Tramp NATO ölkələrini hədələyib
15 Aprel 23:53

Çingiz Şahbazi: “NATO-nun zəifləməsi və transformasiyası ehtimalı çox yüksəkdir”
Aydın Tağıyev : “O, alyansı ABŞ üçün “etibarsız tərəfdaş” adlandırır”
ABŞ Prezidenti Trampın ölkəsinin NATO-dan çıxacağı ilə bağlı iddiaları gündəmi dəyişib. Beləki , o, NATO ölkələrini Hörmüz boğazı ilə bağlı dəstək vermədikləri üçün alyansı tərk etməklə hədələyib. “Axios” nəşri yazıb ki, ABŞ Prezidenti Donald Tramp təkbaşına NATO-dan çıxa bilməz, lakin yenə də İranla müharibəsini dəstəkləməyən müttəfiqləri tənqid etməklə münasibətləri korlaya bilər.
Nəşr qeyd edir ki, 1949-cu ildən bəri ABŞ transatlantik alyansın əsasını təşkil edir, lakin ekspertlər xəbərdarlıq edirlər ki, Donald Trampın ritorikası və davranışı, ABŞ NATO üzvü olaraq qalsa belə, alyans daxilində qarşılıqlı etimadı sarsıda bilər. “Bir çox avropalı artıq yaxşı anlayır və narahatdır ki, ABŞ NATO-da qalsa belə, ona tam güvənmək olmaz”, – deyə Birmingem Universitetinin professoru Mark Vebber nəşrə müsahibəsində bildirib. Vurğulanıb ki, Tramp nə qədər qəzəbli olsa da, 2023-cü il qanununa əsasən, o, Konqresin razılığı olmadan NATO-dan çıxa bilməz.
Amerikalı jurnalist Aleks Cons isə ABŞ Prezidenti Donald Trampın demensiya xəstəliyindən (yaddaş pozğunluğu) əziyyət çəkdiyini iddia edib. O, bu barədə Teleqram kanalında yazıb.
"Hər gün beş-altı dəfə belə ifadələr eşidirəm: 'Biz qalib gəldik, bitdi. Xeyr, bu vəziyyət əbədi davam edəcək. Mən heç vaxt onların Hörmüz boğazına sahib olmasına icazə verməyəcəyəm. Bəli, biz boğazdan imtina edirik. Mən NATO-dan çıxacağam. Biz NATO-da qalacağıq'”, - deyə o bildirib. Jurnalist əlavə edib ki, demensiyası olan insanlar məhz belə davranırlar.
Niderland Silahlı Qüvvələrinin komandanı general Onno Ayxelsxaym Donald Trampın NATO ilə bağlı açıqlamalarını tənqid edərkən bildirib ki, alyansa sadiqliklə bağlı açıq şübhələr onun birliyinə zərər verir.
“Bizim ən güclü çəkindirmə vasitəmiz birlik kimi görünən bir alyansdır. Bu cür bəyanatlar buna kömək etmir”, – deyə Ayxelsxaym söyləyib.
Buna baxmayaraq, general ABŞ-ın müttəfiqlər qarşısında öhdəliklərini yerinə yetirəcəyinə əminliyini ifadə edib: “Əgər biz kömək istəsək, onlar bunu təmin edəcəklər”.
Rusiyalı senator Aleksey Puşkov da deyib ki, ABŞ Prezidenti Donald Trampla AB ölkələri arasında fikir ayrılığının səviyyəsi o qədər böyükdür ki, Vaşinqtonun NATO-da iştirakının dondurulması mümkündür.
Puşkovun fikrincə, bəzən dünya siyasətində inanılmaz görünən, lakin əslində dərin səbəblərin birləşməsinə əsaslanan hadisələr baş verir: "ABŞ-ın NATO-dan çıxması belə inanılmaz olaylardan biridir. Bu nəticəyə Tramp və AB ölkələri arasında siyasi, ideoloji, iqtisadi və dəyər fərqləri təkan verir. Tam çıxış olmasa, o zaman ABŞ-ın NATO-da iştirakının dondurulması və alyansın maliyyələşdirilməsinin dayandırılması qeyri-mümkün zonadan mümkün zonaya keçir".
“Politiko” yazır ki, ABŞ Prezidenti Donald Trampın NATO üzrə müttəfiqlərinə qarşı qəzəbi – onların İrana qarşı müharibəyə qoşulmaqdan imtina etməsinə görə hələlik bir nəticə verib: NATO ölkələrini ona qarşı birləşdirib.
Nəşrin qeyd etdiyi kimi, Brüssel və digər şəhərlərdə keçirilən qeyri-rəsmi görüşlərdə, şam yeməklərində və kulislərdə Avropa liderləri və hökumət rəsmiləri Trampın NATO-dan çıxmaq təhdidlərinə necə reaksiya verəcəklərini və bu təhdidlər reallaşarsa, nə edəcəklərini müzakirə edirlər.
“Mövcud vəziyyətdə onlar belə bir qaranlıq qənaəti bölüşürlər ki, Trampın Böyük Britaniya, İspaniya, Fransa və digər ölkələrə qarşı getdikcə daha aqressiv hücumları transatlantik ittifaqda fundamental bir qırılmaya işarə edir”, – məqalədə deyilir.
Bildirilir ki, yekun qərarın necə olacağı hələ dəqiq olmasa da, bəzi ölkələr artıq NATO-nun mümkün dağılmasını nəzərə alaraq müdafiə və təhlükəsizlik sahəsində sazişlərini genişləndirməyə çalışırlar.
“NATO iflic vəziyyətdədir, onlar hətta iclaslar keçirə bilmirlər. Aydındır ki, NATO artıq dağılır”, – bunu adı açıqlanmayan bir avropalı diplomat nəşrə bildirib.
