ABŞ ilə İran arasında atəşkəs: müharibə bitir? Dünya

ABŞ ilə İran arasında atəşkəs: müharibə bitir?

ABŞ-İsrail və İran arasında fevralın 28-də başlayan və 38 gün davam edən müharibədə iki həftəlik atəşkəs əldə edilib.

Pakistanın baş naziri Şahbaz Şərif hər iki ölkənin rəhbərliyinə ən dərin minnətdarlığını bildirib və bütün mübahisələri həll edəcək yekun razılaşma üzrə əlavə danışıqlar aparmaq məqsədilə onların nümayəndə heyətlərini aprelin 10-da İslamabada dəvət edib.

Ş.Şərif qeyd edib ki, İslamabad danışıqları davamlı sülhə nail olmaqda uğur qazanacaq.

“Xalq Cəbhəsi” prosesin irəliləyən zamanda necə olacağı, atəşkəsin davamlı olub-olmayacağı ilə bağlı millət vəkillərinin, siyasi ekspertlərin fikirlərini öyrənib.

“Azərbaycan buna şaddır”

Milli Məclisin deputatı Aydın Mirzəzadə diqqətə çatdırıb ki, ABŞ-İsrail-İran hərbi münaqişəsi son dövrün ən ağır məsələlərindən biri oldu və bunun dayandırılması üçün müxtəlif cəhdlər edilirdi: “Müvəqqəti də olsa atəşkəsin əldə edilməsi tərəflərin diplomatiyaya üstünlük verəcəklərini, hərbi məsələnin, fikir ayrılığının hərbi yolla deyil, diplomatik yolla həll edilməsinin əsas götürüldüyünü göstərir”.

Deputat Azərbaycanın buna şad olduğunu vurğulayıb: “Ümid etmək istərdik ki, tərəflər iki həftəlik atəşkəsin müddətini sonradan uzunmüddətli edəcək və aralarında olan fikir ayrılığını danışıqlar masası ətrafında həll edəcəklər. Azərbaycan İranın qonşu dövləti kimi bu məsələdə çox maraqlıdır”.

“Çox fəlakətli nəticələr ola bilərdi”

Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, ABŞ Prezidenti Donald Tramp İrana 48 saat möhlət vermişdi, vaxt ayırmışdı ki, bu müddət ərzində Hörmüz boğazı açılmasa onda İrana qarşı ən sərt addımlar atılacaq və onun bütün elektrik stansiyaları, körpüləri məhv ediləcək: “Bu artıq fərqli bir müharibə olacaqdı və doğrudan da çox fəlakətli nəticələri ola bilərdi. Aprelin 8-də Bakı vaxtı ilə saat 04:00-də həmin müddət bitirdi, amma İslamabaddan yaxşı xəbələr gəldi. Pakistan paytaxtında artıq razılaşma əldə edildi ki, aprelin 10-da ABŞ ilə İran danışıqları olacaq və iki həftəlik atəşkəs elan edilir”.

“Bunun qalibi bəşəriyyətdir”

E.Nəsirovun qeyd etdiyinə görə, buna həm İran, həm də Vaşinqton razılaşıb: “Güman edilir ki, bu iki həftə ərzində aparılan danışıqlar nəticəsində İranla bağlı 10 bəndlik sənəd müzakirə ediləcək. Həmin sənədi ABŞ artıq İslamabada təqdim edib və İran tərəfi də onunla tanışdı. Belə ehtimallar var ki, nəhayət, tərəflərin kompromisə gəlməsi mümkün olacaq. Baxmayaraq ki, burada ABŞ da özünü qalib elan edəcək, İran da, amma bunun qalibi, əslində, bəşəriyyətdir, hər iki ölkənin xalqlarıdır, region dövlətləridir. Çünki bu müharibənin qarşısı alınmasaydı, proseslər ən qorxulu, ən təhlükəli, ən qara ssenari üzrə inkişaf edə və qlobal fəlakətə gətirib çıxara bilərdi”.

“Qalib yoxdur”

Siyasi ekspert Elxan Şahinoğlu bildirib ki, qalib yoxdur, hər tərəf qazandığını iddia etməyə çalışsa da, nə ABŞ və İsrail Tehrana, nə də İran bu ölkənin paytaxtlarına bayrağını sancıb: “Müharibə nəticəsində ABŞ və İsrail İranı uranı zənginləşdirmək məsələsində illərlə geri saldı, hərbi sənayesinə zərbələr vurdu, körpülər və istehsal müəssisələri dağıldı, ancaq rejim böyük itkilərə rəğmən, ayaqda qaldı. İranda hakimiyyətə nəzarət edən SEPAH yenidən uranı zənginləşdirməyə və ballistik raket istehsalını bərpa edərsə, deməli İrana qarşı müharibənin ABŞ və İsrail üçün uzunmüddətli müsbət nəticəsi ortadan qalxacaq”.

