
Elmin özünü tanıyanda Vətənini canından da də çox sevib. Məhz buna görə 44 günlük haqq savaşımızda son damla qanına qədər yağı düşmənlə döyüşdən qalmayıb. Ömrünün 18-ci ilində sinəsini torpağa sipər edərək şəhidlik zirvəsinə yüksəlib, adını tarixin yaddaşına yazıb. Beləcə, bu Vətən sevdalısı böyük bir xalqın qürur yerinə, iftixar mənbəyinə çevirməklə gələcək nəsillər də örnək olacaq bir həyat yolu keçib. Şəhidinə ehtiramın ifadəsi olaraq dövlət də öz igid oğlunu ölümündən sonra “Vətən uğrunda”, Cəbrayılın, Füzulinin azadlığına görə, “Cəsur döyüşçü” medallarla təltif edib.
2002-ci il iyun ayının 24-də Biləsuvar rayonunun Əsgərabad kəndində dünyaya göz açan Elmin Elməddin oğlu Bayramov vətənpərvərlik ruhunda böyüyüb, xalqa, dövlətçiliyə sədaqət, doğma Azərbaycanın hər qarışını özünə əziz bilmək onun əsas amalı olub. Milləti yaşatmaq, yurda dayaq durmaq istəyi ilə qəlbi döyünən Elmin orta məktəbi yaxşı qiymətlərlə başa vursa da, Qarabağın azadlığı naminə ordu sıralarında xidmət etməyi ən ləyaqətli iş sayıb. Və saf, təmiz, ürəyi yaxşı arzularla dolu, hələ həyatın sevincini dadmamış, bərkini-boşunu görməmiş yeniyetmə 2020-ci ilin ortalarında cəbhə bölgəsində əsgər paltarı geyinib Vətənin keşiyində durub. Xidmət zamanı fədakarlığı, mərdliyi ona hörmət qazandırıb. İntizamlı əsgər olaraq komandirlərinin tapşırıqlarını vaxtında, düzgün yerinə, yetirib, qatıldığı hərbi təlimlərdə həmişə fərqlənib. Hər ötən gün sanki Elminə bir sınaq olub, xarakteri daha da möhkəmlənib. Vətən torpağı üçün canını qurban verməyə hazır olan igid əsgər Ali Baş Komandanın döyüş əmrini səbirsizliklə gözləyib.
2020-ci il sentyabrın 27-də Elminin hələ məktəb illərində gözlədiyi məqam gəlib çatıb. “Təki Vətən sağ olsun”,- deyib yağıya qan qusdurmaq üçün döyüşə girib. Amansız müharibə meydanında misilsiz şücaəti əsgər yoldaşlarına da ruh verib. Müqəddəs üçrəngli qələbə bayrağımız azad olunmuş torpaqlarda dalğalananda Elminin erməni dığalarına nifrəti, qisas hissi birə-beş artıb. Necə deyərlər, ölümü öldürüb irəliləyən igid əsgər hər döyüşə girəndə məhv etdiyi düşmənin sayı bilinməyib. Həmçinin Elmin anında onunla çiyin-çiyinə vuruşan yoldaşlara da sipər olmağı bacarıb. Vətən məhəbbəti isə öz ürəyi sevdalı oğlunu neçə-neçə ağır ölüm-dirim savaşından zəfərlə, üzüağ çıxardıb.
Elmin Bayramov oktyabr ayının 6-da Füzuli istiqamətində gedən döyüşlərə müqəddəs Şuşaya tezliklə zəfər bayrağı sancmaq inamı ilə qatılıb. Təəssüf ki, bu onun müharibə meydanında son savaşı olub. Düşmən gülləsi Elminin arzularla dolu ürəyinə dəyib. Vətən yolunda canından keçən Biləsuvar elinin qəhrəman oğlu milyonların ürəyində özünə əbədi məkan qurub.
Bəli, Elmin Bayramovun həyatı olduqca qısa oldu. O, Azərbaycan və dünyanın hər tarixinə qızıl hərflərlə yazılan 44 günlük haqq savaşında qazanılan qələbəmizin qəhrəmanlıq simvoluna çevrildi. İndi bütün xalq onunla fəxr edir. Qərinələr ötsə, nəsillər bir-birini əvəz etsə belə Elmin heç vaxt unudulmaz...
Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü