Ukrayna yenə hədəfdə: ittihamlar böyüyür Gündəm

Ukrayna yenə hədəfdə: ittihamlar böyüyür

Ukrayna ətrafında baş verən son hadisələrlə bağlı səsləndirilən ittihamlar beynəlxalq müstəvidə müzakirələri daha da intensivləşdirib və müxtəlif siyasi dairələrdə fərqli yanaşmaların ortaya çıxmasına səbəb olub. Bununla belə, irəli sürülən iddiaların böyük hissəsinin konkret sübutlara deyil, daha çox ehtimallara əsaslanması məsələyə yanaşmada ciddi suallar doğurur.

Mütəxəssislər hesab edir ki, belə həssas və mürəkkəb geosiyasi şəraitdə tələsik nəticələr çıxarmaq və faktlara söykənməyən ittihamlar səsləndirmək beynəlxalq münasibətlər sistemində əlavə gərginlik yarada bilər. Bu isə onsuz da həssas olan təhlükəsizlik mühitini daha da mürəkkəbləşdirə, dövlətlərarası etimadı zəiflədə və yeni anlaşılmazlıqlara zəmin yarada bilər.

Deputat və politoloqların fikrincə, bu kimi hallarda əsas prioritet obyektiv araşdırmaların aparılması, təsdiqlənmiş məlumatlara istinad olunması və bütün ehtimalların diqqətlə nəzərdən keçirilməsi olmalıdır. Yalnız bu halda hadisələrin real mahiyyətini müəyyən etmək və düzgün nəticələrə gəlmək mümkün ola bilər.

Milli Məclisin deputatı Fazil Mustafa “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, hər hansı hadisə ilə bağlı konkret və əsaslandırılmış sübutlar ortaya qoyulmadan Ukraynanı ittiham etmək nə hüquqi, nə də siyasi baxımdan düzgün yanaşma hesab oluna bilməz.

Əsassız ittihamlar…

Deputat qeyd edib ki, Ukrayna hazırda ağır müharibə şəraitində olsa da, beynəlxalq hüquq normalarına riayət etməyə çalışan və əsas diqqətini öz ərazi bütövlüyünün qorunmasına yönəldən bir dövlətdir: “Belə bir vəziyyətdə Ukraynanın öz maraqlarına zidd olan, ona əlavə risklər yaradan oyundankənar addımlar atması inandırıcı görünmür. Əksinə, bu cür addımlar ilk növbədə elə Ukraynanın öz mövqelərinə və beynəlxalq imicinə zərər verə bilər. Mövcud şəraitdə belə addımların atıldığına dair ciddi əsaslar müşahidə olunmur. Sübutsuz və emosional ittihamlar beynəlxalq münasibətlər sistemində əlavə gərginlik ocaqları yaradır və gələcək üçün təhlükəli presedent formalaşdırır. Əgər dövlətlər faktlara deyil, fərziyyələrə əsaslanaraq bir-birini ittiham etməyə başlasalar, bu, qlobal miqyasda daha böyük qarşıdurmalara və anlaşılmazlıqlara gətirib çıxara bilər. Bu isə onsuz da həssas olan beynəlxalq təhlükəsizlik mühitini daha da mürəkkəbləşdirir.”

Fazil Mustafa vurğulayıb ki, istənilən belə hadisədə yalnız təsdiqlənmiş məlumatlara, əsaslandırılmış versiyalara və obyektiv araşdırmalara söykənmək vacibdir: “Faktlara söykənmədən irəli sürülən ittihamlar nəinki həqiqətin üzə çıxmasına kömək etmir, əksinə, prosesləri daha da dolaşıq hala salır.

Baş verən hadisələrdə üçüncü qüvvələrin mümkün rolu da nəzərdən qaçırılmamalıdır. Bəzi hallarda məqsəd diqqəti əsas məsələdən yayındırmaq, fərqli istiqamətə yönəltmək ola bilər. Bu baxımdan bütün ehtimallar diqqətlə araşdırılmalı və tələsik nəticələr çıxarılmamalıdır.”

Fazil Mustafa qeyd edib ki, məsələyə maksimum ehtiyatlı yanaşılmalı, obyektiv və şəffaf araşdırma aparılmalı, real səbəbkarlar dəqiq müəyyən edildikdən sonra nəticələr açıqlanmalıdır.

“Sübutlar yox, ehtimallar var”

Politoloq Oqtay Qasımov “Xalq Cəbhəsi”nə açıqlamasında vurğulayıb ki, bu cür iddialar zaman-zaman Rusiya tərəfindən gündəmə gətirilir və əksər hallarda konkret sübutlara deyil, daha çox ehtimallar üzərində qurulur.

