
Prezident İlham Əliyevin Gürcüstana səfəri hər iki ölkə mətbuatında geniş müzakirə olunur. İkitərəfli əlaqələrin inkişafına xüsusi önəm verən Azərbaycan və Gürcüstan yaxın qonşuluq və dostluq siyasi xəttinə sadiqlik nümayiş etdirir. Səfərin ölkələr arasındakı əlaqəyə töhfə verəcəyini və daha da inkişaf etdirəcəyini düşünən siyasi ekspertlər hesab edirlər ki, ümumilikdə Cənubi Qafqaz regionunun sabitlik və inkişafı, ümumi maraqlarıln təmin olunması bölgənin lideri Azərbaycanın yürütdüyü siyasətin qonşular tərəfindən qiymətləndirilməsi və dəstəklənməsindən daha çox asılıdır.
Milli Məclis sədrinin müavini Musa Qasımlı bildirib ki, Gürcüstanın dövlət müstəqilliyi tarixən bizim üçün Azərbaycanın müstəqilliyi qədər əziz və qiymətli olub: “Azərbaycan və gürcü xalqları mehriban qonşular, dost və qardaşlar kimi yaşayıblar. Tarixin ən çətin anlarında xaqlarımız və ölkələrimiz bir yerdə olub, bərabər hərəkət ediblər. Azərbaycan və Gürcüstan bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini həm ikitərəfli, həm də çoxtərəfli əsasda birmənalı olaraq müdafiə edirlər. Ölkələrimizi ümumi maraqlar, dostluq və qardaşlıq birləşdirir. Azərbaycan Gürcüstan üçün Şərqə, Gürcüstan isə Azərbaycan üçün Qərbə açılan qapıdır. Neft-qaz, nəqliyyat-kommunikasiya xətləri Gürcüstan ərazisindən keçərək dünyaya çıxır”.
“Bu səfər münasibətləri daha da möhkəmləndirdi”
M.Qasımlı vurğulayıb ki, cənab Prezident İlham Əliyevin Gürcüstana növbəti səfəri bu münasibətləri daha da möhkəmləndirdi: “Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatında dövlət başçımızı Gürcüstanın əziz dostu adlandırdı və iki ölkə arasında münasibətlərin inkişafında şəxsi səylərini xüsusi qiymətləndirdi. Bu səfər dövlət başçımızın bəyanatında dediyi kimi, iki qardaş ölkə arasındakı əlaqələrə yeni təkan verəcəkdir. Münasibətləri möhkəmləndirmək üçün başlıca amil maddi təməllərdir, ticarətdir. Cənubi Qafqazda sülh və əməkdaşlıq hamının faydasındadır, regionu yenidən qarışdırmağa çalışanların niyyətləri qursaqlarında qalacaq”.
“Gürcüstan bizim strateji əhəmiyyətli tərəfdaşımızdır”
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib ki, cənab Prezident İlham Əliyevin bu gün regionda baş verən hadisələr, sərhədlərdən çox da uzaq olmayan ərazilərdə gedən müharibələr, ümumiyyətlə, Cənubi Qafqazda baş verən proseslər fonunda Gürcüstana səfəri mühüm əhəmiyyət kəsb edir: “Gürcüstan bizim strateji əhəmiyyətli tərəfdaşımızdır. Gürcüstanla iqtisadi, siyasi, hərbi, mədəni, mənəvi cəhətdən çox ciddi bağlantılarımız var. İqtisadi məsələlərdə Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan ən mühüm strateji əhəmiyyətli kəmərlərin həmin ərazidən keçməsi, logistik daşımaların həyata keçirilməsi çox böyük əhəmiyyətə malikdir. Həmçinin Orta Dəhlizin inkişafı üçün Gürcüstanla əlaqələrimiz mövcuddur. Bu gün Gürcüstanla 800 milyon dollarlıq mal mübadiləmiz var. Yəqin ki, bu, ilin sonuna qədər 1 milyard dollara çatar”.
“Parlamentlər səviyyəsində də çox mühüm əlaqələr var“
Komitə sədri parlamentlər səviyyəsində də çox mühüm əlaqələrimizin olduğunu deyib: “Məlumdur ki, parlamentlərarası işçi qrupu ən yüksək səviyyədə fəaliyyət göstərir. Eyni zamanda, səfirliklərin münasibətləri yüksək səviyyədədir. Bundan başqa, Gürcüstan ərazisində beş rayonda çoxsaylı azərbaycanlılar yaşayır. Onlarla olan münasibət, NATO çərçivəsində birgə hərbi təlimlərin keçirilməsi, eləcə də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycanın nümayəndə heyətinin Gürcüstana səfəri, Azərbaycan-Gürcüstan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupun Azərbaycanda keçirilən mühüm parlament iclası, bütün bunlar çox mühüm məsələdir”.
“Bu, çox mühüm səfərdir”
A.Nağıyev qeyd edib ki, Azərbaycan və Gürcüstan arasında bu istiqamətdə addımlar daha da genişlənəcək: “Qafqaz evi”nin yaradılması təşəbbüsü vaxtilə Ulu öndər tərəfindən qaldırılmış məsələdir. Bu istiqamətdə də addımlar atılacaq. Cənubi Qafqazda Azərbaycan-Ermənistan-Gürcüstan 3 formatda ölkələrin gələcəkdə yaradılması mümkün olan iqtisadi, siyasi və digər məsələlərin həlli istiqamətində addımlar atıla bilər. Yəni bu səfər çox mühüm səfərdir və gələcəkdə də bəhrə verə biləcək addımların atılması mümkündür”.
Strateji tərəfdaşlığın ən yüksək səviyyədə təsdiqi
Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlər sadə ikitərəfli diplomatiya çərçivəsini çoxdan aşıb: “Bu səfər həmin strateji tərəfdaşlığın ən yüksək səviyyədə bir daha təsdiq edilməsi deməkdir. Görüşlərdə vurğulandığı kimi, əlaqələr dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsipləri üzərində qurulub. Prezident Əliyevin öz sözləri ilə desək, “Azərbaycan və Gürcüstan arasındakı münasibətlər bütün qonşular üçün nümunə ola bilər”. Səfərin ən əhəmiyyətli iqtisadi göstəricilərindən biri ticarət dövriyyəsinin dinamikasıdır. Keçən il iki ölkə arasındakı ticarət həcmi 800 milyon dolları ötüb. 2025-ci ilin ilk rübündə isə artım tendensiyasının davam etdiyi bildirilir. Prezident Əliyev ilin sonuna ticarətin 1 milyard dollara çata biləcəyini proqnozlaşdırıb. Bundan əlavə, bu günədək Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3,7 milyard dollar sərmayə yatırılıb — bu rəqəm iki ölkə arasındakı iqtisadi inteqrasiyanın nə qədər dərin olduğunu açıq şəkildə ortaya qoyur. Orta Dəhliz — Çindən Avropaya uzanan Transhəsər Dəhlizi — məhz Azərbaycan və Gürcüstan ərazilərindən keçir. Bu coğrafi həqiqət iki ölkəni bir-birindən ayrılmaz tərəfdaşa çevirir. Görüşlərdə bu dəhlizdə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib. Azərbaycan Prezidenti Orta Dəhlizi "əsas nəqliyyat damarı" adlandıraraq onun inkişafına əlavə səylər göstəriləcəyini bəyan edib”.
Regional sülh konteksti
N.Həmzəyev əlavə edib ki, səfərin diqqətçəkən ölçülərindən biri regional sülh kontekstidir: “Görüşlərdə Azərbaycan-Ermənistan normallaşma prosesinin Cənubi Qafqazda sabitlik baxımından əhəmiyyəti xüsusi olaraq qeyd edilib. Prezident Əliyev sülhün yalnız sənədlər imzalamaqla deyil, ticarətin artırılması, iqtisadi əlaqələrin gücləndirilməsi ilə möhkəmləndiriləcəyini vurğulayıb. Bu prosesdə Gürcüstanın vasitəçi rol oynadığını da qeyd edib. Prezident Əliyev açıq şəkildə bildirdi: “Bu gün Cənubi Qafqazda yeni vəziyyət yaranmaqdadır”. Bu ifadə təsadüfi deyil. Ermənistanla sülh danışıqları yeni mərhələyə qədəm qoyub, region ölkələri arasında münasibətlər yenidən formatlanır. Belə bir dönümdə Bakı-Tbilisi oxunun daha da möhkəmləndirilməsi regional balansın qorunması baxımından strateji zərurətə çevrilir”.
“Birgə enerji layihələrinin strateji əhəmiyyəti artmaqdadır”
O həmçinin vurğulayıb ki, Gürcüstanın Avropaya inteqrasiya istəkləri ilə Azərbaycanın Avropa bazarlarına enerji ixracatı maraqları bir-birini tamamlayır: “Yaşıl enerji sahəsindəki əməkdaşlıq da görüşlərin gündəliyinə daxil olub. Qlobal enerji mənzərəsinin sürətlə dəyişdiyi bu dövrdə iki ölkənin birgə enerji layihələrinin strateji əhəmiyyəti artmaqdadır. Prezident Əliyev Gürcüstandakı siyasi sabitliyi xüsusi olaraq vurğuladı və bunun investisiya mühiti üçün əsas şərt olduğunu bildirdi. Bu mesaj həm ikitərəfli münasibətlər, həm də beynəlxalq investorlar üçün ünvanlandı. Prezident İlham Əliyevin Gürcüstana bu dövlət səfəri sıradan bir diplomatik ziyarət deyil. O, bir tərəfdən onilliklər boyu qurulmuş strateji tərəfdaşlığın yeni mərhələyə daşınmasını, digər tərəfdən isə Cənubi Qafqazda sülh, sabitlik və iqtisadi inteqrasiya üçün ortaq bir vizyonu ifadə edir. Ticarət həcminin 1 milyard dollara doğru irəliləməsi, nəqliyyat dəhlizlərinin genişləndirilməsi və regional sülh prosesindəki birgə mövqe - bütün bunlar bu səfərin həm tarixi, həm də gələcəyəyönlü mahiyyətini açıq şəkildə ortaya qoyur”.
Röya İsrafilova