
Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilən və uğurla həyata keçirilən dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulan vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davaml inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib.
Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi uzunmüddətli iqtisadi inkişaf strategiyası ölkənin regionlarının davamlı və tarazlı inkişafının təmin olunmasını, o cümlədən yerlərdə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan rəqabətqabiliyyətli iqtisadiyyat, yüksək standartlara cavab verən sosial rifah, təbii resursların səmərəli istifadəsini və ətraf mühitin etibarlı mühafizəsini təmin edən ekoloji təhlükəsizlik sisteminin formalaşdırılmasına imkan verən əlverişli mühit yaratmaq məqsədini daşıyır.
Bu strategiyanın həyata keçirilməsində, o cümlədən ölkənin regionlarının sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən dövlət proqramları böyük əhəmiyyət kəsb edir. 2004-cü ildən uğurla icra olunan bu proqramlar regionlarda şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişmiş, regionların potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açıb.
Hazırda bu imkanlardan çıxış edərək ölkənin sosial-iqtisadi həyatında, xüsusilə regionlarda, o cümlədən kənd yerlərində iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin layiqli məşğulluğu və sosial rifah halının daha da yüksəldilməsi və ekoloji təhlükəsizliyin gücləndirilməsi istiqamətlərində işlərin yeni keyfiyyət mərhələsinə keçməsi inkişaf gündəliyində ön plana çıxıb.
Bu məsələlərin uğurlu həlli ölkənin regionlarında mövcud olan potensialdan daha səmərəli istifadə etməklə bölgələrdə, o cümlədən kənd yerlərində sosial-iqtisadi inkişafın sürətləndirilməsi və bu inkişafın davamlılığının möhkəmləndirilməsini zəruri edir. Bu isə öz növbəsində ölkənin regionlarının sosial-iqtisadi inkişafı ilə əlaqədar siyasət tədbirlərinin, o cümlədən kompleks proqramlar hazırlanıb icra olunmasının davam etdirilməsini nəzərdə tutur.
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də qeyd olunur ki, Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir. Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcəkdir. Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Azərbaycan dövləti ölkədə əhalinin rifahının daha da artırılması üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolunu seçib.
Mövzu ilə bağlı qəzetimizə danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib ki, ölkəmizdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə infrastrukturun genişləndirilməsi, aqrar və sənaye sektorunun inkişafı, kiçik və orta biznesin təşviqi və sosial rifahın yüksəldilməsi istiqamətində mühüm nailiyyətlər əldə edilib. Bu dövrdə Azərbaycan Respublikasında regionların inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi formalanıb. Bu siyasət çərçivəsində həyata keçirilən proqramlar regionların sosial və iqtisadi baxımdan dirçəldilməsinə yönəlib. Son illərdə əsas diqqət yalnız infrastrukturun yaradılmasına deyil, həm də bu infrastrukturun iqtisadi dəyərə çevrilməsinə istiqamətlənib. Bu baxımdan regionların inkişafı məsələsi yeni mərhələyə daxil olub: “Regionların inkişafının ilkin mərhələsi genişmiqyaslı infrastruktur quruculuğu ilə xarakterizə olunur. Statistik göstəricilərə əsasən, son illərdə 17 min km-dən çox avtomobil yolu tikilmiş və ya yenidən qurulub, qazlaşdırma səviyyəsi 50%-dən 96%-ə qədər yüksəlib, elektrik enerjisi təminatı tam stabilləşib, onlarla şəhər və rayon mərkəzində su layihələri icra olunub. Bu tədbirlər regionların iqtisadi fəaliyyət üçün fiziki bazasını formalaşıb.
Bildiyimiz kimi, regionların inkişafında əsas indikatorlardan biri məşğulluq səviyyəsidir. Aparılan siyasət nəticəsində, 2 milyona yaxın yeni iş yeri yaradılıb, işsizliyin səviyyəsi 11%-dən 5%-ə qədər azalıb, özünüməşğulluq proqramları vasitəsilə 100 mindən çox vətəndaş iqtisadi fəaliyyətə cəlb olunub. Bununla yanaşı, yoxsulluq səviyyəsi 2001-ci ildə 49%-dən 5%-dən aşağı səviyyəyə enmişdir ki, bu da sosial siyasətin effektivliyini göstərir”.
V.Oruc qeyd edib ki, region iqtisadiyyatında kənd təsərrüfatı mühüm yer tutur. Son illər bu sahədə 50-dən çox aqropark yaradılıb, dövlət subsidiyalarının həcmi illik 500 milyon manata yaxınlaşıb, kənd təsərrüfatı məhsullarının ixracı 3 dəfə artmışdır. Bununla belə, emal sənayesinin zəif inkişafı əlavə dəyərin aşağı səviyyədə qalmasına səbəb olur. Bu isə aqrar modeldən aqrobiznes modelinə keçidin vacibliyini göstərir. Regionlarda sənaye potensialının inkişafı məqsədilə sənaye parkları və məhəllələri yaradılmışdır. Bu istiqamətlə 10-dan çox sənaye parkı və 30-a yaxın sənaye məhəlləsi fəaliyyət göstərir, bu zonalara 10 milyard manatdan çox investisiya cəlb edilib, minlərlə yeni iş yeri yaradılıb: “Bu yanaşma regionların iqtisadi strukturunun şaxələndirilməsinə xidmət edir. Kiçik və orta biznes region iqtisadiyyatının əsas dayaqlarından biridir. Bu istiqamətdə, 2 milyard manatdan çox güzəştli kredit ayrılıb, regionlarda sahibkarlıq subyektlərinin sayı 2 dəfədən çox artıb, KOB-ların ÜDM-də payı 20–25% səviyyəsinə çatıb. Regionlarda ixtisaslı kadr çatışmazlığı investisiya mühitinə mənfi təsir göstərən əsas amillərdəndir. Mövcud vəziyyət göstərir ki, əmək bazarında qeyri-formal məşğulluq geniş yayılıb. Eyni zamanda peşə təhsilinə çıxış imkanları məhduddur.
Bu səbəbdən insan kapitalının inkişafı prioritet istiqamət kimi çıxış edir. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələr region inkişafının yeni modelini formalaşdırır. 10 milyard manatdan çox investisiya yönəldilib, müasir infrastruktur, “ağıllı kənd” və “yaşıl enerji” layihələri icra olunur. Bu yanaşma innovativ və dayanıqlı inkişaf modelinin tətbiqinə imkan yaradır. Rəqəmsal texnologiyalar regionların inkişafında mühüm rol oynayır. İnternet əhatə dairəsi 80%-dən çoxdur, elektron ticarət imkanları region sahibkarlarının bazara çıxışını genişləndirir. Bu, regionların qlobal iqtisadi sistemə inteqrasiyasını sürətləndirir. Beləliklə, regionların inkişafı siyasəti keyfiyyət mərhələsinə keçərək onları milli iqtisadiyyatın əsas hərəkətverici qüvvəsinə çevirməlidir”.
Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin sədri Füzuli Kərimov deyib ki, 2004-cü ildən başlayaraq Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları” çərçivəsində ölkənin bütün bölgələrində genişmiqyaslı infrastruktur layihələri icra olunub, yollar salınıb, qazlaşdırma səviyyəsi artırılıb, içməli su layihələri reallaşdırılıb və elektrik enerjisi təchizatı yaxşılaşdırılıb, yeni iş yerləri açılıb, əhalinin sosil-iqtisadi rifahı yaxşılaşdırılıb. Eyni zamanda, sənaye məhəllələrinin və aqroparkların yaradılması, kənd təsərrüfatının stimullaşdırılması və kiçik və orta sahibkarlığın dəstəklənməsi regionlarda iqtisadi fəallığın artmasına səbəb olub: “Ölkəmizin şəhər və rayonlarının davamlı və tarazlı inkişafının təmin olunması məqsədilə qəbul edilən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində şəhər, qəsəbə və kəndlərimizin siması köklü şəkildə dəyişib, regionların iqtisadi potensialı artıb, infrastruktur təminatı, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyəti, biznes və investisiya mühiti yaxşılaşıb, əhalinin rifah halı yüksəlib. Bu prosüs təkcə regionlarda deyil, Bakıətrafı şəhər və qəsəbələrdə də yüksək templə həyata keçirilir”.
Cavid