Tramp NATO ölkələrini hədələyib
15 Aprel 23:53

Yaxın Şərq regionunda son dövrlərdə müşahidə olunan kəskin geosiyasi gərginlik qlobal təhlükəsizlik arxitekturası və enerji bazarlarının sabitliyi üçün ciddi çağırışlar yaradıb. Xüsusilə strateji əhəmiyyətə malik Hörmüz boğazı ətrafında baş verən proseslər dünya iqtisadiyyatının ən həssas nöqtələrindən birini yenidən gündəmə gətirib. Qlobal neft və qaz daşımalarının mühüm hissəsinin bu marşrutdan keçməsi səbəbilə bölgədə hər hansı hərbi-siyasi eskalasiya dərhal beynəlxalq bazarlara təsir göstərir və enerji qiymətlərində dalğalanmalara səbəb olur.
ABŞ və İran arasında münasibətlərin gərginləşməsi, qarşılıqlı siyasi və hərbi bəyanatların sərtləşməsi, həmçinin enerji infrastrukturuna dair risklərin artması vəziyyətin daha da mürəkkəbləşdiyini göstərir. Bu proseslər təkcə regional aktorları deyil, eyni zamanda qlobal gücləri və enerji istehlakçısı olan böyük dövlətləri də birbaşa maraqlandırır.
Mövzu ilə bağlı Milli Məclisin mütəxəssislər “Xalq Cəbhəsi”nə açıqlamalarında Hörmüz boğazı ətrafında formalaşan gərginliyin səbəblərini, mümkün inkişaf ssenarilərini və bunun dünya iqtisadiyyatı ilə yanaşı beynəlxalq münasibətlər sisteminə təsirlərini geniş şəkildə şərh ediblər.
"Hörmüz boğazı İranın əsas strateji kartıdır"
Milli Məclisin deputatı Naqif Həmzəyev “Xalq Cəbhəsi”nə açıqlamasında söyləyib ki, 28 fevral 2026-cı ildən etibarən ABŞ və İsrail tərəfindən İran-a qarşı başladılan hava əməliyyatları və ölkənin ali rəhbəri Əli Xamenei-nin öldürülməsi Yaxın Şərqdə vəziyyəti kəskin şəkildə gərginləşdirib.
Deputatın sözlərinə görə, bu hadisələrdən sonra İran SEPAH vasitəsilə Hörmüz boğazı üzərində faktiki nəzarəti gücləndirib, gəmi hərəkətinə məhdudiyyətlər tətbiq edib, hücumlar həyata keçirib və boğazın minalanması ilə bağlı bəyanatlar səsləndirib: “12 aprel 2026-cı ildə Pakistan-da keçirilən danışıqların nəticəsiz qalmasından sonra Donald Trump ABŞ-ın Hörmüz boğazına dəniz blokadası tətbiq edəcəyini açıqlayıb.
Bu qərar qlobal enerji bazarlarına dərhal təsir göstərdi. ABŞ xam neftinin qiyməti 8 faiz artaraq 104,24 dollara, Brent nefti isə 7 faiz bahalaşaraq 102,29 dollara yüksəldi. Bu, bir daha göstərir ki, Hörmüz boğazında baş verən hər hansı gərginlik qlobal iqtisadiyyata birbaşa təsir edir. Böhrandan əvvəl Hörmüz boğazından dünya üzrə dəniz yolu ilə daşınan neftin 25 faizi və maye təbii qazın 20 faizi keçirdi ki, bu da regionun strateji əhəmiyyətini açıq şəkildə ortaya qoyur. ABŞ-ın tətbiq etdiyi blokada əsasən İran limanlarına yönəlmiş gəmiləri əhatə etsə də, praktikada bu ayrımın tətbiqi kifayət qədər çətin görünür. Xüsusilə Çin, Hindistan və Pakistan kimi ölkələrin gəmilərinin bu marşrutdan istifadə etməsi əlavə geosiyasi gərginlik yarada bilər.