Onun sözlərinə görə, bu tip yanaşmalar informasiya müharibəsinin tərkib hissəsi kimi qiymətləndirilməlidir: “Belə iddiaların ortaya atılması təsadüfi deyil. Burada məqsəd müəyyən mənada diqqəti yayındırmaq və beynəlxalq ictimai rəyə təsir göstərməkdir. Lakin bu cür yanaşmaların real faktlarla dəstəklənməməsi onların inandırıcılığını ciddi şəkildə azaldır. Ukraynanın Rusiya qazının Avropaya nəqlində maraqlı olmaması, əslində, Avropa Birliyinin enerji siyasəti ilə uzlaşır. Avropa Birliyi ölkələri artıq Rusiya enerji resurslarından asılılığın azaldılması istiqamətində konkret öhdəliklər götürüblər. Yaxın perspektivdə bu asılılığın minimum səviyyəyə enəcəyi gözlənilir. Bu baxımdan Ukraynanın mövqeyi ümumi Avropa strategiyasına uyğun hesab oluna bilər.”

Oqtay Qasımov qeyd edib ki, Serbiya və Macarıstan istiqamətində qaz kəmərlərində baş verdiyi iddia olunan təxribatların Ukrayna ilə əlaqələndirilməsi də real faktlarla təsdiqini tapmır: “Bu kimi iddialar daha çox siyasi ritorika xarakteri daşıyır və konkret sübut bazasına söykənmir. Rusiya rəsmilərinin, o cümlədən Dmitri Peskovun açıqlamaları da əsasən ehtimallar üzərində qurulub və faktoloji əsaslarla möhkəmləndirilməyib. Bütün bu proseslərdə əsas məqsəd informasiya müstəvisində üstünlük qazanmaqdır. Bu cür iddialar vasitəsilə ictimai rəyə təsir etmək, geosiyasi proseslərdə informasiya üstünlüyü əldə etmək hədəflənir. Ona görə də belə açıqlamalara tənqidi yanaşmaq və yalnız təsdiqlənmiş məlumatlara əsaslanmaq vacibdir.”

Oqtay Qasımov əlavə edib ki, beynəlxalq münasibətlərdə bu kimi həssas məsələlərdə emosional və sübutsuz ittihamlardan qaçmaq, obyektiv və faktlara əsaslanan mövqe sərgiləmək daha düzgün yanaşmadır.

“Məsələ ehtiyatla araşdırılmalıdır”

Politoloq Zeynal Əmrəliyev “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, konkret və əsaslandırılmış sübutlar ortaya qoyulmadan Ukraynanı hər hansı hadisədə ittiham etmək nə hüquqi, nə də siyasi baxımdan düzgün hesab oluna bilər.

Onun sözlərinə görə, Ukrayna hazırda müharibə şəraitində fəaliyyət göstərsə də, əsas məqsədi öz ərazi bütövlüyünü qorumaq və beynəlxalq hüquq çərçivəsində hərəkət etməkdir: “Belə bir vəziyyətdə Ukraynanın ona əlavə risklər yaradan addımlar atması nə məntiqi, nə də siyasi baxımdan əsaslı görünür. Bu cür iddiaların irəli sürülməsi daha çox fərziyyələrə söykənir və real faktlarla təsdiqlənmir. Sübutsuz ittihamlar beynəlxalq münasibətlər sistemində gərginliyin artmasına səbəb ola və təhlükəli presedentlər yarada bilər. Bu yanaşma gələcəkdə daha geniş miqyaslı anlaşılmazlıqlara yol aça bilər. Əgər hər hansı iddia təsdiqlənmədən qəbul edilərsə, bu, qlobal səviyyədə ciddi qarışıqlıq yaradar və dövlətlərarası münasibətlərdə etimadı zəiflədər”.

Zeynal Əmrəliyev qeyd edib ki, belə hallarda hadisələrin arxasında üçüncü qüvvələrin dayanması ehtimalı da nəzərdən qaçırılmamalıdır: “Bəzi hallarda məqsəd diqqəti əsas məsələdən yayındırmaq, fərqli istiqamətə yönəltmək ola bilər. Bu baxımdan bütün versiyalar diqqətlə araşdırılmalı və tələsik nəticələrdən qaçınılmalıdır.”

Politoloq əlavə edib ki, istənilən hadisəyə yalnız konkret faktlar və əsaslandırılmış sübutlar əsasında qiymət verilməli, obyektiv araşdırmalar aparılmalı və real səbəblər dəqiq şəkildə müəyyən edilməlidir.

Günel Elxan