilova