
Cənubi Qafqazda son dövrlərdə müşahidə olunan geosiyasi proseslər Ermənistanın daxili və xarici siyasətində yeni mərhələnin formalaşdığını göstərir. Xüsusilə Ermənistan-Rusiya münasibətlərində artan gərginlik, eyni zamanda Qərb faktorunun regionda fəallaşması İrəvanın siyasi seçimlərini daha da mürəkkəbləşdirib.
Bu fonda Ermənistan daxilində gedən siyasi müzakirələr və müxtəlif güc mərkəzlərinin ölkəyə təsir cəhdləri regionun gələcək təhlükəsizlik arxitekturası baxımından da mühüm əhəmiyyət kəsb edir.
“Moskva-İrəvan münasibəti…”
Milli Məclisin deputatı Hikmət Babaoğlu “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, hazırkı mərhələdə Ermənistan-Rusiya münasibətləri ziddiyyətlərin pik nöqtəsinə yaxınlaşıb və bu proses təkcə ikitərəfli münasibətlərlə məhdudlaşmır, daha geniş geosiyasi rəqabətin tərkib hissəsinə çevrilib.
Onun sözlərinə görə, Moskva Ermənistan daxilində öz maraqlarına uyğun siyasi komandanın formalaşmasında maraqlıdır və bu istiqamətdə müxtəlif təsir mexanizmlərindən istifadə etməyə çalışır: "Lakin bu prosesin reallaşması asan deyil, çünki Ermənistan üzərində təsir uğrunda yalnız Rusiya deyil, həm də Avropa İttifaqı və digər beynəlxalq güclər aktiv şəkildə mübarizə aparır. Bu isə regionda çoxqütblü maraqların toqquşmasına səbəb olur və Moskvanın planlarının tam şəkildə həyata keçirilməsini çətinləşdirir. Hikmət Babaoğlu əlavə edib ki, Rusiya oxşar siyasi cəhdləri digər post-sovet ölkələrində, o cümlədən Moldovada da həyata keçirməyə çalışsa da, istənilən nəticəni əldə etmək hər zaman mümkün olmayıb. Bu baxımdan Ermənistanla bağlı proseslərin yekunu barədə qəti nəticə çıxarmaq hələ tezdir".
Onun fikrincə, qarşıdakı dövrdə Ermənistanda baş verəcək siyasi proseslər, xüsusilə mümkün seçkilər və daxili siyasi dəyişikliklər Rusiyanın təsir imkanlarının real səviyyəsini daha aydın göstərəcək və regiondakı güc balansına ciddi təsir edə bilər: “Azərbaycanla bağlı məsələyə toxunan deputat isə vurğulayıb ki, Azərbaycan müstəqil xarici siyasət xətti yürüdür və bütün regional proseslərdə milli maraqlara əsaslanan kursunu davam etdirir. Onun sözlərinə görə, Bakı heç bir halda üçüncü tərəflərin təsiri ilə hərəkət etmir və öz strateji prioritetlərini suveren şəkildə müəyyənləşdirir”.
Politoloq Tofiq Abbasov “Xalq Cəbhəsi”nə açıqlamasında qeyd edib ki, Ermənistan hazırda faktiki olaraq ciddi siyasi yol ayrıcındadır və ölkənin ictimai-siyasi həyatında əsas təsiredici amillərdən biri Azərbaycanla aparılan sülh prosesi və rəsmi Bakının irəli sürdüyü gündəlikdir.
İrəvanda siyasi dönüş
Politoloq vurğulayıb ki, bu proses Ermənistan daxilində yeni siyasi reallıqların formalaşmasına təsir göstərir və İrəvanı tədricən daha praqmatik yanaşmaya sövq edir: “Paşinyan hakimiyyəti artıq əvvəlki revanşist ritorikadan uzaqlaşmağa məcbur qalır və regiondakı real güc balansını nəzərə alan siyasət yürütməyə çalışır. Ermənistan daxilində sülh gündəliyinə qarşı çıxan qüvvələrlə hakimiyyət arasında ziddiyyətlər açıq şəkildə görünür. Revanşist düşərgə hələ də köhnə iddiaları gündəmdə saxlamağa çalışsa da, onların siyasi təsir imkanları əvvəlki dövrlə müqayisədə xeyli zəifləyib.
İrəvanda daxili siyasi mübarizə fonunda Qarabağ mövzusu yenidən alət kimi istifadə olunmağa çalışılsa da, bu artıq əvvəlki kimi effektiv deyil. Müxalif qüvvələr hökumətə təzyiq göstərmək üçün bu mövzudan istifadə etməyə cəhd edirlər, lakin regionda yaranmış yeni reallıqlar fonunda bu yanaşma inandırıcılığını itirir”.
Tofiq Abbasov əlavə edib ki, bəzi xarici dairələr və diaspor strukturları da Qarabağ mövzusunu gündəmdə saxlamağa çalışır: “Lakin Azərbaycan artıq öz ərazi bütövlüyünü tam təmin edib və bu reallıq dəyişməz xarakter alıb. Ona görə də köhnə siyasi tezislərin regionda təsir imkanları getdikcə azalır.Ermənistanın gələcək siyasi istiqaməti birbaşa olaraq sülh prosesinə münasibətindən asılı olacaq və İrəvan ya yeni reallıqlara uyğunlaşmalı, ya da daxili siyasi gərginliklərlə üzləşməyə davam edəcək”.
Günel Elxan