AB nümayəndəsi isə hesab edir ki, Avropa təcili şəkildə öz müdafiəsini gücləndirməlidir: “Biz təşkilatın tamamilə yox olmasını gözləyə bilmərik”.
Mövzu ilə bağlı qəzetimizə danışan politoloq politoloq Çingiz Şahbazi deyib ki, Trampın NATO ilə bağlı narazılığı yeni deyil və bir neçə əsas səbəbə dayanır. Tramp dəfələrlə bildirib ki, NATO ölkələrinin çoxu müdafiə xərcləri üzrə öhdəliklərini yerinə yetirmirlər. NATO qaydasına görə üzv ölkələr, ÜDM-nin ən azı 2 faizini müdafiəyə ayırmalıdır. Trampın fikirinə görə NATO-da əsas yük ABŞ-nın boynuna atılıb və bu üzv ölkələr tərəfindən ABŞ-a qarşı ədalətsizlikdir. Trampın bu yanaşması, ABŞ daxilində də dəstək görür və bu istiqamətdə Tramp, ölkənin bir çox dairələrində alqışlanır. Trampın NATO-nun 5-ci maddəsinə (Kollektiv müdafiə prinsipi) skeptik yanaşması var. Tramp deyir ki, üzv ölkələr öhdəlikləri yerinə yetirmirsə, ABŞ onları avtomatik olaraq müdafiə etməməlidir və Trampa görə bu NATO-nun əsas fəlsəfəsinə zidd yanaşmadır. Digər tərəfdən isə Trampın ABŞ-ı NATO-dan təkbaşına çıxartmaq kimi bir qərar vermə səlahiyyəti sual altındadır. ABŞ Konqresi bu məsələdə böyük rol oynayır və artıq belə addımları məhdudlaşdıran qanun layihəsi təşəbbüsləri var: “Yəni praktik baxımdan belə bir addımın atılması mümkün görünmür. Əlbəttə ki ABŞ NATO-da ən böyük hərbi gücüdür. Əgər ABŞ NATO-dan çıxarsa, NATO faktiki olaraq ilk növbədə maliyyə baxımından zəifləyər və yüksək ehtimalla kağız üzərindəki ittifaqa çevrilər. Avropa İttifaqında bunu anlayan ölkələr var və onlar Avropanın təhlükəsizliyini yenidən qurmaq üçün ayrıca hərbi sistem üzərində düşünürlər və bu istiqamətdə Almaniya və Fransa daha çox aktivlik göstərirlər. ABŞ-ın NATO-dan çıxması Rusiya və digər güclər üçün fürsət ola bilər. Rusiya NATO-nun zəifləməsindən istifadə etmək imkanı qazanar və belə bir vəziyyət onun üçün strateji üstünlük verəcək. Hətta Şərqi Avropa ölkələrinin bir çoxu Rusiya tərəfindən işğal edilə bilər, ehtimalı var. Belə bir vəziyyət onlar üçün böyük risk daşıyır. Qlobal güc balansına öz təsirini göstərəcək. Rusiya və Çin kimi ABŞ da təkbaşına hərəkət edən ölkə olaraq gücə çevriləcək. Əlbəttə ki ABŞ və Avropa İttifaqı arasında etimadın zəifləməsi ilk növbədə Rusiya və Çinin təsirini gücləndirir və NATO daxilində parçalanma riskini artırır. Bu baxımdan Tramp NATO-nu dağıtmaq istəmir, amma içəridən zəiflətmə siyasəti aparır. Həmçinin Trampın NATO ilə bağlı manipulyasiya cəhdləri, Avropanın ABŞ-dan asılılığı azaltmaq istəyinə qarşı atılan addım kimi də qiymətləndirmək olar. Biz bir çox məsələlərdə Trampın, ABŞ-ın qlobal strategiyasının yenidən qurulması istiqamətində atdığı addımların şahidi oluruq. NATO da bu istiqamətdə Trampın yürütdüyü siyasətin mərkəzində yer alır. Hesab edirəm ki ABŞ-ın NATO-dan çıxması yaxın gələcəkdə, xüsusilə də indiki vaxtda baş verməyəcək. Amma, NATO-nun zəifləməsi və transformasiyası ehtimalı çox yüksəkdir və real görünür”.
Politoloq Aydın Tağıyev isə deyib ki, Donald Trampın bəyanatlarından görünən odur ki, müharibədə dəstək aımadığı üçün NATO ilə münasibətləri gərginləşib. O, alyansı ABŞ üçün “etibarsız tərəfdaş” adlandırır və dəfələrlə ölkəni NATO-dan çıxarmaqla hədələyib. O, NATO-nu “kağız pələng” adlandıraraq, ABŞ olmadan alyansın gücsüz olduğunu iddia edib. Lakin ABŞ-ın faktiki olaraq NATO-dan çıxması hüquqi və siyasi baxımdan çox çətin görünür, çünki senatın üçdə iki səs çoxluğu tələb olunur, qarşıda seçkilər var və ciddi rəqibi olan Respublikaçılar Partiyası da bu addımı atmaz hesab edirəm: “Əgər belə bir addım atılsa, bu Avropanın təhlükəsizlik arxitekturasını sarsıdar və Rusiyanın mövqelərini gücləndirər bu da ABŞ-yə sərf etmir. Ən az ehtimal, ABŞ NATO-dan çıxdığı halda Avropadakı hərbi bazaların statusu, kollektiv müdafiə öhdəlikləri və transatlantik münasibətlər ciddi böhran yaşaya bilər. Bu mövzu sözdə asan görünsə də, prosessdə qarma-qarşıq və həlli mümkünsüz bir prosessdir”.
Cavid