Paşinyanın Moskva səfərindən sonra təcili iclas: İrəvanda nər baş verir? Gündəm

Paşinyanın Moskva səfərindən sonra təcili iclas: İrəvanda nər baş verir?

Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfərindən dərhal sonra Təhlükəsizlik Şurasını təcili iclasa çağırması regionda yeni geosiyasi müzakirələrə səbəb olub. Ekspertlər bu addımı təkcə daxili siyasi proseslərin tərkib hissəsi kimi deyil, həm də Moskva-İrəvan münasibətlərində artan koordinasiya və təsir mexanizmlərinin göstəricisi kimi dəyərləndirirlər.

Analitiklər hesab edirlər ki, Cənubi Qafqazda həssas geosiyasi tarazlıq fonunda baş verən bu cür inkişaflar gələcək diplomatik proseslərin dinamikasına da təsir göstərə bilər.

İrəvanda geosiyasi siqnallar

Politoloq Yusif Bağırzadə “Xalq Cəbhəsi”nə deyib ki, Nikol Paşinyanın Rusiyaya səfərindən dərhal sonra Ermənistanın Təhlükəsizlik Şurasını təcili iclasa çağırması region və daxili siyasət kontekstində bir sıra vacib məqamları ortaya qoyur.

O qeyd edib ki, bu addım bir tərəfdən Moskvanın İrəvanın daxili siyasi proseslərinə təsirinin artdığını göstərən əlamət kimi qiymətləndirilə bilər: “Rusiyanın Ermənistan üzərində strateji təsiri, enerji asılılığı və hərbi əməkdaşlıq baxımından əvvəllər də mövcud idi, lakin Paşinyanın səfəri və dərhal sonrakı Təhlükəsizlik Şurası iclası Moskvanın İrəvandakı siyasi proseslərə təsir ehtimallarını daha da aktuallaşdırır. Bu vəziyyət eyni zamanda Paşinyanın daxili siyasi müxalifət və sabitlik mexanizmləri qarşısında müəyyən diplomatik mesaj kimi də qiymətləndirilə bilər.

Moskva ilə koordinasiya Ermənistanın regional mövqeyini müəyyən dərəcədə formalaşdırmaq üçün hələ də vacib faktordur”.

Yusif Bağırzadə əlavə edib ki, Təhlükəsizlik Şurasının iclası İran amili fonunda da diqqət çəkir. İran uzun illər Ermənistanın regiondakı mühüm tərəfdaşlarından biri olub və mövcud geosiyasi dəyişikliklər fonunda İrəvanın bu balansı qorumağa çalışması təbii görünür.

Bu proses Azərbaycanla sülh danışıqlarına da təsirsiz ötüşməyə bilər. Əgər Moskvanın Ermənistanın daxili proseslərində rolu artarsa, bu, sülh danışıqlarının dinamikasına, tərəflərin mövqelərinə və ümumilikdə regionda sabitliyə təsir göstərə bilər.

Nu risklər həm öhdəliklərin icrası, həm də regionda gərginliyin artması ehtimalı ilə bağlıdır”.

Politoloq vurğulayıb ki, ümumilikdə Paşinyanın səfəri və Təhlükəsizlik Şurasının təcili iclası İrəvanın daxili siyasi proseslərinə xarici təsirin artdığını göstərir və Ermənistan rəhbərliyi bu təsirləri balanslaşdırmağa çalışır.

Moskvanın təsiri

Politoloq Elman Telmanoğlu bildirib ki, Nikol Paşinyanın Rusiyaya səfərindən dərhal sonra Təhlükəsizlik Şurasını təcili iclasa çağırması siyasi baxımdan müxtəlif istiqamətlərdə şərh oluna bilər.

Onun sözlərinə görə, bu addımı avtomatik olaraq Rusiyanın İrəvan üzərində təsirinin artması kimi qiymətləndirmək müəyyən qədər sadələşdirilmiş yanaşma sayılsa da, bu ehtimalı tam istisna etmək də mümkün deyil: “Paşinyanın bu addımı müəyyən mənada Rusiyadan gələn siqnalların və təhlükəsizliklə bağlı müzakirələrin operativ şəkildə daxili siyasi gündəmə daşınması kimi interpretasiya oluna bilər. Xüsusilə nəzərə almaq lazımdır ki, Ermənistanın təhlükəsizlik arxitekturası hələ də böyük ölçüdə Rusiyadan asılıdır. Bu baxımdan belə bir iclas Moskvanın regionda rolunu qorumağa çalışdığını, eyni zamanda İrəvan daxilində qərarların koordinasiyası üçün müəyyən təsir mexanizmlərinin mövcud ola biləcəyini göstərir”.

Ekspert alternativ ehtimalın da mümkün olduğunu vurğulayıb. Onun fikrincə, Paşinyan hökuməti sadəcə səfər nəticəsində əldə olunan məlumatları və ya razılaşmaları operativ şəkildə müzakirəyə çıxarmaq məqsədi güdə bilər ki, bu da daha çox daxili idarəetmə refleksi kimi izah oluna bilər”.

Bu proses Azərbaycanla davam edən sülh danışıqlarına da təsirsiz ötüşməyə bilər. Onun sözlərinə görə, bir neçə risk faktoru mövcuddur:

- Danışıqların tempinin dəyişməsi

- Rusiyanın prosesi yenidən öz nəzarətinə almağa çalışması fonunda alternativ platformaların yaranması

- Ermənistanın mövqeyində daha ehtiyatlı və ya sərt xəttin formalaşması

- Çoxvektorlu siyasət səbəbilə qərarların qeyri-müəyyənləşməsi”.

E.Telamanoğlu əlavə edib ki, regionda geosiyasi sabitlik də bu kontekstdə həssas olaraq qalır: “Cənubi Qafqazda onsuz da kövrək olan balans daha da həssaslaşa bilər. Avropa İttifaqı ilə Rusiya arasında rəqabətin dərinləşməsi, təhlükəsizlik arxitekturasında parçalanma və sülh prosesində mümkün gecikmələr lokal gərginlik riskini artırır”.

Ekspertin qənaətinə görə, Paşinyanın bu addımı yalnız Moskvanın təsirinin artması kimi deyil, eyni zamanda Ermənistanın mürəkkəb təhlükəsizlik və xarici siyasət balansını qorumaq cəhdi kimi də qiymətləndirilməlidir: “Lakin Rusiya faktorunun çəkisi artarsa, bu həm Azərbaycan-Ermənistan sülh danışıqlarına, həm də ümumilikdə regiondakı geosiyasi sabitliyə əlavə risklər yarada bilər”.

Günel Elxan