ABŞ-ın bu addımı İran tərəfindən müharibə aktı kimi qiymətləndirilir və bu da eskalasiyanın daha da artmasına səbəb ola bilər.İran tərəfi bu addımı beynəlxalq sularda gəmilərin hərəkətinə qoyulan qeyri-qanuni məhdudiyyət, hətta piratlıq aktı kimi dəyərləndirir. Bu isə vəziyyətin daha təhlükəli mərhələyə keçə biləcəyini göstərir.
Hazırkı şəraitdə vəziyyətin inkişafı üç əsas ssenari üzrə mümkün görünür.
Birinci ssenariyə görə, İran nüvə proqramı ilə bağlı kompromisə gedə və Hörmüz boğazı açılar. İkinci halda qarşılıqlı blokada davam edər, neft qiymətləri yüksək səviyyədə qalmaqda davam edər və qlobal iqtisadiyyata təzyiq artar. Üçüncü və ən riskli ssenari isə hərbi qarşıdurmanın yenidən genişlənməsi və boğazın tam bağlanmasıdır ki, bu da 1973-cü il neft böhranından daha ağır nəticələrə gətirib çıxara bilər”.
Naqif Həmzəyev qeyd edib ki, mövcud vəziyyətdə Hörmüz boğazına nəzarət İran üçün əsas strateji rıçaq olaraq qalır və böhranın gələcək inkişaf trayektoriyası məhz bu amildən asılı olacaq.
“ABŞ-ın addımları qlobal böhranı dərinləşdirir”
Politoloq Elçin Xalidbəyli bildirib ki, Tramp administrasiyasının son addımları qlobal miqyasda ciddi problemlərin yaranmasına səbəb olub.
O qeyd edib ki, Yaxın Şərqdə genişmiqyaslı hərbi qarşıdurmanın başlanması ABŞ-ın bu prosesin nəticələrini əvvəlcədən tam hesablamadığını göstərir: “Görünən odur ki, Amerika Birləşmiş Ştatları bu savaşa başlayarkən onun yekun nəticələri barədə aydın strateji təsəvvürə malik olmayıb. Nəticədə hazırda Yaxın Şərqdə savaş bataqlığı yaranıb. Bu qarşıdurmanın əsas nəticələrindən biri qlobal enerji təhlükəsizliyinə ciddi zərbə vurmasıdır.
Savaşdan əvvəl Hörmüz boğazı açıq idi və dünya iqtisadiyyatı üçün ciddi risk yox idi. Lakin ABŞ-ın düşünülməmiş addımları nəticəsində bu strateji marşrutun bağlanması gündəmə gəlib. Üstəlik, Vaşinqtonun İran limanlarını blokadaya almaq cəhdləri vəziyyəti daha da ağırlaşdırır. Bu isə faktiki olaraq ikiqat qapanma deməkdir”.
E.Xalidbəyli vurğulayıb ki, belə bir ssenari dünya bazarlarında enerji resurslarının azalmasına və ciddi iqtisadi sarsıntılara yol aça bilər: “Enerji axınının məhdudlaşması qlobal iqtisadiyyat üçün sarsıdıcı zərbədir və eyni zamanda hərbi-siyasi gərginliyi daha da dərinləşdirə bilər. Proseslər böyük güclər arasında qarşıdurmanı da gücləndirir.
Bu məsələdə Çinin ciddi maraqları var. Çin İran neftinin əsas idxalçılarından biridir və nə Hörmüz boğazının bağlanmasında, nə də İran limanlarının qapadılmasında maraqlıdır. ABŞ-ın bu addımları Vaşinqton-Pekin münasibətlərində gərginliyi daha da artıracaq”.
Politoloq hesab edir ki, baş verənlər qlobal sabitlik üçün ciddi təhdid yaradır: “Nəticə etibarilə bu siyasət dünyada sülh və sabitliyə növbəti zərbədir. Bu tendensiya davam edərsə, qlobal qarşıdurma və xaos üçün daha münbit şərait formalaşa bilər”.
Günel Elxan