10:18
616
“ABŞ ilə İran arasında əldə olunan iki həftəlik atəşkəs hərbi toqquşmanın sonu deyil, onun siyasi mərhələyə keçidi kimi qiymətləndirilməlidir. “Kim qalib gəldi?” sualına birmənalı cavab vermək çətindir. Çünki tərəflərin rəsmi ritorikası ilə real nəticələr arasında ciddi fərq var. Vaşinqton bunu hərbi təzyiq nəticəsində İranı geri addım atmağa məcbur edən proses kimi təqdim edir, Tehran isə rejimin dağılmamasını və danışıqlar masasından kənarlaşdırılmamasını strateji qələbə kimi göstərir. Reallıqda isə nə ABŞ öz maksimal hədəflərinə nail olub, nə də İranın irəli sürdüyü geniş şərtlər paketi razılaşmanın real məzmununu əks etdirir”.
Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva bildirib.
Politoloqun sözlərinə görə, münaqişənin gedişi göstərdi ki, hərbi üstünlük siyasi nəticəni avtomatik təmin etmir: “ABŞ İranın davranışını köklü şəkildə dəyişdirə bilmədi, İran isə ağır zərbələrə baxmayaraq geri çəkilmədən deyil, daha ağır ssenaridən yayınmaq üçün atəşkəsə razılaşdı. Bu mənada tərəflərin hər biri öz ictimaiyyətinə fərqli “qələbə hekayəsi” təqdim edir, amma faktiki vəziyyət qarşılıqlı məhdudlaşdırılmış nəticədir”.
O əlavə edib ki, atəşkəsin əsas məntiqi xüsusilə Hörmüz boğazı ətrafında formalaşdı, çünki İranın bu xətt üzərindən yaratdığı təzyiq qlobal iqtisadi riskə çevrildi və ABŞ-nin prioritetlərini dəyişdi: “Vaşinqton üçün əsas məqsəd enerji axınının təhlükəsizliyini təmin etmək oldu, Tehran üçün isə bu rıçağı tam itirməmək. Buna görə də tərəflər münaqişəni həll etmədi, sadəcə idarəolunan həddə saldı. Danışıqların başlanması ətrafında yaranan ziddiyyətlər, İranın regional şərtlər irəli sürməsi və ABŞ-nin Hörmüzlə bağlı narazılığı atəşkəsin nə qədər kövrək olduğunu göstərir”.
Z.Qarayeva həmçinin deyib ki, Böyük Britaniya kimi aktorların enerji təhlükəsizliyi prizmasından mövqe tutması bu qarşıdurmanın artıq qlobal iqtisadi və strateji məsələ olduğunu təsdiqləyir: “Nəticə etibarilə, ABŞ üçün bu atəşkəs yarımçıq strateji nəticə, İran üçün isə bahalı, amma siyasi olaraq təqdim edilə bilən “sağqalma qələbəsi”dir. Qalibin kim olacağı isə yalnız növbəti mərhələdə, yəni diplomatik masada müəyyən olunacaq”.
Röya İsrafilova