“Müharibənin bitdiyini söyləmək çətindir”

E.Şahinoğlunun sözlərinə görə, ancaq orası da var ki, İrandakı rejim ölkə iqtisadiyyatını, iş yerlərini bərpa etməli, maaşları verməli, bir sözlə 90 milyonliq əhalinin təminatlarını ödəməlidir: “Əgər müharibədən əvvəl İran iqtisadiyyatı dəhşətli inflyasiya ilə üzləşmişdisə və dükan sahibləri etiraza qalxmışdılarsa, müharibənin ağır nəticələrini ortadan qaldırmaq və sosial problemlərin həlli daha da çətinləşib. İranın ən yaxın tərəfdaşı Çinin bu ölkəyə yatırım qoyacağı problematikdir. Çünki Pekinin təminatı yoxdur ki, İran yeni müharibə ilə üzləşməyəcək. Həqiqətən, müharibənin bitdiyini söyləmək çətindir. Fasilə götürülüb. Atəşkəs kövrəkdir. Bu dünyada heç imzalanan sazişlər yerinə yetirilmir, o ki qala, tərəflər atəşkəsə riayət etsinlər”.

“Reallıq ziddiyyətlidir”

Politoloq Asif Nərimanlı qeyd edib ki, ABŞ və İran arasında iki həftəlik atəşkəs razılaşması “kim qalib gəldi” sualı ətrafında müzakirələrə səbəb olub: “Hər iki tərəf özünü “qalib” elan etsə də, reallıq ziddiyyətlidir. İranın Ali Milli Təhlükəsizlik Şurası ABŞ üzərində qələbə qazandıqlarını düşünür. İddia edirlər ki, Vaşinqton Tehranın 10 maddəlik planını qəbul etməyə məcbur olub: İranın Hörmüz boğazı üzərində nəzarəti davam edəcək, uranın zənginləşdirilməsi qəbul edilib, bütün sanksiyalar ləğv edilir, qətnamələr ləğv olunur, dəyişmiş ziyan ödənilir, Amerika qüvvələri bölgədən çıxarılır, Hizbullaha qarşı müharibə dayanır; Atəşkəsin bu şərtlər çərçivəsində qəbul edilməsi reallıqdan uzaqdır. Birincisi, bu şərtlər ABŞ-nin 15 maddəlik təslim planına cavab olaraq hazırlanmışdı və tərəflər razılaşa bilmədikləri üçün hücumlar davam etdirildi; İkincisi, razılaşma ABŞ-nin “sivilizasiyanın məhv edilməsi” hücumuna saatlar qalmış əldə olundu: bu o deməkdir ki, geri çəkilən tərəf İrandır; Lakin İranın geri çəkilməsi ABŞ-nin təslim aktını qəbul etməsi demək deyil. Bu kontekstdə Trampın “100 faizlik qələbə” iddiası da reallığa uyğun gəlmir”.

““Kim qalib gəldi?” sualı açıq qalacaq”

Politoloq əlavə edib ki, ABŞ İran müharibəsində yekun hədəflərinə nail ola bilmədi, xüsusilə rejimin “sağ qalması” fonunda: “İranın Hörmüzü bağlamaqla yaratdığı qlobal iqtisadi problemlər müharibənin gedişində Vaşinqtonun prioritetlərini boğazı açmaq və “masada razılaşma ilə üstünlük əldə etmək” istiqamətində dəyişdirdi. Atəşkəs razılaşması da buna istinadən qəbul olunub: ABŞ hücumları dayandırır; İran Hörmüz boğazını açır; Hadisələrin inkişafı danışıqlar prosesində aydınlaşacaq. Danışıqların mahiyyəti isə müharibədən fərqlidir: burada “mütləq qalib” olmur, sülh üçün hər iki tərəf güzəştə getməlidir. Bu baxımdan “kim qalib gəldi?” sualı açıq olaraq qalacaq. İran müharibəsində qələbə anlayışının klassik təcrübədən fərqli olduğu da qeyd olunmalıdır, xüsusilə teokratik rejimin yanaşması kontekstində. ABŞ üçün hədəflərindən birinə belə nail olmamaq, “məğlubiyyət” kimi təqdim edilsə də, İran rejimi üçün bütün itkilərə rəğmən sağ qalmaq “qələbə” deməkdir”.

Röya İsrafilova